Bu, bütövlükdə
bəşəriyyətə və insanlığa qarşı cinayət idi
1992-ci il fevralın 26-da qədim Azərbaycan şəhəri Xocalı erməni hərbi birləşmələri tərəfindən vəhşicəsinə dağıdıldı, onun müdafiəçilərinə və sakinlərinə amansız divan tutuldu. Yüzlərlə dinc sakin görünməmiş işgəncələrlə öldürüldü, uşaqlar, qadınlar, qocalar, bütöv ailələr məhv edildi, onların meyitləri təhqir olundu. XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş belə kütləvi qırğın hadisəsi öz amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət idi.
Bu gün artıq heç kimə sirr deyil ki, Xocalı faciəsi davakar erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi.
Xocalı qırğınını törətməklə erməni millətçiləri hiyləgər siyasi və taktiki məqsədlər güdürdülər. Onlar bununla xalqımızın mübarizə əzmini qırmaq, onu tarixi torpaqlarımızın işğalı faktı ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin düşmənin niyyətləri baş tutmadı, xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə yüksək iradə və qəhrəmanlıq nümunəsi göstərdi.
Xocalı faciəsi həm də ölkədaxili hakimiyyət mübarizələrinin dövlətimiz üçün nə qədər təhlükəli və fəlakətli nəticələr verdiyini göstərdi. O zaman həm Azərbaycanın rəsmi rəhbərliyi, həm də ölkədə vəziyyətə təsir etmək imkanı olan siyasi qüvvələr xalqın taleyinə tam biganəlik nümayiş etdirdilər. Dövlət rəhbərliyi bu dəhşətli cinayət haqqında dünya ictimaiyyətinə tam və operativ məlumat vermək üçün heç bir addım atmadı, müxalifət isə qanlı faciədən xalqın narazılıq dalğası üzərində hakimiyyətə gəlmək məqsədilə istifadə etdi.
Yalnız ümummilli lider Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini aldı, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görüldü.
Azərbaycan hökuməti erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Biz həm də erməni millətçilərindən fərqli olaraq, bu məsələdən hər hansı siyasi, maliyyə, ərazi və başqa dividendlər qazanmaq məqsədi güdmürük. Məqsədimiz tarixi ədalətin bərpasına nail olmaq, cinayətkarları ifşa etmək və onları dünya ictimaiyyətinin mühakiməsinə verməkdir. Ona görə də erməni şovinist millətçilərinin regionda həyata keçirdikləri etnik separatizmin, başqa xalqlara qarşı nifrət və terror ideologiyasının dünya üçün təhlükəsi açılıb göstərilməlidir. Bu, qəhrəman Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
2007-ci il
Azərbaycan.- 2010.-26 fevral.- S. 2.