Xocalı faciəsinin
18-ci ildönümü ilə
əlaqədar ABŞ-da
anma mərasimi keçirilmişdir
Amerikanın Azərbaycan
və Türkiyə diaspor təşkilatları
"Xocalıya ədalət!" kampaniyası çərçivəsində
ABŞ-ın nüfuzlu Corc Vaşinqton Universitetində anma mərasimi
keçirmişlər.
Tədbirdə Azərbaycanın
ABŞ-dakı səfiri Yaşar Əliyev, Azərbaycan-Amerika
Şurasının direktoru Cavid Hüseynov və
ABŞ-dakı Azərbaycan Cəmiyyətinin
başçısı Tomris Azəri çıxış edərək
18 il əvvəl Azərbaycanın Xocalı şəhərində
Ermənistanın və keçmiş SSRİ-nin 366-cı motoatıcı
alayının silahlı birləşmələri tərəfindən
günahsız insanlara qarşı həyata keçirdikləri
qətliam barədə danışmışlar. Səfir Y.Əliyev
qeyd etmişdir ki, bu gün dünyanın 42 ölkəsində
Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilir. Bəşəriyyətə
qarşı törədilən bu amansız cinayət barədə
həqiqətlərin İslam Konfransı Təşkilatı
Gənclər Forumunun mədəniyyətlərarası dialoq
üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın
təşəbbüsü ilə başlanan "Xocalıya ədalət!"
kampaniyası çərçivəsində yayılması
işinə dünyanın hər yerindən gənclər
qoşulurlar.
Tədbirdə Xocalı
faciəsi qurbanlarının Heydər Əliyev Fondu tərəfindən
hazırlanan fotosərgisi və sənədli film
nümayiş etdirilmişdir. Anma mərasimində xüsusi
qonaqlar kimi "Xocalıya ədalət!" beynəlxalq məlumat-təşviqat
kampaniyası çərçivəsində eyniadlı
mahnı yazan amerikalı rep ifaçısı Toni Bləkmən
və prodüsser Qordon Uilyams da var idi. Xanım Bləkmən
çıxışında qeyd etmişdir ki, Xocalıda
baş verən hadisələr barədə öyrəndikdən
sonra, musiqi kimi təsirləndirici təşviqat vasitəsindən
istifadə etmək qərarına gəlmiş, faciə
haqqında həqiqətləri dünyaya mahnı ilə
çatdırmaq istəmişdir. Çünki heç bir
xalq belə zülm və ədalətsizliklə
qarşılaşmamalıdır.
Mərasimdə
nümayiş etdirilən "Xocalıya ədalət!"
mahnısının klipi iştirakçılar tərəfindən
alqışlarla qarşılanmışdır.
Qeyd edək ki,
"Xocalıya ədalət!" kampaniyası çərçivəsində
builki anma mərasimləri, həmçinin Kaliforniya, Yuta və
Nyu-York ştatlarında da keçirilmişdir. Azəbaycan
icmasının üzvləri Xocalı faciəsi
qurbanlarının xatirəsini Vaşinqton və Nyu-York şəhərlərində
Ermənistan diplomatik nümayəndəliklərinin
qarşısında təşkil etdikləri etiraz
aksiyaları ilə də yad etmişlər.
Şəfəq AKİFQIZI,
AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton
Azərbaycan.- 2010.- 27 fevral.- S.5.