Azərbaycanın hökumət nümayəndə heyəti Macarıstanda səfərdə olmuşdur

 

Azərbaycan-Macarıstan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının üzvlərindən ibarət nüfuzlu nümayəndə heyəti fevralın 22-də və 23-də Budapeştdə səfərdə olmuşdur. Nümayəndə heyətinə komissiyanın həmsədri, ölkəmizin iqtisadi inkişaf naziri Şahin Mustafayev rəhbərlik etmişdir.

Səfərin ilk günündə nümayəndə heyətinin üzvləri Macarıstan hökumətinin nümayəndələri və bu ölkənin aparıcı şirkətlərinin rəhbərləri ilə görüşlər keçirmişlər. Fevralın 23-də isə Hökumətlərarası Komissiyanın macarıstanlı üzvləri ilə görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərinə dair fikir mübadiləsi aparılmış, əlaqələrin daha da genişləndirilməsi və dərinləşdirilməsi məsələləri müzakirə edilmişdir. Elə həmin gün komissiyanın həmsədrləri Macarıstan ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətlərini əks etdirən protokol imzalamışlar. Macarıstanın İqtisadiyyat Nazirliyində keçirilmiş imzalama mərasimində Azərbaycanın Macarıstandakı səfiri Həsən Həsənov iştirak etmişdir.

Protokol imzalandıqdan sonra Hökumətlərarası Komissiyanın Azərbaycandan olan həmsədri Şahin Mustafayev çıxış etmişdir. O bildirmişdir ki, Azərbaycanda Avropa İttifaqı ilə, o cümlədən Macarıstanla iqtisadi əlaqələrin genişləndirilməsinə çox böyük diqqət yetirilir. İki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri buna sübutdur. Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev iki dəfə Macarıstanda olmuşdur - 2008-ci ildə rəsmi səfərdə, 2009-cu ildə isə Nabukko layihəsinə həsr edilmiş sammit çərçivəsində. Macarıstanın Baş naziri də iki dəfə Azərbaycanda olmuşdur. Bu səfərlər çərçivəsində imzalanmış çoxsaylı sazişlər və müqavilələr ilk növbədə qarşılıqlı iqtisadi əlaqələrin genişlənməsi üçün möhkəm təməl yaratmışdır. Ş.Mustafayev demişdir: "Bu gün Hökumətlərarası Komissiyanın imzaladığı protokol ölkələrimiz arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərini əks etdirən genişəhatəli bir sənəddir. Əməkdaşlığın əsas istiqamətləri energetika, kənd təsərrüfatı, informasiya texnologiyaları və alternativ enerji mənbələri ilə bağlıdır. Protokol Macarıstan ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin artmasında ifadə olunan bugünkü reallıqları əks etdirir".

Bununla bərabər, Ş.Mustafayev qeyd etmişdir ki, bugünkü göstəricilər bu sahədə mövcud potensialı tam əks etdirmir.

Azərbaycan nümayəndə heyətinin başçısı sonda demişdir: "Buna görə də biz mövcud güclü potensialı reallaşdırmaq üçün əməkdaşlığı genişləndirməliyik. İmzalanmış protokol da məhz bu məqsədə xidmət edir".

Hökumətlərarası Komissiyanın növbəti iclası gələn il olacaqdır. Həmin iclasda Macarıstan ilə Azərbaycan arasında genişlənməkdə olan iqtisadi əməkdaşlığa ilkin yekun vurulması nəzərdə tutulur.

 

 

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

Berlin

 

Azərbaycan.- 2010.-25  fevral.- S. 2.