"Xocalıya ədalət"
beynəlxalq kampaniyasının səmərəsi ildən-ilə
artır
Leyla Əliyevanın təşəbbüsü
soyqırımı faktının xaricdə tanınması
prosesinə böyük töhfə verib
Ölkəmizin dünya birliyinə inteqrasiyası, respublikamızın tərəqqisi, xalqımızın rifah halının daha da yaxşılaşdırılması istiqamətində ulu öndərin müəyyənləşdirdiyi siyasətin tədqiq edilməsinə, təşviqatına, tarixi şəxsiyyətin ümummmilli ideyalarının reallaşdırılmasına dəstək verən Heydər Əliyev Fondu Azərbaycanın bütün sahələrdə dinamik inkişafına, ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsinə layiqli töhfə verir. Heydər Əliyev Fondu həyata keçirdiyi uğurlu layihələrlə ölkəmizin dünya miqyasındakı nüfuzunun artmasında mühüm xidmətlərə malikdir. Milli maraqların təminatı, müasirləşmə, respublikamız haqda həqiqətlərin yayılması, ölkəmizin xarici aləmə olduğu kimi təqdim edilməsi və digər müqəddəs missiyaları müvəffəqiyyətlə həyata keçirən fondun bütün təşəbbüsləri uğurlu nəticələr verir.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən bütün proqramlar, layihələr müasir dövrün ehtiyac və tələbləri, milli xüsusiyyətlərilə uyğunlaşaraq ölkəmizin tərəqqisinə təkan verir. Fondun fəaliyyəti yalnız bununla yekunlaşmayaraq Azərbaycan haqqında əsl həqiqətlərin beynəlxalq aləmə çatdırılması, bu istiqamətdə təbliğat və təşviqatın aparılması ilə şaxələnir.
Azərbaycan həqiqətlərinin
carçısı
Tarixdə analoqu olmayan, ötən əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş Xocalı soyqırımı yalnız soydaşlarımıza deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət idi. Bu qətliamların müəllifləri isə özlərini dünyaya "əzabkeş" kimi təqdim edən erməni millətçiləridir. Amansız qətllərlə dünya tarixində silinməz izlər buraxan bu faicə əslində, erməni təcavüzkarlarının yalnız Azərbaycan xalqına deyil, dünya miqyasında insanlığa yönəldilmiş qəddarlığı idi. Xalqımızın yaddaşına əbədi həkk olunmuş tarixin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı hər il daha geniş miqyasda qeyd olunur, humanitar fəlakət qurbanlarının xatirəsi əziz tutulur.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi, ərazilərimizin erməni silahlı birləşmələri tərəfindən işğalı, bu münaqişə nəticəsində doğma yudlarından didərgin düşmüş yüz minlərlə soydaşımızın üzləşdikləri çətinliklər daim Heydər Əliyev Fondunun diqqət mərkəzindədir. Fond Xocalı həqiqətlərinin dünyaya çatdırılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımları uğurla davam etdirir. Tədbirlərdə Heydər Əliyev Fondunun hazırladığı "Xocalı soyqırımı" filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər və müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində faciə haqqında dərc edilmiş materiallar, habelə fonlun ümumtəhsil məktəbləri və uşaq evlərində keçirdiyi "Xocalı uşaqların gözü ilə" mövzusunda rəsm müsabiqəsindən ibarət ekspozisiyalar nümayiş etdirilir. Faciənin bütün detallarını əks etdirən faktların beynəlxalq aləmə çatdırılması istiqamətində görülən işlərdə təşkilatın fəaliyyəti özünəməxsus yer tutur. Fondun dəstəyi və təşkilatçılığı ilə məktəblilər arasında keçirilmiş "Xocalı uşaqların gözü ilə" rəsm müsabiqəsi, fotoşəkillərin, əl işlərinin dünyanın bir sıra qabaqcıl ölkələrində təşkil olunmuş sərgisi beynəlxalq ictimaiyyətdə XX əsrin ən böyük faciəsi haqqında dolğun təsəvvürlər formalaşdırıb.
Məhz Heydər Əliyev Fondunun gərgin əməyinin nəticəsi olaraq indi dünya ölkələri əvvəlki illərdən fərqli olaraq erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılıb. Dünyanın nüfuzlu beynəlxalq təşkilatları, aparıcı dövlətləri bəşəriyyətə qarşı yönəldilmiş bu cinayətin əsl mahiyyətini getdikcə daha çox anlayır, qətliamı kəskin şəkildə pisləyir, təcavüzkarla təcavüzə məruz qalanı tanıyırlar.
Soyqırımının
tanıdılması istiqamətində sistemli fəaliyyət
Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbkarları haqqında dünya birliyndə aydın təsəvvürün formalaşdırılmasında Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın xüsusi xidmətləri var. İslam Konfransı Təşkilatının (İKT) Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyeva Xocalı soyqrımı haqda faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərərək erməni silahlı birləşmələrinin ölkəmizin ərazisində həyata keçirdikləri soyqırımı siyasətinə dair faktları beynəlxalq birliyə təqdim edir.
İKT-nin Dialoq və Əməkdaşlıq uğrunda Gənclər Forumunun Dağlıq Qarabağ münaqişəsinin, Azərbaycan həqiqətlərinin, Ermənistanın işğalçılıq siyasətinin dünyaya çatdırılması istiqamətində apardığı mühüm iş öz səmərəsini verməkdədir. Gənclər forumu hələ 2007-ci ilin payızında Bakıda "Gənclər sivilizasiyaların alyansına tərəfdardır" təşəbbüsü çərçivəsində təsis olunmuş "Sivilizasiyaların alyansı" Beynəlxalq Gənclər Hərəkatına müraciət edərək, bu qurumdan əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar vasitəsilə Ermənistanın yürütdüyü siyasəti dünya birliyinə çatdırmağı tələb etmişdir.
Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏİKGF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin mayın 8-də elan olunmuş "Xocalıya ədalət" beynəlxalq məlumat və təşviqat kampaniyası çərçivəsində ilk tədbir İstanbulun "Taksim" metrostansiyasının sərgi salonunda Xocalı ilə bağlı uşaqların çəkdiyi şəkillərdən və kampaniyaya qoşulmuş xarici ölkə gənclərinin fotoşəkillərindən ibarət sərginin açılışı oldu. Kampaniya çərçivəsində yalnız Türkiyə deyil, Avropanın başqa şəhərlərində də sərgilər təşkil olundu. İstanbulda İKT-nin Əməkdaşlıq və Dialoq uğrunda Gənclər Forumu və İSESKO-nun təşkilatçılığı ilə 2008-ci ilin mayın 17-də keçirilmiş İKĞT ekspertlərinin ikigünlük iclasında kampaniya ekspertlər tərəfindən bəyənildi və 26 fevral - Xocalı soyqırımı gününün bu beynəlxalq təşkilata üzv ölkələrdə humanitar fəlakətlər qurbanlarının xatirəsini anma günü kimi qeyd olunması haqda mühüm qərar qəbul olundu.
2008-ci ilin iyununda İKT-nin üzvü olan dövlətlərin xarici işlər nazirlərinin Uqandadakı konfransında İKT Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın "Xocalıya ədalət - Qarabağa azadlıq" təşəbbüsü təsdiq olundu. Xarici işlər nazirlərinin konfransının 35-ci sessiyasında qəbul olunan xüsusi qətnamə dünyanın 57 ölkəsində müvafiq kampaniyanın həyata keçirilməsi üçün siyasi-hüquqi baza yaradılmasını təmin etdi. Leyla xanım Əliyeva bu təşəbbüsünün nüfuzlu beynəlxalq təşkilat tərəfindən bəyənilməsini yüksək qiymətləndirərək dünya birliyinin Ermənistan, onun işğalçılıq siyasəti haqqında əsl həqiqətləri anladığını qeyd etdi: "Bu sənədin qəbul edilməsi Azərbaycan torpaqlarının işğal faktının beynəlxalq birlik tərəfindən getdikcə daha çox dərk olunmasını və təcavüzkarın mənəvi-siyasi baxımdan daha da təcrid olunmasını əks etdirir. Qətnamə Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqəti İKT üzvü olan ölkələrə və mədəniyyətlərarası dialoq vasitəsilə qlobal səviyyədə gənc nəslə çatdırmaq üçün imkan yaradır".
Bu beynəlxalq kampaniyanın dünya miqyasında daha geniş təbliği üçün informasiya-kommunikasiyaları sistemlərindən də geniş istifadə edilir. Kampaniyanın virtual aləmdə yayılması və bu qəbildən olan silsilə tədbirlərin sistemləşdirilməsi məqsədilə yaradılan internet saytı Xocalı faciəsinin əsl günahkarlarının, xalqımıza qarşı soyqırımı haqqında faktların dünya ölkələrinə daha geniş çatdırılmasına imkan yaradır. Artıq proqram və onun internet saytı dünyanın müxtəlif şəhərlərində - Vaşinqton, İstanbul, Berlin, Buxarest, Kiyev, Vyana, Brüssel, Pekin, Varşava və digər ölkələrdə Xocalı soyqırımı haqqında dolğun məlumatları beynəlxalq icttmaiyyətə çatdırır.
Xocalı faciəsinə beynəlxalq
maraq artır
İslam ölkələrində vahid soyqırımı qurbanları gününün təsis edilməsi təklifi də müsəlmanlara qarşı qətliamların yayılması istiqamətində ən mühüm addımlardan biridir. İKT-nin Əməkdaşlıq və Dialoq uğrunda Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisinin təşəbbüsü ilə başlanmış kampaniya artıq müsəlman dövlətlərinin böyük marağına səbəb olub. Elə bunun nəticəsi olaraq Xocalı qətliamının islam ölkələrində dərsliklərə daxil edilməsi haqda yeni təkliflər irəli sürülüb və bu, bir sıra dövlətlər tərəfindən dəstəklənib. Bu, uşaqların hələ orta məktəb illərindən qətliam barədə məlumatlandırılmasına və nəticədə gələcək nəsillərin ermənilərin etnik təmizləmə, işğalçılıq siyasətinin əsl mahiyyətini aydın şəkildə dərk etməsinə səbəb olacaq.
Xocalı faciəsinin dünya dövlətləri tərəfindən soyqırımı kimi tanınması, qətliama ayrı-ayrı ölkələrin qanunverici orqanları tərəfindən obyektiv qiymət verilməsi tarixi zərurət olaraq qalmaqdadır. Artıq bir sıra dövlətlər 1992-ci ilin 25-26 fevralında soydaşlarımıza qarşı etnik təmizləmə cinayətinin əsl mahiyyətini anlayır, qətliama siyasi qiymət verilməsinin bəşəri borc olduğunu başa düşürlər. Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin təşəbbüsü ilə hazırlanmış Xocalı soyqırımı sərgisinin nümayiş etdirilməsi qətliamın dünya ölkələri tərəfindən kəskin pislənilməsinə səbəb olub.
Soyqırımının tanıdılması və qətliama siyasi qiymətin verilməsi istiqamətində görülən işlər artıq daha ciddi nəticələr verməkdədir. Həyata keçirilən tədbirlərin səmərəsi kimi islam ölkələrinin ali təhsil və elm nazirlərinin dördüncü konfransı Xocalı faciəsinin beynəlxalq səviyyədə tanınması istiqamətində təşəbbüslə çıxış edib.
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın Xocalı faciəsi haqqında dünya ölkələrində dolğun təsəvvürlərin formalaşıdırılması istiqamətindəki səylərinin və bununla bağlı fəaliyyətinin müsbət nəticələri göz qabağındadır. Soyqırımı faktlarının müsəlman dövlətlərinin ali təhsil məktəblərinin dərsliklərinə salınması və qətliama aid həqiqətlərin daha geniş miqyasda yayılması təklifləri islam ölkələrinin ali təhsil və elm nazirlərinin dördüncü konfransının yekun qətnaməsinə daxil edilib. Bu sənəd də ermənilərin Xocalıda törətdikəri qətliamlar haqqında əsl faktların İKT-yə üzv ölkələrin ali təhsil müəssisələrinin dərsliklərində əks olunmasını dəstəkləyir və "Xocalıya ədalət" beynəlxalq kampaniyasının bu ildən başlayaraq bir neçə il ərzində davamlı və geniş miqyasda keçirilməsi zəruriliyini əks etdirir. İKT-nin Əməkdaşlıq və Dialoq uğrunda Gənclər Forumunun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə baş əlaqələndiricisinin irəli sürdüyü "Xocalıya ədalət" beynəlxalq kampaniyası təşkilata üzv ölkələrdə 2009-2012-ci illərdə prioritet şəkildə həyata keçirilməsinin vacibliyini özündə ehtiva edir.
Soyqırımının
tanıdılması istiqamətində iş uğurla davam
etdirilir
"Xocalıya ədalət" beynəlxalq kampaniyası dünyanın müxtəlif ölkələrində faciə ilə bağlı real faktların foto və film sərgiləri, internet, beynəlxalq konfranslar və nümayişlər, o cümlədən aparıcı beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərin keçirilməsi vasitəsilə çatdırılmasını nəzərdə tutur.
Faciənin soyqırımı kimi tanıdılması, bəşəriyyətə qarşı yönəldilmiş bu ən ağır cinayətə siyasi qiymət verilməsi, soyqırımı həqiqətlərinin İKT ölkələrində yayılması haqqında siyasi qərar, Gənclər Forumunun təşəbbüsü və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dəstəyi ilə İKT-yə üzv ölkələrin xarici işlər nazirlərinin 35-ci sessiyasında və beynəlxalq təşkilata üzv ölkələrin 11-ci zirvə görüşündə qəbul edilən qətnamələrdə də əksini tapıb.
Xocalı soyqırımının 18-ci ildönümü ərəfəsində bir sıra ölkələrdə keçirilən anım tədbirləri əvvəlki illərlə müqayisədə indi daha geniş miqyasda təşkil olunub. Bəşəriyyətə və insanlığa qarşı törədilmiş ən ağır cinayətin baş verdiyi 26 fevral günü yalnız Azərbaycanda deyil, digər müsəlman ölkələrində də humanitar fəlakətlər qurbanlarının xatirəsinin anım günü kimi tarixə düşdü. Bu isə faciənin soyqırımı kimi tanıdılmasına yönəldilmiş addımların nəticəsiz qalmadığını sübut edir.
Görülən məqsədyönlü və səmərəli iş nəticəsində "Xocalıya ədalət" beynəlxalq kampaniyasının miqyası hər il durmadan genişlənir, bu istiqamətdə aparılan fəaliyyət müsbət nəticələr verir. Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyev bununla bağlı demişdir: "Xocalıya ədalət" kampaniyası bütün dunyada insanları müharibəyə, ədalətsizliyə qarşı çıxmağa səsləyir. Birgə belə təşəbbüslər irəli sürməklə dünyamızı daha ədalətli və sülh şəraitində yaşada bilərik".
Beynəlxalq kampaniya indi dünya səviyyəsində 25 ölkədə uğurla həyata keçirilir. Əsas məqsədi Xocalı şəhərində insanlığa qarşı törədilmiş cinayətin dünya ictimaiyyətinə çatdırılmasına, faciəyə hüquqi-siyasi və mənəvi qiymətin verilməsinə nail olmaqdan ibarət olan kampaniyaya hazırda dünyanın 125 təşkilatı, eləcə də 125 mindən çox insan qoşulub. Soyqırımının tanıdılması prosesinin sürətlənməsi, bu kampaniyaya getdikcə daha çox insanın qoşulması Heydər Əliyev Fondunun Azərbaycanın haqq səsinin ucaldılması yönümündəki səmərəli fəaliyyətinə bariz nümunədir. İndi dünya birliyi Xocalı şəhərində insanlığa qarşı törədilmiş ən ağır cinayətin günahkarlarını pisləyir.
2010-cu ilin 31 yanvarında dünyanın 56 dövlətinin təmsil olunduğu İKT-nin Parlament Assambleyasının VI sessiyasında Xocalı faciəsi bir daha insanlığa qarşı cinayət kimi qiymətləndirildi. Zaman keçdikcə Xocalı faciəsini insanlığa qarşı cinayət kimi qiymətləndirən aparıcı müsəlman dövlətlərinin təmsil olunduğu nüfuzlu beynəlxalq təşkilatın - İKT-nin bu addımını digər beynəlxaq qurumlar da təkrarlayacaq və məhz o zaman tarixi cinayətin müəllifləri olan erməni cəlladları layiqli cəzalarını alacaqlar. Artıq işğalçı erməni silahlı birləşmələrinin soydaşlarımıza qarşı ağır cinayətləri öz həqiqi qiymətini alır. Dünyanın bir sıra dövlətlərində anım mərasimlərinin təşkili, Xocalı soyqırımı cinayətkarlarının əməllərinin pislənilməsi, beynəlxalq ictimaiyyətin bu məsələyə daim artan diqqəti, Türkiyə Böyük Millət Məclisində faciə ilə bağlı dinləmələrin keçirilməsi bunun ilk əlamətləridir. Azərbaycanın ümummilli maraqlarının təminatçısı, ümummilli liderin bəşəri ideyalarının daşıyıcısı olan Heydər Əliyev Fondunun ölkəmiz barədə əsl həqiqətlərin dünya birliyinə çatdırılması missiyası uğurla davam etdirilir. Bütün bunların nəticəsidir ki, dünya birliyi Xocalıda erməni silahlı birləşmələri tərəfindən törədilmiş tarixi cinayəti kəskin şəkildə pisləyir, qətliamın günahkarlarını daim lənətləyir.
Anar RASİMOĞLU
Azərbaycan.- 2010.- 26 fevral.- S. 5.