"Xocalıya
ədalət" musiqi
manifestinin təqdimatı
keçirilmişdir
Heydər Əliyev Fondu, Gənclər və İdman Nazirliyi, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Təşkilatının Gənclər Forumunun birgə təşkilatçılığı ilə "Xocalıya ədalət" musiqi manifestinin təqdimat mərasimi keçirilmişdir. Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, İslam Konfransı Təşkilatının Gənclər Forumunun baş katibi Elşad İsgəndərov, millət vəkilləri Rövşən Rzayev, Qənirə Paşayeva, Fuad Muradov, Hadi Rəcəbli, "İrəli" İctimai Birliyinin sədri Ceyhun Osmanlı çıxış etmişlər.
Natiqlər bildirmişlər ki, Azərbaycan xalqı Xocalı qurbanlarının xatirəsini daim yad edir və bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün dövlətimiz bütün imkanlardan geniş istifadə edir. Məhz ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra bu soyqırım aktı öz siyasi qiymətini almışdır. 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi fevralın 26-nı "Xocalı Soyqırımı Günü" elan etməsi barədə qərar qəbul etmişdir.
Çıxış edənlər həmçinin əlavə etmişlər ki, XX əsrin sonunda Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı olan Xocalı faciəsi tariximizin ən acı səhifəsi kimi gənclərimizin vətənpərvərlik tərbiyəsində mühüm rol oynamalıdır. Gənclər tarixdən nəticə çıxarmalı, gələcəkdə bu kimi faciələrin bir daha baş verməməsi üçün daha mübariz olmalıdırlar. Xocalı faciəsinin və bütövlükdə ermənilərin Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin konkret tarixi faktlarla gənclərimizin diqqətinə çatdırılması hər bir dövlət orqanının ümdə borcu və vəzifəsi olmalıdır.
"Xocalıya ədalət" rep üslubunda yazılmış mahnının klipinin süjet xətti rejissor Fuad Əlişova məxsusdur. Aranjemanı tanınmış amerikalı səs rejissoru, 3 dəfə "Qremmi" mükafatı laureatı olmuş Qordon Vilyams tərəfindən işlənmiş və amerikalı repçi Toni Blekman və Azərbaycanın rep qrupu "Dəyirman" tərəfindən də ifa edilmişdir.
Qordon Vilyams isə faciə barədə ətraflı
məlumat aldığı
zaman çox təsirləndiyini və onun mahiyyəti haqqında bütün dünyanın bilməsinin
vacib olduğunu qeyd etmişdir. Mahnıya çəkilən
klipin çəkilişləri
studiya şəraitində,
Şəhidlər xiyabanında
və Ağcabədi rayonunun qaçqın düşərgəsində aparılmışdır.
Mahnıda müasir rep ritmləri ilə yanaşı milli musiqimizin elementləri - muğam və balaban musiqisindən də istifadə edilmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 25 fevral.- S. 4.