Böyük sənətkarın xatirə gecəsi

 

Film Fondunda xalq artisti, baletmeyster, peşəkar rəqqas Əlibaba Abdullayevin 95 illiyinə həsr olunmuş anım gecəsi keçirildi. Gecəni açan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev sənətkarın yaradıcılığından söhbət açdı. O, qeyd etdi ki, hər kəs öz xeyirxah əməlləri ilə yadda qalır, xatirələr yaşayır. Peşəkar rəqqas Əlibaba Abdullayev də belə unudulmaz sənətkarlarımızdandır.

Əlibaba Abdullayev 1936-cı ildən Azərbaycan Dövlət Filarmoniyasında rəqs ansamblının üzvü, 1941-ci ildən mahnı və rəqs ansamblında rəqs qrupunun rəhbəri, sonrakı illərdə isə baş baletmeysteri olmuşdur. Əlibaba Abdullayev xoreoqrafik təhsil almamışdır. Amma elə bil bu sənət üçün doğulmuşdur.

Gecənin aparıcısı Aydın Kazımov, rəqqası Roza Cəlilova, rejissor Elxan Qasımov və başqaları böyük sənətkarın həyat və yaradıcılıq yolundan söhbət açdılar.

Azərbaycan xalq rəqslərinin, demək olar ki, əksəriyyətinin quruluşunu Əlibaba Abdullayev verib. O, Azərbaycan bəstəkarlarının əsərləri əsasında xoreoqrafik proqramlar hazırlamışdır. Ü.Hacıbəyovun "Vətənlə cəbhə", C.Cahangirovun "Məhsul", "Vətən sultanları", Z.Hacıbəyovun "Aşıq Qərib", Z.Pallaşvilinin "Daisi" opera və başqa əsərlərdə rəqslərə səhnə həyatı vermişdir. 1957-ci ildə Tələbə və gənclərin VI Ümumdünya Festivalında qızıl medala layiq görülmüşdür.

Əlibaba Abdullayev sənəti dahi bəstəkarımız Üzeyir Hacıbəylinin rəhbərliyi altında və dəstəyi ilə püxtələşərək yaradıcılıq zirvəsinə çatmışdır. Görkəmli sənətkar həm opera və musiqili komediya teatrları, həm də milli kinomuz üçün maraqlı rəqslər qurmuşdur: "Səbuhi", "Arşın mal alan", "Fətəli xan", "Görüş", "O olmasın, bu olsun", "Əhməd haradadır?", "Dəli Kür", "Sehrli xalat", "Ulduzlar sönmür" bədii, "Qobustan", "Salam, Əlcəzair", "Afrika görüşləri", "Məktuba cavab" sənədli filmlərində, "Abşeron ritmləri" film konsertində, "Doğma xalqımıza" bədii-sənədli filmdə istifadə olunan rəqslərin quruluşunu Ə.Abdullayev vermişdir.

Gecədə sənətkarın qızı Elmira Abdullayeva çıxış edərək mərasimin iştirakçılarına, filmi araya-ərsəyə gətirənlərə minnətdarlığını birdirdi. Sonra rejissor Vüsalə Mirzəyevanın çəkdiyi "Sənəti böyüdən sənətkar" filmi nümayiş olundu.

 

 

Sədaqət YUSİFQIZI

 

Azərbaycan.- 2010.- 25 fevral.- S. 7.