Azərbaycanın təşəbbüsü
ilə BMT 21 martı Beynəlxalq Novruz Günü elan etmişdir
Azərbaycanın BMT yanında daimi nümayəndəliyindən AzərTAc-a verilən xəbərə görə, xalqımızın əziz bayramı Novruzun BMT Baş Məclisi tərəfindən beynəlxalq gün kimi tanınması məqsədi ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən müvafiq qətnamə layihəsi hazırlanmış və ölkəmizin BMT yanında daimi nümayəndəliyinə digər dövlətlərlə razılaşdırılması və onun BMT-də qəbulunun təmin edilməsi üçün təqdim edilmişdir. Bu məqsədlə, daimi nümayəndəlik tərəfindən müəyyən müddət ərzində təbliğat-təsviqat işləri aparılmış və bir sıra görüşlər keçirilmişdir.
Fevralın 23-də BMT Baş Məclisinin 64-cü sessiyası gündəliyinin "Sülh mədəniyyəti" adlı, 49-cu bəndinə müvafiq olaraq, Azərbaycanın təsəbbüsü ilə irəli sürülmüş və Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə, Albaniya, Hindistan və Makedoniyanın həmmüəllifi olduğu "Beynəlxalq Novruz Günü" adlı qətnamə layihəsinin Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev tərəfindən təqdimatı keçirilmişdir.
Azərbaycan səfiri Novruz bayramının qeyd edilməsinin tarixi, onun nəinki Azərbaycanda, o cümlədən Balkanlarda, Qara dəniz hövzəsi ölkələrində, Qafqazda, Orta Asiyada və Yaxın Şərqdə ümumilikdə üç yüz milyon insan tərəfindən təntənəli şəkildə üç min ildən artıq bir müddət ərzində qeyd edilməsi barədə məlumat vermişdir. Bayramın mahiyyətinin mehriban qonşuluq, qarşılıqlı hörmət, dözümlülük kimi qədim adət-ənənələri əks etdirdiyini vurğulayan səfir, eyni zamanda, beynəlxalq əməkdaşlığın inkişafında mühüm rol oynadığını BMT-yə üzv dövlətlərin nümayəndələrinin diqqətinə çatdırmışdır.
A.Mehdiyev mədəniyyətlərarası dialoqun və anlaşmanın, həmçinin xalqlar arasında dözümlülüyün, mehriban qonşuluğun və həmrəyliyin təşviq edilməsi məqsədi ilə Novruz bayramının, yəni 21 mart tarixinin Beynəlxalq Novruz Günü kimi tanınmasının əhəmiyyətini vurğulamış və BMT-yə üzv dövlətləri qətnamənin qəbul edilməsinə çağırmışdır.
İclasın sonunda qətnamə yekdilliklə qəbul olunmuşdur.
Qətnaməyə əsasən, BMT Baş Məclisi Novruz bayramının Şərq və Qərb mədəniyyətlərinin xüsusiyyətlərini, əməkdaşlıq və həmrəylik ideallarını özündə ehtiva etdiyini nəzərə alaraq, dövlətlər arasında bundan sonra da geniş həmrəylik, yüksək hörmət və ehtiramı təşviq etmək məqsədi ilə martın 21-ni Beynəlxalq Novruz Günü kimi tanıyır, BMT-nin üzvü olan dövlətlərin Novruz ilə bağlı məlumatlılığının artırılması üçün səy göstərməyə çağırır. Eyni zamanda, BMT-nin üzvü olan dövlətləri və BMT-ni, xüsusilə onun ixtisaslaşdırılmış orqanlarını, fondlarını, proqramlarını, həmçinin məsələ ilə maraqlanan digər beynəlxalq və regional təşkilatları, eləcə də qeyri-hökumət təşkilatlarını Novruz bayramını keçirən dövlətlərin təşkil etdikləri təntənəli mərasimlərdə iştirak etməyə dəvət edir.
Şəfəq AKİFQIZI,
AzərTAc-ın xüsusi müxbiri
Nyu-York
Azərbaycan.- 2010.-25
fevral.- S. 1.