Pedaqoji və ictimai-siyasi fəaliyyətində nüfuz qazanan alim

 

Elm xadimlərinin, söz-sənət adamlarının nüfuzu, məşhurluğu yalnız yaradıcılıq səviyyələri, axtarış və kəşflərinin miqyası ilə ölçülmür. Bu məsələdə dost-tanış yanında, el arasında, ümumən cəmiyyətdə qazanılan xətir-hörmət də misilsiz rol oynayır. Yaxşı tanıdığımız iqtsiad elmləri doktoru, professor Rasim Nəbiyevi də 60 illik ömrünün bütün mərhələlərində - istər tələbəlik, aspirantlıq dövrü olsun, istərsə də elmi-pedaqoji fəaliyyətinin yetkinlik çağında ətrafındakıların hüsn-rəğbətini qazanan insan, əsl vətəndaş, səmimi dost, qayğıkeş ailə başçısı kimi görmüşük, sevmişik, hörmətini saxlamışıq. Rasim müəllim lap gənclik illərindən ağsaqqal elm xadimlərinin göstərdiyi düzgün yolu özünün fəaliyyət istiqaməti hesab etmişdir. Onun elmdə əldə etdiyi nailiyyətlər də özünün gərgin əməyinin, səmərəli axtarışlarının, qətiyyətinin təbii nəticəsi hesab olunmalıdır.

 

Rasim Əmir oğlu Nəbiyev 1950-ci il martın 1-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, 172 saylı orta məktəbdə və 1 saylı musiqi məktəbində təhsil almışdır. 1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. İnstitut illərində gənc Rasim elmi axtarışları ilə fərqləndiyindən "Marks təqaüdçüsü" adına layiq görülmüş, Tələbə Elmi Cəmiyyətinin sədri seçilmişdir. Hələ tələbə ikən Moskvada keçirilən Elm günlərində R.Nəbiyev Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl medalına layiq görülmüşdü.

Rasim Nəbiyev 1971-ci ildə təhsil aldığı institutun aspiranturasının əyani şöbəsinə daxil olmuş, bir il sonra hərbi xidmətə çağırılmışdır. Ordu sıralarından qayıtdıqdan sonra təhsilini davam etdirmişdir. Pedaqoji fəaliyyətinə 1975-ci ilin yanvar ayında Bakı Dövlət Universitetində müəllim kimi işə başlayan Rasim Nəbiyev qısa müddətdə universitetin Böyük Elmi Şurasının üzvü və fakültə dekanı seçilmiş, dövlət imtahan komissiyalarında sədr, digər şəhərlərə tələbə qəbulu üzrə komissiyanın məsul katibi, universitet partiya komitəsi nəzarət komissiyasının sədri kimi vəzifələrdə çalışmışdır. 1983-cü il onun həyatında xüsusilə əlamətdar olmuşdur. Həmin il Rasim müəllim Tbilisi Dövlət Universitetində çox böyük uğurla namizədlik dissertasiyasını müdafiə etmişdir.

Rasim Nəbiyev respublikamızın siyasi həyatında da öz bacarığını əyani göstərmişdir. 1988-ci ilin əvvəllərindən etibarən Dağlıq Qarabağ problemi ilə bağlı keçirilən ilk elmi konfransların təşəbbüskarı və təşkilatçısı kimi geniş fəaliyyəti BDU Elmi Şurası tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölkəmizin görkəmli dövlət və elm xadimləri olan Murtuz Ələsgərov, Yəhya Məmmədov, Teymur Vəliyev kimi ziyalılarla birlikdə əsl daşnak xislətli akademik Aqanbekyanın 1987-ci ilin oktyabrında Dağlıq Qarabağla əlaqədar Fransa mətbuatındakı yazılarının yalan və böhtan xarakterli mahiyyətinin ifşa olunmasında ziyalı və vətəndaşlıq borcunu şərəflə yerinə yetirmişdir.

Rasim Nəbiyev BDU-da diplomat ixtisası üzrə kadrların hazırlanmasında da müstəsna xidmətlər göstərmişdir. O, BDU-nun rektorluğu və nüfuzlu müəllimləri ilə bir sırada ölkənin baş ali təhsil müəssisəsində beynəlxalq münasibətlər, beynəlxalq hüquq, beynəlxalq iqtisadi münasibətlər, fəlsəfə və sosiologiya ixtisasları üzrə fakültələrin açılmasına səy göstərmişdir. Gənc alimin qətiyyəti və inadkarlığı sayəsində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun alimləri Y.A.Yevseyev, F.İ.Puqaçov, V.V.Qladışev, Moskva Dövlət Maliyyə Akademiyasının professorları V.N.Şenayev, A.T.Qryaznova və başqaları bir neçə dəfə BDU-da olmuş, onlar unviersitetin elmi-pedaqoji potensialı, tədris-metodik və maddi-texniki bazasının diplomat kadrların hazırlanmasına cavab verdiyini əsas götürərək ixtisasların açılması təşəbbüsünü yüksək qyimətləndirmişlər.

Azərbaycan təhsilinin inkişafındakı xidmətləri nəzərə alınaraq Rasim Nəbiyev BDU Elmi Şurası tərəfindən universitetin nəzdində yaradılan İctimai Siyasi Kollecə direktor vəzifəsinə məsləhət görülmüşdür. O illərdə respublikamızda baş verən ictimai-siyasi hadisələr bu təhsil ocağından da yan keçməmişdir. İctimai Siyasi Kollecə qarşı edilən haqsızlıqlar və ədalətsizliklər Təhsil Nazirliyinin komissiyası tərəfindən araşdırılmış və bunların əsassız olduğu barədə qərar qəbul edilmişdir. 1993-cü il may ayının 22-də nazirliyin nəzdində fəaliyyət göstərmiş DAEK bu təhsil müəssisəsinin Ali İctimai-Siyasi Kollec adı ilə müstəqil ali məktəb kimi fəaliyyət göstərməsinə icazə vermişdir. 2005-ci ildən etibarən isə bu ali məktəb Azərbaycan İctimai-Siyasi Universiteti kimi fəaliyyət göstərir.

Azərbaycan İctimai-Siyasi Universiteti ölkənin nümunəvi, qabaqcıl ali məktəblərindən biri kimi tanınır. Hazırda bu təhsil ocağında Milli Elmlər Akademiyasının 5 həqiqi üzvü, 51 elmlər doktoru və professor, 36 elmlər namizədi, dosent doqquz ixtisas üzrə ali təhsilli mütəxəssislərin hazırlanması ilə məşğuldur. Ali məktəbdə üç fakültə, 10 kafedra fəaliyyət göstərir. Respublikamızda ilk "Heydər Əliyev məktəbi" məhz Azərbaycan İctimai-Siyasi Universitetində yaradılmışdır.

Rasim Nəbiyev Azərbaycan iqtisad elminin inkişafına mühüm töhfələr vermişdir. Onun bazar iqtisadiyyatının təsərrüfatçılıq metodlarının araşdırılması ilə bağlı əsərləri geniş oxucu kütləsi və iqtisadi sahədə çalışan mütəxəssislər tərəfindən böyük maraqla qarşılanmışdır. İqtisadi nəzəriyyənin mühüm problemlərinə həsr olunan "Azərbaycanın keçid dövründə kommersiya hesabatının nəzəri və praktik problemləri" monoqrafiyası Rasim Nəbiyevin doktorluq işi kimi olduqca qiymətlidir. Bir monoqrafiyanın, iki kitabın, yüzdən çox məqalənin müəllifi olan Rasim müəllim hazırda "Keçid iqtisadiyyatlı ölkələrdə bazar iqtisadiyyatının Azərbaycan modeli" adlı kitab üzərində işləyir.

2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Müdafiə Şurasında doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edən Rasim Nəbiyev 2004-2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının iqtisad və hüquq elmləri üzrə Ekspert Şurasının sədri kimi səmərəli fəaliyyət göstərmişdir.

Rasim Nəbiyev ölkənin ictimai-siyasi həyatında da fərqlənən ziyalılarımızdandır. O, 1994-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 1998-ci ildən etibarən YAP Yasamal rayon təşkilatı idarə heyətinin üzvü və rektoru olduğu ali məktəbin ilk partiya təşkilatının sədri, 2000-ci ildən isə Yasamal Rayon Ziyalılar Cəmiyyətinin rəhbəridir. Yeni Azərbaycan Partiyasının I, II, III və IV qurultaylarının nümayəndəsi seçilən R.Nəbiyev prezident və parlament seçkilərində, Yeni Azərbaycan Partiyasının keçirdiyi bir sıra tədbirlərdə fəal iştirakı ilə nümunə göstərir.

Elmi-pedaqoji və ictimai-siyasi sahədəki fəaliyyəti ilə yanaşı, xeyriyyəçilik missiyasını da ləyaqətlə davam etdirən professor Rasim Nəbiyev şəhid və qaçqın ailələrinə, qocalara və əlillərə maddi və mənəvi kömək göstərilməsini həmişə savab iş saymışdır. O, respublikamızda zəruri ehtiyac duyulan onlarca elmi əsərin, dərsliklərin çap olunmasına himayədarlıq etmişdir. Rəhbərlik etdiyi ali məktəbin bilavasitə maliyyə yardımı ilə çap olunan "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti"nin böyük faydası var.

Təhsil sahəsində və ictimai fəaliyyətində qazandığı uğurlara görə, Rasim Nəbiyev Yusif Məmmədəliyev adına mükafata, Təhsil Nazirliyinin və YAP Mərkəzi Aparatının fəxri fərmanlarına layiq görülmüş, dəfələrlə təşəkkür almışdır. Yaxın dostumuz, siyasi həmfikrimiz Rasim müəllimin ən böyük mükafatı isə yetişdirdiyi tələbələrin və onların valideynlərinin hörməti, məhəbbətidir. Onun xətrini iş yerində, ictimaiyyət arasında, ailəsində, dostlarının yanında olduqca əziz tutur, hörmətini saxlayırlar. Rasim müəllim isə nəcibliyi və xeyirxahlığı özünün həyat kredosu sayır. Müəllim yoldaşımıza və dostumuza 60 yaşın zirvəsində yeni pedaqoji uğurlar, cansağlığı və xoşbəxtlik arzulayırıq.

 

 

Budaq BUDAQOV,

Akademik

 

Asəf NADİROV,

Akademik

 

Azərbaycan.- 2010.- 27 fevral.- S.7.