Azərbaycan şəhərləri
əfsanələr, folklor və sənətkarlıq
paytaxtları elan olunmuşdur
Mədəniyyət və Turizim Nazirliyinin "2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları" proqramına əsasən, "Gəncə - Azərbaycanın əfsanələr paytaxtı-2010", "Qazax - Azərbaycanın folklor paytaxtı-2010" və "Şəki - Azərbaycanın sənətkarlıq paytaxtı-2010" elan edilmişdir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fevralın 24-də bu münasibətlə mətbuat konfransı keçirmişdir.
Son illər ölkəmizdə mədəniyyət və incəsənət sahəsinin inkişafı istiqamətində reallaşdırılan layihələrdən danışan Ə.Qarayev, Azərbaycanın ev sahibliyi ilə bir çox mühüm beynəlxalq mədəni tədbirlərin keçirildiyini diqqətə çatdırmışdır.
Bildirilmişdir ki, "Bakı - İslam mədəniyyətinin paytaxtı-2009" mədəniyyət ili çərçivəsində keçirilmiş silsilə tədbirlər Azərbaycanı bütün dünyada bir daha tanıtmışdır. Bu tədbirlər İSESKO tərəfindən yüksək qiymətləndirilmişdir. Tədbirlərdə, demək olar ki, bütün İslam ölkələri yaxından iştirak etmişlər.
Əbülfəs Qarayev demişdir ki, Azərbaycan aşıq sənəti və Novruz bayramının YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilməsi bizim üçün imkanlar yaratmışdır. Biz bu istiqamətdə işlərimizi bundan sonra da davam etdirəcəyik.
Nazir YUNESKO ilə əlaqələrin daha da genişlənməsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi vurğulamışdır.
Bildirilmişdir ki, dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti sahəsindəki təcrübəsi nəzərə alınmaqla, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irsinin (diyarşünaslıq, folklor, sənətkarlıq) qorunması və dəstəklənməsi istiqamətində islahatlara başlanılmışdır. Hazırda nazirlik tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irs konsepsiyası, abidələrin dövlət reyestri, inventar pasportlaşdırılması, "Muğam-tur, aşıq-tur, xalça-tur və Novruz-tur beynəlxalq mədəni-turizm marşrutlarının yaradılması" və digər proqramlar, layihələr üzərində iş aparılır.
Əbülfəs Qarayev vurğulamışdır ki, Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, dəstəklənməsi, xalq yaradıcılığının təbliği və təşviqi istiqamətində aparılan islahatların davamı olaraq Mədəniyyət və Turizm Nazirliyi "2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları" proqramını təsdiq etmişdir. Proqramın icrası ilə əlaqədar diyarşünaslıq, folklor və sənətkarlıq nominasiyaları üzrə daxil olmuş təkliflər müvafiq namizəd şəhərlərin ümumi hazırlığı, tarixi ənənələri və digər amillər nəzərə alınmaqla təhlil edilmiş, cari il üçün Gəncə, Qazax və Şəki müxtəlif sahələr üzrə paytaxt şəhərlər seçilmişlər.
Məsələ ilə əlaqədar təsdiq olunmuş ilkin tədbirlər planına əsasən, Gəncə, Şəki və Qazax şəhərlərində keçiriləcək tədbirlərin yüksək səviyyədə təşkili üçün təşkilat komitələri yaradılmış və müvafiq şəhərlərin gerbləri əsasında loqotiplər hazırlanmışdır.
Hazırda loqotiplərin əks olunduğu lövhələrin, banerlərin, çap məhsullarının hazırlanması və yerləşdirilməsi istiqamətində iş aparılır. Eyni zamanda, Azərbaycanın xalq yaradıcılıq paytaxtları elan edilmiş şəhərlərdə təntənəli mərasimlər təşkil olunacaqdır.
Bundan əlavə, Gəncə, Şəki və Qazax şəhərlərində nominasiyaya uyğun olaraq cari ildə incəsənət, kinematoqrafiya, turizm, nəşriyyat, reklamın təşkili, informasiya, elm və təhsil və digər profilli tədbirlərin, investisiya və texniki proqram layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.
2010-cu ildə nominasiya üzrə Gəncə şəhərində milli mərasim, adət-ənənələr, şifahi xalq yaradıcılığı və milli oyunlar, Qazaxda xalq musiqisi, rəqsləri və teatrı, Şəki şəhərində isə xalq tətbiqi sənəti, ənənəvi dekorativ sənəti və milli təsviri sənət ənənələri ilə bağlı silsilə tədbirlər keçiriləcəkdir.
Mətbuat konfransında
jurnalistləri maraqlandıran suallar
cavablandırılmışdır.
AzərTAc
Azərbaycan.- 2010.-25
fevral.- S. 2.