Almatıda Xocalı faciəsinin ildönümü ilə əlaqədar anma mərasimi olmuşdur
Almatıdakı Azərbaycan Mədəniyyət Mərkəzi Türk Xalqları Mədəni Mərkəzi ilə birgə Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar şəhər mətbuat mərkəzində anma mərasimi keçirmişdir.
Almatıda yaşayan Azərbaycan və türk diaspor üzvlərinin, tələbələrin, qardaş qazax xalqının nümayəndələrinin, jurnalistlərin iştirak etdikləri tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, onların ruhuna dualar oxunmuşdur.
Almatıda fəaliyyət göstərən Türk Xalqları Mədəni Mərkəzinin sədri Əhməd Dağduran bu faciənin türk xalqlarının tarixində qara ləkələrdən biri olduğunu, soyqırımı günahkarlarının gec-tez öz cəzalarına çatacaqlarını bildirmişdir.
Çıxış edənlər Xocalı faciəsinin vəhşiliyinə və qəddarlığına görə bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biri olduğunu qeyd etmiş, Xocalı soyqırımına indiyədək dünya birliyi tərəfindən hüquqi-siyasi qiymət verilməməsindən təəssüfləndiklərini bildirmişlər. Xocalı soyqırımının, eyni zamanda, ermənilər tərəfindən həyata keçirilmiş digər vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması üçün səylərin artırılmasının vacibliyi vurğulanmışdır.
Tədbirdə Xocalıda ermənilərin törətdikləri vəhşilikləri əks etdirən fotosərgi və sənədli film nümayiş etdirilmişdir.
Qulu KƏNGƏRLİ,
AzərTAc-ın xüsusi
müxbiri
Almatı
Azərbaycan.- 2010.- 25 fevral.- S. 4.