Xocalı faciəsi Dövlət Gənc Tamaşaçılar Teatrında anıldı

 

Ötən gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xocalı soyqırımı hadisələrinin 18-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbiri teatrın direktoru, respublikanın əməkdar artisti Mübariz Həmidov açdı.

Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra M.Həmidov Xocalı soyqırımı hadisələri ilə bağlı, şəhid ailələrinə göstərilən dövlət qayğısı, faciənin beynəlxalq miqyasda tanıdılması bu qanlı faciəni törədənlərin beynəlxalq məhkəmədə cavab verməsi üçün görülən çoxformatlı işlərdən danışdı.

Teatrın baş rejissoru, xalq artisti, Prezident təqaüdçüsü Cənnət Səlimova, Belarus Gənc Tamaşaçılar Teatrının baş rejissoru Natalya Başeva, xalq artisti Ağaxan Salmanlı, teatrın aktyoru Vahid Əliyev tədbirin qonaqları Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin, "Bura Vətəndir" məclisinin üzvləri, şəhid anaları, Milli Qəhrəman Gültəkin Əsgərovanın anası Rəfiqə Əsgərova, Şərqiyyə Talıbova, Kəmalə Rəhmanlı, Füzuli rayon şəhid anaları bölməsinin sədri Mənsurə Abdullayeva çıxış etdilər. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərin iştirakçısı, polis mayoru Aidə Şirinova, filologiya elmləri namizədi, "Məlhəm" qadınlar ictimai birliyinin sədri, şair-publisist Xədicə Murad İsgəndərli, şəhid xanımı, filologiya elmləri namizədi, şair Arzu Nehrəmli 8 saylı məktəbin 5a sinif şagirdləri Fatimə Zəncani, Kamran Əzimov Xocalı faciəsi ilə bağlı şeirlər səsləndirdilər.

Tədbirin sonunda Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyinin sifarişi ilə hazırlanmış "Dua" filmi nümayiş etdirildi. Tədbirin aparıcısı teatrın baş rejissoru Səriyyə İsmayılova idi.

 

 

Zəkurə QULİYEVA

 

Azərbaycan.- 2010.- 27 fevral.- S.8.