Prezident İlham Əliyev Qəbələdə
"Gilan" piano fabrikinin açılışında
iştirak etmişdir
Fevralın 27-də Prezident İlham Əliyev Qəbələdə "Gilan" piano fabrikinin açılışında iştirak etmişdir.
Müəssisənin kollektivi dövlət başçısını hərarətlə qarşıladı.
Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və müəssisənin işi ilə yaxından tanış oldu.
Dövlət başçısı müəssisədə istehsal olunan pianolara baxdı. Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli müəssisənin ilk məhsulunu sınaqdan keçirdi.
Sonra dövlət başçısı istehsal prosesini müşahidə etdi.
Məlumat verildi ki, ölkəmizdə sənayenin, xüsusilə qeyri-neft sektorunun inkişafı diqqət mərkəzindədir. Bu baxımdan ənənəvi istehsal sahələri ilə yanaşı, yeni istehsal müəssisələri də fəaliyyətə başlayır. Qəbələ rayonunda inşa edilən "Gilan" piano fabriki də belə istehsal qurumlarından biridir.
Regionda analoqu olmayan və ən son beynəlxalq standartlara cavab verən fabrik inzibati bina və istehsal sahəsindən ibarətdir. Pianolar sexlərdə yığılaraq xüsusi avadanlıqla təchiz olunmuş 6 otaqda köklənir və sazlanır. Fabrikdə ildə 1200-1500 piano istehsal ediləcəkdir. Hazırda burada 120 nəfər çalışır. Müəssisə tam gücü ilə işləməyə başlayandan sonra işçilərin sayı 350-yə çatdırılacaqdır.
Fabrikin 150 nəfərlik yeməkxanası, sərgi salonu və yataqxanası vardır. Ərazidə əsaslı abadlıq işləri aparılmışdır.
Prezident İlham Əliyevə müəssisədə istehsal olunmuş ilk piano hədiyyə edildi.
AzərTAc
Azərbaycan.- 2010.- 28 fevral.- S. 1.