Azərbaycan ilə Slovakiya arasında hüquq sahəsində əməkdaşlıq inkişaf
edir
Azərbaycanda Avropa dövlətləri ilə dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verilir. Bu məqsədlə Slovakiya Respublikası Baş nazirinin müavini, ədliyyə naziri Ştefan Harabin ötən ilin mayında Azərbaycana səfəri çərçivəsində ölkələrimizin Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Memorandum imzalanmışdı.
Qurulmuş əlaqələrin davamı olaraq Slovakiya Baş nazirinin yeni müavini, ədliyyə naziri xanım Viera Petrikovanın dəvətinə əsasən Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti fevralın 22-dən 25-dək Slovakiyada rəsmi səfərdə olmuşdur.
Ədliyyə naziri xanım V.Petrikova ilə keçirilmiş görüşdə ölkələrimiz arasında hüquqi əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş perspektivlərin olduğu vurğulanmışdır.
Görüşdə ədliyyə və məhkəmə fəaliyyətinə dair təcrübə mübadiləsi aparılaraq Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı məhkəmə islahatı barədə məlumat verilmiş, Ədliyyə Akademiyasının fəaliyyəti, hakim və hakimliyə namizədlərin treninqi, məhkəmə qərarlarının icrası, inzibati ədliyyənin formalaşdırılması kimi aktual məsələlər müzakirə olunmuşdur.
Söhbət zamanı, həmçinin ötən həftə İsveçrədə keçirilmiş İnsan hüquqları üzrə Avropa Məhkəməsinin gələcəyinə həsr olunmuş ədliyyə nazirləri konfransının əhəmiyyəti, Avropa Məhkəməsinin səmərəliliyinin artırılması üçün hər bir dövlətin milli məhkəmə sistemlərinin daha da təkmilləşdirilməsinin vacibliyi qeyd edilmişdir.
Görüşdən sonra nazirlərin iştirakı ilə KİV nümayəndələri üçün brifinq keçirilərək ölkələrimizin hüquqi sahədə əlaqələrin inkişafında maraqlı olduğu bildirilmiş, Azərbaycanda məhkəmə və ədliyyə sisteminin müasirləşdirilməsi istiqamətində aparılan islahatlar barədə məlumat verilmişdir.
Səfər çərçivəsində Slovakiyanın Baş prokuroru, Konstitusiya və Ali məhkəmələrinin rəhbərliyi ilə görüşlər keçirilmiş, ədalət mühakiməsinin səmərəli həyata keçirilməsi, əməkdaşlıq məsələləri müzakirə olunmuş, faydalı fikir və təcrübə mübadiləsi aparılmışdır.
Nümayəndə heyəti ölkəmizdə Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi üzrə tədbirlərin görülməsini nəzərə alaraq, Slovakiyanın Ədliyyə Akademiyasına baş çəkmiş, qurumun fəaliyyəti ilə yaxından tanış olmuşdur.
Azərbaycanda məhkəmə infrastrukturunun yaxşılaşdırılması üzrə görülən tədbirlərlə əlaqədar təcrübə mübadiləsi məqsədi ilə birinci instansiya məhkəmələrinin iş şəraiti ilə tanış olunmuş, hakimlərlə görüş keçirilərək məhkəmə sisteminin səmərəli fəaliyyətinə dair fikir mübadiləsi aparılmışdır.
Elgün NİFTƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Bratislava
Azərbaycan.- 2010.- 26 fevral.- S. 2.