Prezident İlham Əliyev Qəbələdə
məcburi köçkünlər
üçün salınmış
məhəllədə olmuşdur
Fevralın 27-də Prezident İlham Əliyev Qəbələnin Zarağan kəndində məcburi köçkünlər üçün salınmış məhəllədə olmuşdur.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verdi ki, "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na Prezident İlham Əliyevin 2007-ci il 31 oktyabr tarixli Sərəncamı ilə edilmiş Əlavələrə uyğun olaraq Qəbələ rayonunun Zarağan bələdiyyəsi ərazisində məcburi köçkün ailələri üçün məhəllə salınmışdır. Məhəllənin tikintisinə 2008-ci ilin oktyabrında başlanmış və inşaat işləri cari ilin fevralında yekunlaşdırılmışdır. Rayondakı "Qafqaz" turizm bazası və "Lalə" sağlamlıq mərkəzində müvəqqəti məskunlaşan 155 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan və 4 hektar sahəni əhatə edən məhəllədə beşmərtəbəli 2 yaşayış binası və 188 şagird yeri olan məktəb binası tikilmişdir. Beşmərtəbəli binalardan biri 80, digəri isə 75 mənzillidir. Ümumi sahəsi 10 min 946 kvadratmetr olan yaşayış binalarında 30 birotaqlı, 70 ikiotaqlı və 55 üçotaqlı mənzil vardır. Məhəllənin su, elektrik enerjisi və qaz təchizatı üçün müvafiq şəbəkələr yaradılmışdır. Buraya uzunluğu 2 kilometrdən çox olan qaz xətti çəkilmiş, həmçinin 4 artezian quyusu qazılmış, 1,4 kilometr uzunluğunda su xətti istifadəyə verilmişdir. Məhəllədə kanalizasiya şəbəkəsi, istilik sistemi yaradılmış, əraziyə asfalt-beton örtük salınmış, abadlıq və yaşıllaşdırma işləri görülmüşdür.
Prezident İlham Əliyev mənzillərdə
yaradılmış şəraitlə
tanış oldu.
AzərTAc
Azərbaycan.- 2010.-28
fevral.- S. 2.