Ermənilərin Xocalıda törətdikləri qırğın insanlığa qarşı ən dəhşətli cinayətdir

 

Fevralın 24-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının və "Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin (AMMKHM İB) təşkilatçılığı ilə Xocalı soyqırımının 18-ci ildönümünə həsr olunmuş "dəyirmi masa" keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Xocalı şəhidlərinin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

İctimai birliyin sədri professor Nadir Abdullayev tədbiri açdıqdan sonra Xocalı, Füzuli, Laçın və Şuşa rayon icra hakimiyyətlərinin nümayəndələri, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri, "Qolos Karabaxa-Voice of Karabahk" qəzetinin baş redaktoru və digərləri çıxış edərək erməni silahlılarının keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törətdikləri qırğının acı nəticələri barədə danışmış, həmin hadisələri insanlığa qarşı törədilmiş ən dəhşətli cinayət adlandırmışlar.

Bildirilmişdir ki, həmin gün 613 nəfər xüsusi amansızlıqla qətlə yetirilmiş, yüzlərlə insan yaralanmış, 8 ailə tamamilə məhv edilmiş, 21 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmiş, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür. Yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilmiş, Milli Məclis qərar qəbul etmiş, bu hadisə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olunmuş, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atılmışdır. Çıxışlarda vurğulanmışdır ki, ermənilərin təkcə Xocalı deyil, Quşçu, Ağdaban, Malıbəyli, Qaradağlı və Dağlıq Qarabağın digər bölgələrində törətdikləri vəhşiliklər barədə də məlumatlar hazırlanaraq dünya ictimaiyyətinə çatdırılmalıdır.

Sonra tədbir iştirakçıları adından BMT-yə, Avropa Şurasına, ATƏT sədrinə və Minsk qrupunun həmsədrlərinə, digər beynəlxalq təşkilatlara, eləcə də dünya ölkələrinin parlamentlərinə müraciət qəbul olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-25  fevral.- S. 4.