Bəşər tarixinin qara səhifəsi
Fevralın 24-də Gəncliyə Yardım Fondunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Xocalı soyqırımının 18-ci ildönümünə həsr olunmuş "Xocalı faciəsi xalqımızın qan yaddaşıdır" mövzusunda tədbir keçirilmişdir.
Prezident Administrasiyasının nümayəndəsi Rasim Mirzəyev bildirmişdir ki, Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı törətdiyi ən dəhşətli cinayətdir.
Bu qanlı faciə nəticəsində Xocalı şəhəri yandırılmış, qadınlar, uşaqlar, qocalar amansızlıqla öldürülmüş, girov götürülmüş və ağlasığmaz təhqirlərə, zülmə məruz qalmışlar. Vurğulamışdır ki, Xocalı soyqırımı Azərbaycan və bütövlükdə türk dünyası üçün ən ağır faciələrdən biri olmaqla yanaşı, bəşər tarixinin qara səhifəsidir.
BŞGİBİ-nin rəisi Raqif Abbasov Xocalı faciəsini dünya ictimaiyyətinə tanıtmaq üçün bir sıra tədbirlərin həyata keçirildiyini qeyd etmişdir. Vurğulamışdır ki, bugünkü tədbirdə də beynəlxalq təşkilatların elektron ünvanlarına Xocalı faciəsinə dair 10 mindən çox məktub göndəriləcəkdir.
Tədbirdə Xocalı faciəsini əks etdirən videoçarx nümayiş etdirilmişdir.
Sonda Bakı şəhər orta ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında "Xocalı faciəsi xalqımızın qan yaddaşıdır" mövzusunda keçirilən inşa müsabiqəsinin qaliblərinə diplom və pul mükafatı təqdim edilmişdir.
AzərTAc
Azərbaycan.- 2010.-25
fevral.- S. 4.