"Xocalıya ədalət"kampaniyasının yeni mərhələsi başlanmışdır

 

Moskvada "dünya liderlərinə müraciət" aksiyasına start verilmişdir

 

İslam Konfransı Təşkilatı Gənclər Forumundan (İKGF) bildirmişlər ki, Moskvanın "President-Hotel" mehmanxana kompleksinin "Bolşoy Petrovski" zalında "Xocalıya ədalət" kampaniyasının birillik nəticələri ilə bağlı tədbir keçirilmişdir. Rusiya Azərbaycan Gənclər Təşkilatı və İKGF-nin birgə təşkil etdiyi tədbir "Xocalıya ədalət" musiqi layihəsinin təqdimatı ilə açılmışdır. Rep janrında yazılmış eyniadlı mahnı məşhur amerikalı rep ustası və ABŞ-ın xoşməramlı səfiri Toni Bləkmən və "Dəyirman" qrupu tərəfindən ifa edilmişdir.

"Xocalıya ədalət" kampaniyasının təşəbbüskarı, Rusiya Azərbaycan Gənclər Təşkilatının sədri Leyla xanım Əliyeva kampaniya çərçivəsində görülən işlər və əldə edilmiş nailiyyətlər haqqında məlumat vermişdir. O, 2010-cu ilin yanvarında İslam Konfransı Təşkilatına üzv dövlətlərin Parlament Assambleyasının Uqandada keçirilmiş 6-cı sessiyasının qəbul etdiyi qətnamə ilə faciəyə "insanlığa qarşı cinayət" kimi qiymət verilməsinin xüsusi əhəmiyyətini qeyd edərək bildirmişdir: "Bu gün bizim kampaniya öz fəaliyyətində yeni mərhələyə qədəm qoyur - biz dövlət başçılarına, dünya parlamentlərinə, beynəlxalq təşkilatlara müraciət aksiyasına başlayırıq. Keçən ildə əl etdiyimiz uğurlar bizdə kampaniyanın fəaliyyətinin bu il daha da genişləndirəcəyimizə əminlik yaradır".

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu dövlətimizin başçısı İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində qətiyyətli fəaliyyətindən bəhs etmiş və rəsmi Bakının Azərbaycanın ərazi bütövlüyü məsələsində güzəştə getməyəcəyini bildirmişdir. İKGF-nin baş katibi Elşad İsgəndərov kampaniyanın birillik fəaliyyəti barədə danışmış və yeni layihəsi - "Dünya liderlərinə müraciət" haqqında iştirakçılara məlumat vermişdir. Tədbir iştirakçıları kampaniyanın internet saytında (www.yusticeforkhojaly.org) yerləşdirilmiş yeni müraciətin çoxfunksiyalı portalı ilə tanış olmuşlar.

Tədbirdə, həmçinin "Qarabağ gündəliyi" kitabının müəllifi, tanınmış rus yazıçısı, professor Yuri Pompeyev, Latın Amerikası Gənclər Forumunun vitse-prezidenti və kampaniyanın region üzrə əlaqələndiricisi Xulian Luqo Mendez, kampaniyanın Rusiya üzrə milli əlaqələndiricisi, Moskva Hüquq Akademiyasının tələbəsi Yekaterina Kozlova çıxış edərək kampaniyanın beynəlxalq əhəmiyyətini vurğulamış, milli və beynəlxalq səviyyədə görülmüş işlərdən danışmışlar.

Mərasimdə Rusiya ziyalıları, müxtəlif elmi cəmiyyətlərin, KİV-lərin və Azərbaycan diasporunun nümayəndələri, eləcə də Moskvanın müxtəlif ali məktəblərində təhsil alan tələbələr daxil olmaqla 500-dən artıq adam iştirak etmişdir. Tədbirin sonunda iştirakçılar ABŞ Prezidentinə, BMT-nin Baş katibinə, Avropa Şurasının Parlament Assambleyasına və Avropa Parlamentinin deputatlarına ünvanlanmış, Xocalı faciəsini insanlığa qarşı cinayət kimi tanımağa və günahkarların məsuliyyətə cəlb edilməsi üçün səy göstərməyə çağıran kampaniyanın yeni müraciətini imzalamışlar.

Hotelin foyesində iştirakçılar kampaniyanın dünyanın müxtəlif ölkələrində birillik fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olmuşlar.

"Xocalıya ədalət" kampaniyası 2008-ci il mayın 8-də, Şuşa şəhərinin işğalının ildönümündə İKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə irəli sürülmüşdür və hazırda 30-dan artıq ölkədə yüzlərlə könüllünun iştirakı ilə uğurla davam etdirilməkdədir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılmasını, soyqırımına beynəlxalq aləmdə siyasi-hüquqi və mənəvi qiymət verilməsini, həmçinin beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.yusticeforkhojaly.org internet saytı vasitəsilə aparılır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-27  fevral.- S. 3.