Leyla Əliyevanın təşəbbüsü
ilə keçirilən "Xocalıya ədalət" beynəlxalq
kampaniyası bu faciəni dünyada XX əsrin ən qanlı
soyqırımlarından biri kimi tanıtmışdır
XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda kütləvi şəkildə məskunlaşdırılan ermənilər az müddət sonra bölgəni, sözün əsl mənasında, "qan çanağı"na çevirmişlər.
Ermənilərin "böyük Ermənistan" xülyası azərbaycanlılara qarşı kütləvi qətllərin və soyqırımı aktlarının həyata keçirilməsi ilə nəticələnmişdir. Bu qanlı tarix qısa fasilələrlə bütün XX əsr boyu dönə-dönə təkrarlanmışdır. Lakin özlərinin uydurma ideyalarının qurbanı olan ermənilər bu gün dünya birliyinin qınaq mənbəyinə, ən əsası isə bir tikə çörəyin əsirinə çevrilmişlər.
Tarix təsdiq edir ki, ermənilərin Qafqazda törətdikləri qırğınlar və soyqırımı aktları bir niyyətə əsaslanır: nəyin bahasına olursa-olsun, Azərbaycan torpaqlarında məskunlaşmaq və aborigen xalq olduqlarını təsdiqləmək. Bu mənfur niyyəti reallaşdırmağın yolu isə azərbaycanlıların kütləvi soyqırımından, qanlı talanlardan və deportasiya siyasətindən keçir. 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər bölgələrində həyata keçirilmiş dəhşətli soyqırımı aktı ermənilərin Qafqazda məskunlaşması üçün bir açar olmuşdur. Onlar həmin vəhşi əməlləri ilə bir növ bu bölgədə yaşamaq və Azərbaycan türklərinin tarixi vətəni olan indiki Ermənistan ərazisində dövlət qurmaq niyyətlərini reallaşdırmışlar.
Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan həqiqətlər açılmış, təhrif edilmiş hadisələr əsl qiymətini almışdır. Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşmişdir. Bu, həm də Azərbaycan xalqının əsrlər boyu üzləşdiyi məhrumiyyətlərə rəhbəri Heydər Əliyev olan dövlətin verdiyi əsl tarixi qiymət idi. Təsadüfi deyil ki, bu proses sonrakı mərhələdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq dünya və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanımışlar.
Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımları Heydər Əliyev Fondu davam etdirir. Məhz fondun gərgin əməyi nəticəsində əvvəlki illərdən fərqli olaraq indi dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılmışdır. Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, nüfuzlu qurumlar bəşəriyyətə qarşı törədilmiş bu cinayətin əsl mahiyyətini anlayaraq qətliamı kəskin şəkildə pisləyir.
Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin ildönümü bu il dünyanın 100-dən artıq nöqtəsində qeyd olunur. Soyqırımına həsr olunmuş silsilə tədbirlər fondun hazırladığı təbliğat materialları əsasında həyata keçirilir. Mərasimlərin hər il keçirildiyi şəhərlərin sırasına bu il Oslonun da adı əlavə edilmişdir.
Heydər Əliyev Fondunun ayrı-ayrı ölkələrdə geniş miqyasda təşkil etdiyi və faciənin həqiqətlərinin yayılmasına yönəldilmiş anım tədbirləri Rusiya Federasiyasındakı nümayəndəlik tərəfindən İslam Konfransı Təşkilatının (İKT) Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumu çərçivəsində davam edir.
2008-ci il mayın 8-dən İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumunun (İKGF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis edilmiş, fəaliyyətinə 2009-cu ilin fevralında start verilmiş və hazırda 30-dan artıq ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilən "Xocalıya ədalət" beynəlxalq informasiya və təşviqat kampaniyası da bu işə öz töhfəsini verməkdədir. Bu kampaniyanın məqsədi beynəlxalq ictimaiyyəti Xocalı faciəsi ilə bağlı məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır. Kampaniyanın beynəlxalq əlaqələdirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.
Beynəlxalq kampaniya dünyanın müxtəlif ölkələrində Xocalı faciəsi ilə bağlı real faktların foto və film sərgiləri, internet, beynəlxalq konfranslar və nümayişlər, o cümlədən aparıcı beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərin keçirilməsi vasitəsilə çatdırılmasını nəzərdə tutur. Kampaniya və buna oxşar təşəbbüslər dünyadakı ədalətsizliyi aradan qaldırmaqla bəşəriyyətə sülh, əmin-amanlıq gətirir. "Xocalıya ədalət" kampaniyası bütün dünyada insanları müharibəyə, ədalətsizliyə qarşı çıxmağa səsləyir. Kampaniya Azərbaycan gəncliyinin Qarabağ həqiqətlərini, münaqişənin həllində ölkəmizin ədalətli mövqeyini və Xocalı soyqırımını bütün təfərrüatı ilə dünya ictimaiyyətinin diqqətinə çatdırmaq baxımından müasir tariximizin mühüm mərhələsi olmuşdur.
Leyla xanım Əliyevanın Xocalı soyqırımının daha geniş miqyasda qeyd olunması təşəbbüsü bir sıra ölkələrdə dövlət səviyyəsində dəstəklənmişdir.
Bu il yanvarın 31-də İslam Konfransı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (İKT Pİ) Uqandanın paytaxtı Kampala şəhərində keçirilən və 51 ölkənin parlament heyətləri başçılarının iştirak etdiyi VI sessiyasında forumun təşəbbüsü ilə "İKGF ilə İKT Pİ arasında əməkdaşlıq haqqında" qətnamə imzalanmışdır. "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində qəbul olunmuş qətnamədə Xocalı faciəsinə "Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı" və "İnsanlığa qarşı cinayət" kimi qiymət verilmişdir. Qətnamədə "Xocalıya ədalət" beynəlxalq kampaniyasına həm milli, həm də beynəlxalq səviyyədə tam dəstək verməyə çağıran bənd də öz əksini tapmışdır. Bu, beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini "İnsanlığa qarşı cinayət" kimi tanıyan ilk sənəddir.
Uqandada keçirilən tədbirdə iştirak edən dövlətlərin nümayəndələri qətnamənin qəbul edilməsinə yekdilliklə səs vermişlər. Sənədin qəbul olunmasında İKT ölkələri parlamentlərinin 10-dan çox sədri və təqribən 100 deputat, mötəbər qurumların nümayəndələri iştirak etmişlər.
Nəzərə alsaq ki, İKT Parlament İttifaqı öz sıralarında dünya parlamentlərinin demək olar, dörddəbirini cəmləşdirir və dünyanın ən böyük parlamentlərarası beynəlxalq qurumlarındandır, həmin qətnamədə Xocalı qətliamının beynəlxalq hüququn normalarına əsasən insanlığa qarşı cinayət adlandırılması Xocalı soyqırımının dünya səviyyəsində tanınmasında, bu cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsində keyfiyyətcə yeni bir mərhələ açacaqdır. Sənəd Ermənistana da çatdırılacaqdır. Çünki Kampalada keçirilən sessiyada beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən Ermənistanın da üzv olduğu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Birliyinin nümayəndələri iştirak etmişlər.
Qətnamənin digər bir bəndində "Xocalıya ədalət" kampaniyasına tam dəstək verilmişdir.
Bu, Leyla xanım Əliyevanın təşəbbüsü ilə artıq bir ildir ki, fəaliyyət göstərən "Xocalıya ədalət" kampaniyasının növbəti ciddi uğurudur.
Birinci uğuru kampaniya başlanandan az sonra İKT xarici işlər nazirləri tərəfindən Xocalı faciəsini kütləvi qırğın kimi qiymətləndirmək barədə qətnamənin qəbuluna nail olunmasıdır. Keçən ilin iyulunda isə İKT Gənclər Forumu ilə İSESKO arasında imzalanmış anlaşma nəticəsində Xocalı faciəsi haqqında məlumatın İKT ölkələrinin tarix dərsliklərinə salınması barədə razılıq əldə edilmişdir.
Bundan əlavə, ötən ilin dekabrında BMT çərçivəsində keçirilən konfransda Xocalı soyqırımı Ruanda, Srebrenitsa, Xolokost kimi dünya tərəfindən tanınmış soyqırımları ilə yanaşı, İnsan Haqları Günündə yada salınmış və bununla əlaqədar BMT-də konfrans keçirilmişdir.
Xalqımız 1948-ci il 9 dekabr tarixli "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması" konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq Məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün bəşəriyyətə qarşı yönəldilmişdir.
"Xocalıya ədalət" kampaniyasının səyi ilə Xocalı qətliamının adı İsveçdə yaradılmış və virtual aləmdə geniş vüsət almış mükəmməl "Beynəlxalq Müharibə Qurbanları Memorialı" arxiv layihəsinə daxil edilmişdir. Layihədə kampaniyanın rəsmi saytına istinad edilərək Dağlıq Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində xüsusi amansızlıqla öldürülənlərin siyahısı yerləşdirilmiş, faciə saytın istifadəçilərinə XX əsrin ən dəhşətli qətliamı kimi təqdim edilmişdir (http://war-memorial.net/Victims-of-the-Khojali-Massacre-1.224).
Xatırladaq ki, "Beynəlxalq Müharibə Qurbanları Memorialı" layihəsi II Dünya müharibəsindən sonra dünyada baş vermiş müharibələr, soyqırımları və qətliamların qurbanları olmuş adamların siyahısını verir, şəkillər və faktlarla birlikdə hadisələrin xülasəsini əks etdirir. XX əsrin ikinci yarısından bugünədək soyqırımı və qətliamlarda həlak olmuş insanların siyahıyaalma prosesində insan hüquqları ilə məşğul olan institutlar, alimlər, beynəlxalq və qeyri-hökumət təşkilatları, tədqiqatçılar iştirak edirlər.
Beləliklə, görürük ki, Leyla Əliyevanın qətliama obyektiv qiymət verilməsi təşəbbüsləri dünyanın sülhpərvər qüvvələri, demokratik ölkələri tərəfindən birmənalı dəstəklənmişdir.
Azərbaycanın haqlı mövqeyinin dünya dövlətləri tərəfindən dəstəklənməsi bədnam qonşularımızı yaman qıcıqlandırır.
Ermənistan hökuməti ölkə ərazisində yerli istifadəçilərə "Xocaliya ədalət" kampaniyasının rəsmi saytına (www.justiceforkhojaly.org) girişi qadağan etmişdir. Yerevandan olan gənc internet istifadəçilərindən biri kampaniyanın Facebook səhifəsində (http://www.facebook.com/pages/Khojaly-town/Justice-for-Khojaly-Campaign/101823787520?ref=mf) yazır: "Mənim yüksək keyfiyyətli internetim var, lakin sayta girəndə "qadağandır" sözü yazılır. Mən müxtəlif yerlərdən sayta girməyə cəhd etsəm də, eyni nəticə ilə üzləşirəm".
Ermənistan əhalisinin, xüsusilə gənclərin internet saytlara daxil olmaqda üzləşdikləri problem bu ölkədə informasiya azadlığının və insan hüquqlarına dair beynəlxalq öhdəliklərin Ermənistan hakimiyyəti tərəfindən kobud şəkildə pozulmasının sübutudur.
"Xocaliya ədalət" kampaniyasının Facebook səhifəsinin administratoru Elməddin Mehdiyev bildirmişdir ki, həqiqətən Ermənistanda www.justiceforkhojaly.org saytına girişə qadağa qoyulmuşdur. Hətta Ermənistanın internet məkanında sayta bizim tərəfdən qadağa qoyulduğu haqda şayiə yayılmışdır. Bunun Ermənistan hakimiyyətinin növbəti yalanı olduğunu aşağıdakı faktlar sübut edir: məlum olduğu kimi, sayt kampaniyanın ABŞ-dakı fəalları tərəfindən yaradılmış və bu ilin fevralından dünyanın 101 ölkəsindən 15 min nəfər saytın materialları ilə tanış olmuşdur. Sayta girişə Azərbaycan ərazisindən məhdudiyyət qoyulması texniki baxımdan qeyri-mümkündür. Bundan başqa, erməni təbliğatçıları kampaniyanın məqsədlərindən birinin Xocalı faciəsi haqqında düzgün məlumatın məhz Ermənistan ictimaiyyətinə çatdırılması olduğunu nəzərə almamışlar. Çünki yaradıcılar tərəfindən sayta Ermənistanda girişə qadağa qoyulması məntiqə uyğun deyildir. Bu faktlara və İKT üzrə mütəxəssislərin rəylərinə əsaslanıb əminliklə demək olar ki, Xocalı qırğınını törədən və indiki Ermənistan hakimiyyətində təmsil olunanlar bu faciə barədə düzgün məlumatın Ermənistanda yayılmasının qarşısını almaq üçün ölkədə sayta girişə qadağa qoymuşlar.
Xocalı faciəsinin dünya dövlətləri tərəfindən soyqırımı kimi tanınması, qətliama ayrı-ayrı ölkələrin qanunverici orqanları tərəfindən obyektiv qiymət verilməsi tarixi zərurət olaraq qalmaqdadır. Artıq bir sıra dövlətlər 1992-ci ilin 25-26 fevralında soydaşlarımıza qarşı törədilmiş etnik təmizləmə cinayətinin əsl mahiyyətini anlayır, qətliama siyasi qiymət verilməsinin bəşəri borc olduğunu başa düşürlər.
Soyqırımın tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlər artıq daha ciddi nəticələr verməkdədir.
Dünyanın bir çox nöqtələrində insanlığa qarşı baş verən və həyata keçirilən cinayətlərlə bağlı İKT tərəfindən bir neçə proqram reallaşdırılır. Lakin təhlillər göstərir ki, ən böyük haqsızlıq Xocalı soyqırımı ilə bağlıdır, çünki dünya bu hadisələrin arxasında hansı səbəblərin durduğunu və Dağlıq Qarabağ münaqişəsinin təkanverici qüvvəsinin nə olduğu barədə həqiqətlərin heç on faizini də bilmir. Buna görə də Leyla Əliyevanın təşəbbüsü təqdir olunmalı və alqışlanmalıdır.
"Xocalıya ədalət" beynəlxalq kampaniyası hansısa xalqa qarşı yönəlməmişdir. Xocalıya ədalət - Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və erməni xalqının yoluxucu "böyük Ermənistan" şovinizm ideologiyasından azad edilməsidir, Xocalıya ədalət - həlak olan insanların xatirəsinə münasibətdə ədalətdir.
Xocalıda azərbaycanlıların soyqırımına qarşı etirazını bildirən ilk rusiyalılardan biri, yazıçı, "Qarabağın qanlı girdabı" kitabının müəllifi Yuri Pompeyev 1992-ci il fevralın 26-da olmuş hadisələr barədə öz təəssüratlarını bölüşmüşdür. Onun sözlərinə görə, 1990-ci ilin Qara Yanvarından sonra Azərbaycana qarşı növbəti qanlı aksiyanın hazırlandığı məlum idi. O, sovet ordusunun 366-cı motoatıcı alayının Qarabağdan çıxarılması çağırışı ilə Rusiya rəhbərliyinə teleqram göndərməklə buna mane olmağa çalışmışdı. "Təəssüf ki, bunu etmək mümkün olmadı", - deyə üzr istəyən yazıçı bildirmişdir.
26 fevral yalnız Azərbaycanda deyil, digər müsəlman ölkələrində də humanitar fəlakət qurbanlarının xatirəsinin anma günü kimi tarixə düşmüşdür. Bu isə faciənin soyqırımı kimi tanıdılmasına yönəldilmiş addımların nəticəsiz qalmadığını sübut edir.
Tarix unudulmaq üçün yazılmır. Erməni vəhşilikləri Azərbaycan tarixinin qanla yazılmış səhifəsidir. Bu səhifəyə yazılmış cinayətlər xalqımızın qan yaddaşına həkk olunmuşdur. Erməni terroru, qətliamı qurbanlarının ruhu bizi qisasa səsləyir. İnanırıq ki, Xocalı soyqırımını törədənlər öz layiqli cəzalarını alacaq və şəhidlərimizin ruhu dinclik tapacaqdır. Bu, gec-tez baş verəcəkdir. Çünki Azərbaycan yerləşdiyi bölgədə söz və nüfuz sahibidir, gündən-günə güclənir və qüdrətlənir. Gücümüz və qüdrətimiz, dövlət başçımızın qətiyyəti sayəsində Azərbaycan xalqının haqq işi qalib gələcəkdir.
Albina ATLIXANOVA,
AzərTAc-ın müxbiri
Azərbaycan.- 2010.-27
fevral.- S. 3.