Litva parlamentində
Xocalı soyqırımı
ilə bağlı tədbir keçirilmişdir
Azərbaycanın Litvadakı səfiri Nairə Şahtaxtinskayanın verdiyi məlumata görə, fevralın 24-də Litva Seymində səfirliyimizin təşəbbüsü və Demokratik Siyasət İnstitutunun dəstəyi ilə Xocalı soyqırımı ilə bağlı tədbir təşkil edilmişdir. Tədbirdə Litva siyasi dairələrinin nümayəndələri, bu ölkənin deputatları ilə yanaşı, ictimaiyyətin nümayəndələri, gənclər və tələbə təşkilatlarının fəalları, diaspor cəmiyyətlərinin üzvləri iştirak etmişlər.
Litvanın mötəbər və nüfuzlu təşkilatlarından sayılan Demokratik Siyasət İnstitutunun rəhbəri, Seymin üzvü Mantas Adomenas çıxışında Xocalı soyqırımı ilə bağlı Litva ictimaiyyətində az məlumat olduğunu, Vilnüsdə Azərbaycan səfirliyinin açılmasından sonra bu sahədə xeyli iş görüldüyünü qeyd etmişdir. O, dinc azərbaycanlılara qarşı törədilən Xocalı soyqırımını Serebrennitsa qətliamı ilə eyniləşdirmiş, etnik təmizləmə siyasətini pisləmişdir.
Litva Seymində Azərbaycanla dostluq qrupunun rəhbəri Egidiyus Vareikis Ruandada, Syerra-Leonedə törədilən qətliamların Xocalı soyqırımı ilə eyni olduğunu bildirmiş, buna baxmayaraq, beynəlxalq müstəvidə Xocalı qətliamına hüquqi qiymət verilməsinin gecikdiyinə diqqəti yönəltmişdir. Litvalı deputat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, xəritələrlə Dağlıq Qarabağ bölgəsinin Ermənistanla heç bir sərhədi olmadığını, hazırda Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğunu qeyd etmişdir. E.Vareikis "Karabaxskiy genosid: obreçennıy Xodjalı" kitabını təqdim edərək, orada olan sənədləri göstərmiş, törədilən vəhşilikləri əks etdirən faktları sadalamışdır.
Litvanın nüfuzlu qurumlarından olan Soyqırım İnstitutunun sabiq direktoru, deputat Dalia Kuodite çıxışında, Litva xalqının da uzun illər genosidə məruz qaldığı üçün azərbaycanlıların faciəsini yaxşı başa düşdüklərini bildirmiş, dünyanın istənilən yerində insanlığa qarşı törədilən vəhşiliklərə biganə qalmamağa çağırmışdır.
Litvadakı azərbaycanlı gənclər adından çıxış edən Necla Ayvazi Xocalı soyqırımı haqqında geniş məlumat vermiş, ermənilərin azərbaycanlılara qarşı törətdikləri etnik təmizləmə siyasətindən danışmışdır. O, beynəlxalq ictimaiyyəti Ermənistanın cinayətkar hərəkətlərini qətiyyətlə pisləməyə çağırmışdır.
Sonra deputat M.Adomenas "Xocalı soyqırımı: hadisə yerindən video filmi" təqdim edərkən filmin müəllifi, jurnalist Çingiz Mustafayevin öz vəzifə borcunu yerinə yetirərkən ermənilər tərəfindən öldürüldüyünü iştirakçıların nəzərinə çatdırmışdır.
Bundan başqa, "Salnamə" studiyasında hazırlanan "Dua" filmi də nümayiş olunmuşdur.
"Xocalıya ədalət" beynəlxalq kampaniyasının Litva üzrə əlaqələndiricisi Eva Lukaşeviciute kampaniyasının Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri, İslam Konfransı Təşkilatının mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunduğunu demişdir. O, dünyanın 33 ölkəsində keçirdikləri tədbirlərdən danışmış, fevralın 26-da Vilnüsün mərkəzində "Xocalıya ədalət" kampaniyası çərçivəsində təşkil olunacaq aksiya barədə məlumat verərək iştirakçıları bu tədbirə dəvət etmişdir.
Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Qarabağ həqiqətləri" toplusu, müxtəlif əyani vəsaitlər, həmçinin səfirlik tərəfindən Litva və ingilis dillərində xüsusi hazırlanmış çap nümunələri sərgilənmişdir.
Seymdə Xocalı faciəsinə həsr olunmuş fotosərgi təşkil edilmişdir. Burada, səfirlik tərəfindən hazırlanmış fotostendlər nümayiş etdirilmiş, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini əks etdirən irihəcmli xəritə, plakat və s. şəkillər təqdim olunmuşdur.
Bundan başqa, Litvadakı səfirliyimizin Xocalı faciəsi ilə bağlı hazırladığı məlumat Litvanın dövlət qurumlarına, bu ölkədəki diplomatik korpusa, nüfuzlu təşkilatlara göndərilmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 25 fevral.- S. 2.