Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsı dünyanın 100-dən artıq nöqtəsində qeyd olunur

 

Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin ildönümü bu il dünyanın 100-dən artıq nöqtəsində qeyd olunur. Soyqırımına həsr olunmuş silsilə tədbirlər fondun təmin etdiyi təbliğat materialları əsasında həyata keçirilir.

Anma mərasimlərinin hər il keçirildiyi şəhərlərin sırasına bu il Norveçin paytaxtı Oslonun da adı əlavə olunmuşdur.

Mərasimlərdə Heydər Əliyev Fondunun hazırladığı "Xocalı soyqırımı" filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar, Heydər Əliyev Fondunun ümumtəhsil məktəbləri uşaq evlərində keçirdiyi "Xocalı uşaqların gözü ilə" mövzusunda rəsm müsabiqəsinin seçmələrindən ibarət ekspozisiyalar nümayiş olunacaqdır.

Anma mərasimlərində fondun hazırladığı beynəlxalq ictimaiyyətə ünvanlanmış "Qarabağ həqiqətləri" toplusunun "Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması" kitabının yayımı nəzərdə tutulur.

"Qarabağ həqiqətləri" bukletlər toplusu Qarabağın tarixi, münaqişənin başlanması, Xocalı soyqırımı, erməni təcavüzünün nəticələri, erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti haqqında ətraflı informasiya almağa imkan verir. 2005-ci ildən başlayaraq Azərbaycan, rus, ingilis, alman, macar dillərində nəşr edilmiş "Qarabağ həqiqətləri" toplusu bu il Yaponiya ictimaiyyətinə təqdim olunmuşdur.

Nəfis şəkildə tərtib edilmiş yüksək poliqrafik səviyyədə çap olunmuş bukletlər fotoşəkillərlə zəngindir. Bütün bukletlərdə Azərbaycanın xəritəsi verilmiş burada Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan əraziləri göstərilmişdir. Eyni zamanda, burada münaqişə nəticəsində dəymiş ziyan, işğal aktının qurbanları digər məlumatlar yer almışdır.

İngilis dilində hazırlanmış "Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması" kitabı isə oxuculara milli-tarixi abidələrimizə qarşı ermənilərin törətdiyi vandalizm aktları barədə ətraflı məlumat verir.

Dünya ictimaiyyətinə Xocalı soyqırımı haqqında obyektiv dürüst informasiya çatdırmağa, ictimai rəyi formalaşdırmağa yönələn belə tədbirlərə müxtəlif qurumların, diplomatik missiyaların nümayəndələri, şəhər sakinləri, eləcə xarici kütləvi informasiya vasitələrinin əməkdaşları dəvət olunurlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 26 fevral.- S. 3.