Məcburi köçkünlər
və Qəbələ rayon ictimaiyyətinin nümayəndələri
ilə görüş
Prezident İlham Əliyev fevralın 27-də Qəbələdə məcburi köçkünlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.
Prezident İlham ƏLİYEV yeni mənzil alan məcburi köçkünləri təbrik edərək dedi:
- Mən sizi ürəkdən salamlayıram və məcburi köçkünləri yeni gözəl evlərin istifadəyə verilməsi münasibətilə təbrik edirəm. Siz bu evlərdə rahat yaşayın, yaxşı yaşayın. Siz uzun illərdir ki, turbazada, pioner düşərgəsində çətin, ağır vəziyyətdə yaşayırsınız. Amma artıq bu gündən yaxşı, gözəl şəraitdə yaşayacaqsınız. Bilirsiniz ki, Azərbaycan dövləti, Azərbaycan hökuməti məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və onların məşğulluğunun artırılması üçün çox böyük işlər görür. Dövlət Proqramı qəbul edilibdir və ilk mərhələdə ən ağır vəziyyətdə yaşayan soydaşlarımızın problemləri həll olundu. Artıq Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi yoxdur. İndiki mərhələdə digər yerlərdə yararsız binalarda yaşayan soydaşlarımızın problemləri həll olunmalıdır.
Qəbələ rayonunda bu proses gedir və demək olar ki, ölkəmizin müxtəlif yerlərində biz bu işlərə başlamışıq. Bakıda, digər rayon mərkəzlərində məcburi köçkünlər üçün çoxmərtəbəli evlər tikilir. Burada yaşayış şəraiti yaxşıdır və əminəm ki, siz bu evlərdə rahat yaşayacaqsınız. Ancaq əsas məsələ ondan ibarətdir ki, siz öz doğma torpaqlarınıza qayıdasınız. Budur əsas məsələ. Görülən bu tədbirlər və ayrılan böyük vəsaitlər müvəqqəti xarakter daşıyır ki, biz məcburi köçkünlərin yaşayış səviyyəsini yaxşılaşdıraq, sizin həyatınızı yüngülləşdirək. Ancaq əsas məsələ öz həllini tapmalıdır.
Biz, bütün Azərbaycan xalqı dünən böyük faciənin ildönümünü qeyd etdik. Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı yaddaşımızdan heç vaxt silinməyəcəkdir. İnsanlığa qarşı o qanlı cinayət artıq bütün dünya tərəfindən tanınır və bizim səylərimiz, Azərbaycan dövlətinin, ictimai təşkilatların, diaspor təşkilatlarının, gənclərin, xaricdə yaşayan tələbələrin səyləri nəticəsində artıq bütün dünya bunu bilir. Baxmayaraq ki, müharibənin ilk illərində erməni təbliğatı bu məsələni ört-basdır etmək üçün böyük səylər göstərmişdi və deyə bilərəm ki, müəyyən uğurlar da əldə edə bilmişdi. Bizim təbliğat imkanlarımız çox məhdud idi. Erməni diasporu və onların dünyadakı havadarları tarixi həqiqəti təhrif etməklə, demək olar ki, Xocalı həqiqətlərini gizlətmişdilər. Ancaq bu gün bütün dünya bilir və dünən dünyanın müxtəlif yerlərində yüksək səviyyədə keçirilən tədbirlər və o tədbirlərdə müxtəlif ölkələrin dövlət, hökumət və ictimaiyyət nümayəndələrinin iştirakı onu göstərir ki, artıq biz bu faciə ilə bağlı bütün həqiqətləri dünya birliyinə çatdıra bilmişik.
Ancaq bu, hələ işin birinci mərhələsidir. Biz çalışmalıyıq ki, Azərbaycan xalqına qarşı soyqırımında iştirak etmiş cinayətkarlar cinayət məsuliyyətinə cəlb olunsunlar. Əminəm ki, o gün gələcək və Azərbaycan xalqının qanına əli batmış bütün cinayətkarlar, bütün quldurlar cəzalarını alacaqlar. O ki qaldı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, Azərbaycan öz səylərini davam etdirəcəkdir. Biz çalışırıq və çalışmalıyıq, ölkəmizi hərtərəfli inkişaf etdirək, gücləndirək ki, danışıqlarda, ümumiyyətlə, Ermənistanla qarşıdurmada mövqelərimiz daha da güclənsin. Beynəlxalq müstəvidə buna nail ola bilmişik.
Beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir. Beynəlxalq təşkilatlar məsələnin ərazi bütövlüyü və beynəlxalq hüquq normaları əsasında həll olunmasını təsdiqləyir. Bunu təsdiqləyən çoxsaylı beynəlxalq sənədlər vardır. Ancaq əfsuslar olsun ki, bütün bu səylərə baxmayaraq, məsələ öz həllini tapmır. Çünki qarşı tərəf - Ermənistan tərəfi məsələni uzatmaq istəyir. Status-kvo vəziyyətini saxlamaq istəyir və yaranmış vəziyyəti qanuniləşdirmək istəyir. Biz buna heç vaxt imkan verə bilmərik. Öz siyasi və diplomatik səylərimizi istənilən müstəvidə, istənilən formada davam etdirəcəyik. Həm beynəlxalq təşkilatlarda, həm ikitərəfli münasibətlərdə bu məsələ daim gündəlikdədir.
Məsələ ilə məşğul olan həmsədr ölkələrin rəhbərləri ilə də mənim çoxsaylı görüşlərim olubdur. Bu görüşlər əsnasında Azərbaycanın haqlı mövqeyi daim vurğulanıbdır. Yəni, artıq bütün dünya bilir ki, Azərbaycan torpaqları işğal olunub, işğalçı dövlət işğal edilmiş torpaqlardan çıxmaq istəmir və məsələni uzatmaq istəyir. Biz isə buna heç cür imkan verə bilmərik. Biz istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun, biz istəmirik ki, müharibə yenidən başlasın. Ancaq eyni zamanda, özümüzü gücləndiririk, ölkəmizin hərbi-iqtisadi potensialını gücləndiririk və hər an torpaqlarımızı istənilən yolla düşməndən azad etmək üçün hazır olmalıyıq. Bunu etmək üçün bir daha demək istəyirəm ki, Azərbaycan güclü olmalıdır. Bugünkü dünyanın müxtəlif yerlərində baş vermiş hadisələr onu göstərir ki, güc amili həlledici rol oynayır.
Beynəlxalq hüquq normaları əlbəttə ki, böyük əhəmiyyət daşıyır. Azərbaycan müstəqil, suveren ölkə kimi istəyir ki, bütün məsələlər qanun çərçivəsində, dünyada qəbul edilmiş normalar əsasında həll olunsun. Əgər bu beynəlxalq qanun normaları pozulursa, onda demək olar ki, dünya birliyinin beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətini tənzimləyən mexanizmlər işləmir. Əgər dünyanın ən böyük, ən mötəbər təşkilatı - BMT-nin Təhlükəsizlik Şurasının, bu da BMT-nin ən vacib orqanıdır,- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş 4 qətnaməsi icra edilmirsə, onda hansı beynəlxalq hüquq normalarından danışmaq olar.
BMT-nin Təhlükəsizlik Şurasının dünyanın aparıcı ölkələri olan 5 daimi üzvü vardır. Onlardan üçü Minsk qrupunun həmsədrləridir. Təhlükəsizlik Şurasının qətnamələri, eyni zamanda, əlbəttə ki, bütün BMT üçün əsas olmalıdır. Ancaq bu qətnamələrin qəbul edilməsində daimi üzvlər aparıcı rol oynayır. Daimi üzvlər istənilən qərara veto qoya bilərlər, yəni bu qərar onların qərarıdır. Nə üçün təxminən 20 il keçəndən sonra bu qərarlar icra olunmur?! Nə üçün işğalçı dövlətə ciddi xəbərdarlıq edilmir?! Nə üçün onlar təcrid olunmur?! Axı, onlar bütün beynəlxalq normaları pozublar, müharibə cinayətləri törədiblər. Xocalı soyqırımını törədiblər. Yüzlərlə günahsız Azərbaycan vətəndaşı həlak olub, vəhşicəsinə öldürülüb. Amma buna heç kim məsuliyyət daşımır. Müharibə cinayətkarları dünyanı sərbəst gəzirlər, onlar üçün şərait yaradılır. Onlar müxtəlif paytaxtlarda qəbul edilir. Onlar müharibə cinayətkarlarıdır. Biz görürük ki, bəzi başqa yerlərdə müharibə zamanı törədilmiş cinayətlərə görə quldurlar, cinayətkarlar beynəlxalq məhkəmələrə cəlb olunur, onlar ədalət qarşısında cavab verirlər.
Amma, erməni
quldurlarının sanki bir immuniteti vardır. Bu, ədalətsizlikdir,
bu, ikili standartlardır. Bu vəziyyət dözülməzdir.
Biz bilirik ki, dünyada erməni
lobbisinin imkanları, o cümlədən maliyyə
imkanları vardır. Onlar müxtəlif ölkələrdə
bəzi riyakar və rüşvətxor siyasətçiləri
də ələ alıblar. Onlara pul verməklə, müxtəlif
imtiyazlar yaratmaqla və o insanlardan istifadə edib öz
mövqelərini möhkəmləndirməyə
çalışırlar. Biz isə istəyirik ki, məsələ
ədalətli, beynəlxalq hüquq əsasında həll
olunsun. Bizim heç bir başqa ölkəyə ərazi
iddiamız yoxdur. Halbuki bugünkü Ermənistan əzəli
Azərbaycan torpağında yaradılmışdır. Buna
baxmayaraq, bizim heç kimə qarşı ərazi iddiamız
yoxdur. Biz istəyirik ki, bizim torpaqlarımız, qanuni
torpaqlarımız, əzəli torpaqlarımız beynəlxalq
birlik tərəfindən Azərbaycan torpaqları kimi
tanınan torpaqlarımız, qayıtsın. Bizim vətəndaşlarımız,
siz oraya qayıdasınız. Öz doğma
torpağınıza qayıdasınız. Bizim istəyimiz
budur.
Bir tərəfdən bizə
deyilir ki, məsələ sülh yolu ilə həll olunsun.
Biz də bunun tərəfdarıyıq. Amma heç kim
unutmamalıdır ki, ermənilər o torpaqları sülh yolu
ilə zəbt etməyiblər. Bizim torpaqlarımız
müharibə yolu ilə, başqa ölkələrin dəstəyi
ilə işğal olunubdur. Baxmayaraq ki, o hadisələrdən
artıq 20 ilə yaxın vaxt keçir, bunu heç kim
unutmamalıdır. Azərbaycan vətəndaşları, gənclər,
gənc nəsil bunu daim yadda saxlamalıdır. Yəni, ermənilər
bunu zor gücü ilə ediblərsə, bizə nə
üçün daim tövsiyə edilir ki, sülh yolu ilə
həll olunsun. Mən bir daha demək istəyirəm ki,
heç kim müharibə istəmir. Kim istəyər ki, indi
müharibə olsun. Ancaq biz bu dözülməz vəziyyətlə
nə qədər barışmalıyıq?! Nə qədər
dünya ictimaiyyəti və bu məsələ ilə məşğul
olan tərəflər belə təmkinli mövqedə
olacaqlar?!
Biz yaranmış bu vəziyyətlə
barışa bilmərik. Status-kvo bizi qane etmir. Status-kvo dəyişməlidir
və ədalətli dəyişməlidir. Erməni
işğalçı qüvvələri bütün
torpaqlarımızdan qeyd-şərtsiz
çıxarılmalıdır. Ondan sonra sülh və əməkdaşlıq
yarana bilər. Bizim prinsipial mövqeyimiz bundan ibarətdir. Bu məsələ
Azərbaycanın ərazi bütövlüyü əsasında
öz həllini tapmalıdır və tapacaqdır. Sadəcə
olaraq, biz istəyirik ki, bu, tezliklə olsun və ermənilər
öz xoşu ilə işğal edilmiş torpaqlardan
çıxsın. Bunu etmək üçün bir daha demək
istəyirəm ki, biz güclü olmalıyıq.
Dünyada gedən proseslər
onu göstərir ki, kim güclüdürsə, o da
haqlıdır. Əfsuslar olsun ki, belədir. Amma bu, həqiqətdir
və biz bu real dünyada yaşayırıq, biz virtual
dünyada yaşamırıq. Hamı istəyər ki,
qanunlar, beynəlxalq hüquq normaları işləsin, ədalət
olsun. Ancaq biz bunu görmürük. Biz bu münaqişənin
timsalında görürük ki, ədalətsizlik 20 ilə
yaxındır davam edir və nə qədər də davam edəcək.
Ona görə güclü olmaq üçün biz
bütün imkanlarımızı səfərbər etməliyik.
İqtisadi inkişafımızı daha da gücləndirməliyik.
Baxmayaraq ki, bu gün Azərbaycan dünya miqyasında ən
sürətlə inkişaf edən ölkədir. 2009-cu ilin
yekunlarına görə dünya miqyasında bütün
ölkələr arasında iqtisadi cəhətdən ən
sürətlə inkişaf edən ölkə Azərbaycandır.
Biz iqtisadi imkanlarımızı daha da gücləndirməliyik.
Görülən bütün işlər bu məqsədi
güdür.
Hərbi quruculuq, ordu
quruculuğu daha da sürətlə getməlidir. Çox
işlər görülüb, amma hələ də çox
işlər görülməlidir. Bu məqsədlə bizim
bütün proqramlarımız icra edilir. O cümlədən
regional inkişaf proqramı və bütün regionlarda gedən
quruculuq işləri əlbəttə ki, ölkəmizi
gücləndirir. Bu istiqamətdə əlavə tədbirlər
görüləcəkdir. Mən şübhə etmirəm
ki, Azərbaycan uğurlu inkişafını 2010-cu ildə də
davam etdirəcəkdir. Qarşıda duran bütün vəzifələr
icra ediləcək və ölkə qarşısında duran
iqtisadi və sosial problemlər öz həllini tezliklə
tapacaqdır.
Biz Azərbaycanın son illərdəki
inkişafını Qəbələ rayonunun timsalında da
çox əyani şəkildə görürük. Qəbələ
sözün əsl mənasında sürətlə
inkişaf edir, böyük quruculuq, abadlıq işləri
aparılır. Hər dəfə Qəbələdə
olanda, yenilikləri görəndə çox sevinirəm.
Şəhər abadlaşır, müxtəlif tədbirlər
görülür. Bu gün, misal üçün, artıq
bir neçə tədbirdə iştirak etmişəm. Qəbələdə
ən yüksək standartlara cavab verən piano fabriki istifadəyə
verilibdir. Bu, çox böyük bir hadisədir və onu
göstərir ki, Azərbaycanın inkişafına xarici və
yerli investorlarda böyük inam vardır. Bu gün
avtovağzalın açılışında iştirak
etdim. Ondan sonra kənd təsərrüfatı ilə
bağlı yeni yaradılmış müəssisələrlə
tanış oldum. Qəbələnin, bildiyiniz kimi, çox
böyük turizm potensialı vardır. Artıq bu potensialdan
çox səmərəli şəkildə istifadə olunur.
Mən hər dəfə Qəbələdə olarkən bu məsələni
xüsusilə vurğulayıram ki, gözəl təbiəti,
zəngin tarixi və təbii imkanları Qəbələnin
beynəlxalq turizm mərkəzinə çevrilməsində
çox mühüm rol oynamalıdır və bu gün bunu
görürük. Qəbələdə beşulduzlu otellər,
otel kompleksləri, sağlamlıq mərkəzləri,
uşaq parkları yaradılır. Yəni turizm infrastrukturunun
inkişafı üçün çox böyük işlər
görülür və Qəbələ dünya miqyasında
turizm mərkəzlərindən birinə çevrilməlidir.
Bunu etmək üçün bir daha demək istəyirəm
ki, həm təbii şərait, həm də ki, artıq
infrastruktur vardır. Bakı-Qəbələ yolu - artıq
onun bir hissəsi tikilib. Bakı-Şamaxı yolu artıq
bütün dünya standartlarına cavab verir. Ondan sonra
Şamaxı-İsmayıllı, İsmayıllı-Qəbələ,
Qəbələ-Balakən yolu da tikiləcəkdir. Beləliklə,
turizmin inkişafı üçün vacib olan yol infrastrukturu
tamamilə yeniləşəcəkdir. Qəbələnin
içməli su, kanalizasiya problemləri öz həllini
tapmaqdadır. Artıq böyük layihə də icra
olunmağa başlamışdır və Qəbələnin
bütün içməli su, kanalizasiya problemi iki il ərzində
həllini tapmalıdır. Elektrik enerjisi ilə təchizat
yaxşılaşdırılacaqdır. Bu gün yeni
yarımstansiyanın açılışında iştirak
edəcəyəm. Qazlaşdırma prosesi sürətlə
gedir, sosial obyektlər - uşaq bağçaları, məktəblər
tikilir. Yəni rayonun inkişafı üçün
bütün lazımi tədbirlər görülür. Bunun nəticəsidir
ki, son altı il ərzində Qəbələnin
iqtisadiyyatı təxminən 4 dəfə artıb.
Böyük bir nailiyyətdir və göstəricidir. Ən
önəmlisi ondan ibarətdir ki, bu, təkcə statistik rəqəmlərlə
ölçülmür, eyni zamanda, burada gedən
abadlıq-quruculuq işlərini hər bir vətəndaş
öz gözü ilə görə bilər.
Mən görülən
bütün bu işlərlə bağlı müsbət rəyimi
bildirmək istəyirəm. Qəbələlilərə yeni
uğurlar arzulamaq istəyirəm və bilin ki, Qəbələni
müasir, gözəl turizm mərkəzinə çevirmək
üçün əlavə tədbirlər də
hazırlanır və o da tezliklə reallaşacaqdır.
Sizi isə, əziz
soydaşlarım, bu evlərin istifadəyə verilməsi
münasibətilə bir daha təbrik edirəm. Burada yeni bir
ev də tikiləcək, məktəb də artıq tikilməkdədir.
Yəni, müvəqqəti olsa da, burada yaşamaq
üçün bütün şərait vardır. Mən əminəm
ki, gün gələcək və biz yeni gözəl evlərin
tikintisini işğaldan azad ediləcək torpaqlarda qeyd edəcəyik.
Yeni mənzil alanlar
adından çıxış edən
- Cənab Prezident, Qəbələ
rayonunda məskunlaşmış 598 məcburi
köçkün ailəsi adından Sizi salamlayırıq.
Vaxtınızı ayırıb biz köçkünlərlə
bu gün görüş keçirdiyinizə görə Sizə
böyük minnətdarlığımızı bildiririk.
Mən tarixi heç vaxt
yaddaşımdan silinməyən ulu öndərimizin belə
bir müdrik kəlamını bu gün xatırlatmaq istəyirəm.
Hələ vaxtilə, 1993-cü ildə ulu öndərimiz
demişdi: "Vaxt gələcək Azərbaycan bütün
dünyaya günəş kimi doğacaqdır". Bəli,
ulu öndərimiz tərəfindən deyilən deyim artıq
bu gün reallıqdır. Günəşli Azərbaycanımız
dünyanın bütün ölkələrinə nur
saçır. Dünyanın qabaqcıl ölkələri bu
gün Azərbaycan dövləti, onun Prezidenti ilə
hesablaşır. Sizin dediyiniz kimi, Azərbaycan elə
inkişaf etməlidir ki, gələcəkdə
dünyanın zəngin və qüdrətli dövlətinə
çevrilsin. Bu gün inamla, fəxrlə deyə bilərik
ki, bəli, cənab Prezident, məhz, Sizin gərgin əməyinizin,
fəaliyyətinizin nəticəsində müstəqil Azərbaycanımız
beynəlxalq aləmdə qüdrətli bir dövlətə
çevrilmişdir. Azərbaycan xalqı tam inamla əmindir
ki, onun gələcəyi, onun dövlətçilik taleyi
etibarlı əllərdədir.
Biz 18 ilə yaxındır
ki, bu gözəl diyarda, Qəbələdə məskunlaşmışıq.
O gündən bu günə, - icazənizlə bir məqamdır,
mən bütün mehriban qəbələlilərə
çatdırmaq istəyirəm, bugünkü məqamdan
istifadə edib deyirəm, - həmişə çətin
günümüzdə bizə dayaq olublar. Odur ki, bütün
zəhmət adamlarına, qəbələlilərə məcburi
köçkünlər adından minnətdarlığımızı
bildiririk.
Qaldı ki, bu gözəl,
yaraşıqlı, müasir tələblərə cavab verən
binaya, onu bu gün 152 ailəyə bağışlayırsınız.
Bunun özü, - sözlə ifadə etmək çətindir,
- biz köçkünlərə dövlətimizin
böyük qayğısının təzahürüdür.
Ancaq biz belə rahat otaqlarda yaşamaqla, çox gözəl
açıqladınız, cənab Prezidentimiz, əmin olun ki,
heç də bununla kifayətlənmək arzusunda deyilik.
Bütün məcburi köçkünlərin yeganə
arzusu işğal altında olan torpaqlarımıza
qayıtmaqdır. Biz gecəli-gündüzlü qəlbimizi
yaralayan, bizi rahat buraxmayan ana torpağımıza
qayıdacağıq. Biz buna varlığımız kimi əminik.
Ona görə ki, belə müdrik, ulu öndərimizin sadiq
siyasi davamçısı olan cənab Prezidentimiz İlham Əliyev
kimi liderimiz, şəxsiyyətimiz vardır.
Bir daha xatırlatmaq istəyirəm
ki, doğrudan da ulu Tanrımız bizim Azərbaycana
böyük bir xoşbəxtlik də qismət edibdir. Cənab
Prezident Siz, həm də Azərbaycanımızın birinci
xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban
xanım kimi bir şəxsiyyətlə düşmənlərimizə
qarşı birgə mübarizə aparırsınız.
Mehriban xanımı da ürəkdən
alqışlayırıq. Təkcə Sizin ikinizlə
yekunlaşmır. Hamıya məlumdur ki, Sizin gənc
övladınız Leyla xanım Əliyeva, - bu günlərdə
mətbuatda, televiziyada biz gördük, buna fərəhlənirik,
buna qəlbimiz coşur, - Xocalı fəryadını
bütün dünyaya yaydı. Bax, görülən işlərin
hamısı son nəticədə bunlarla ölçülməlidir.
Mən əminəm ki,
doğma yurdumuz, - Kəlbəcərimiz, Şuşamız,
Ağdamımız, bütün işğal altında olan
rayonlarımız azad olunacaqdır. Biz
çal-çağır dövrlərimizi o diyarda
yaşadacağıq. Mənim ən böyük arzum budur ki,
tarixi abidələr şəhəri olan, gözəl təbiətinə
görə seçilən Kəlbəcərimiz,
Qarabağın zümrüd tacı olan doğma
Şuşamız işğaldan azad edilsin, üçrəngli
bayrağımız Şuşada dalğalansın. Cənab
Prezident, arzumuz budur ki, o torpaqlarda yeni binaların, abidələrin
açılışında şəxsən Sizinlə və
Sizin bütün ailə üzvlərinizlə,
respublikamızın qabaqcıl ziyalıları ilə birlikdə
iştirak edək. Ulu Tanrı Sizi qorusun. Allahdan arzum budur.
Sözümü
yekunlaşdırmaq istəyirəm. Amma qəlbim doludur,
çünki hörmətli Prezidentimizin qarşısında
çıxış etmək mənim üçün,
bütün məcburi köçkünlər, bütün vətəndaşlar
üçün şərəfdir. Hər bir Azərbaycan vətəndaşı
dərk edir ki, müstəqil Azərbaycan Respublikamızın
qüdrətli dövlətə çevrilməsi işində,
torpaqlarımızın erməni işğalından azad edilməsi
uğrunda mübarizədə ümummilli liderimiz Heydər Əliyev
siyasi kursunun layiqli və cəsarətli davamçısı
cənab Prezident İlham Əliyevə öz əməli fəaliyyətimizlə
dayaq olmalıyıq. Respublikamızda bu gün reallıq, durum
bax belədir. Dövlətimiz, Prezidentimiz xalqa, xalqımız
isə dövlətimizə, Prezidentimizə arxa və
dayaqdır. Ulu Tanrı həmişə Sizə yar olsun.
Qəbələ sakini
Şirin ŞİRİNOV dövlətimizin
başçısına müraciətlə dedi:
- Cənab Prezident, icazə
verin mən də qəbələlilər adından Sizi Azərbaycanın
bu gözəl diyarında salamlayım və Sizə
"Xoş gəlmisiniz!" deyim. Sizin Qəbələyə
hər gəlişiniz bizim üçün böyük bayram
olur, Qəbələnin inkişafında yeni mərhələ
açılır. Bizim gözəl Qəbələmiz
gündən-günə inkişaf edir. 2008-ci ildəki gəlişinizdən
keçən bu az dövrdə Qəbələ tanınmaz dərəcədə
inkişaf edib. İndi burada istifadəyə verilən obyektlərin
sayı da durmadan artır. Bütün bunların
hamısı Sizin bizə göstərdiyiniz böyük diqqət
və qayğının nəticəsidir. Mən qeyd etmək
istəyirəm ki, Sizin apardığınız düzgün
siyasət nəticəsində bu gün Azərbaycanımız
regionda həyata keçirilən ən irimiqyaslı layihələrin
əsas təşkilatçısı və
iştirakçısıdır. O cümlədən
respublikamızın rayonları da, bölgələri də
durmadan inkişaf edir. Qeyd etdiyiniz kimi, Qəbələ də
inkişaf edən bu bölgələrin içərisində
öndə gedən rayonlardan biridir.
Ulu öndərimiz Qəbələnin
ecazkar gözəlliyinə çox böyük diqqət
verirdi. Onu dünyanın ən yaxşı inkişaf etmiş
turizm diyarları ilə, İsveçrə ilə müqayisə
edirdi və bizə tövsiyə edirdi ki, bu gözəlliyi
qoruyaq, zənginləşdirək, gələcəkdə Qəbələni
turizmdə yaxşı inkişaf etmiş istirahət guşələrindən
birinə çevirək. Ulu öndərimizin bu tövsiyəsi
bu gün Sizin rəhbərliyiniz altında çox
böyük müvəffəqiyyətlə həyata
keçirilir və biz buna çox sevinirik.
Qəbələ kompleks
şəkildə inkişaf edir. Sizin qeyd etdiyiniz kimi,
bugünkü Qəbələ yeni zavodlar, fabriklər, istehsal
obyektləri, istirahət mərkəzləri, yüz kilometrlərlə
abad yolların ümumi bir cəmidir. O cümlədən, bu
gün Qəbələdə istehsal olunan məhsulların
xeyli hissəsi xarici bazarlarda satılır. İstifadəyə
verilən hər bir obyekt yeni iş yerləridir, əhalinin
sosial təminatının, onun maddi rifah halının
yaxşılaşmasına xidmət edir.
Cənab Prezident, mən qeyd
etmək istəyirəm, bu gün çox yaxşı,
sevindirici haldır ki, dünyanı bürüyən
işsizlik adlı problem Qəbələdə demək olar
ki, həll edilmişdir. İndi ətraf bölgələrdən
də gəlib Qəbələdə işləyənlər
vardır. Mən hətta cəsarətlə Sizə deyə
bilərəm ki, bu gün Qəbələdə xarici ölkə
vətəndaşları da fəaliyyət göstərirlər.
2008-ci ildə açılışında iştirak etdiyiniz
Müalicə-Diaqnostika Mərkəzi bu gün bizim regionun ən
yaxşı müalicə ocaqlarından biridir. Baxmayaraq ki, az
vaxdır - iki ildir, amma burada yüzlərlə xəstə
şəfa tapıbdır. Ən ağır cərrahiyyə əməliyyatları
bizim bu müalicə ocağında uğurla həyata
keçirilir. Dializ alan onlarla xəstə respublika
paytaxtına getmədən, burada müalicə olunur. Bu
gün bizim xəstəxanaya
bağışladığınız müasir avadanlıqla
təchiz olunmuş bu dörd təcili yardım
maşını da qəbələlilərin xidmətinə
verilir. Bunun üçün, cənab Prezident, mən Sizə
qəbələlilər adından dərin minnətdarlığımı
bildirirəm. Mən sevinc hissi ilə qeyd etmək istəyirəm
ki, şəxsən Sizin bizə göstərdiyiniz
böyük diqqət və qayğıya görə Qəbələni
bu gün bütün dünya tanıyır. Bu yaxın
vaxtlarda Qəbələdə keçirilən beynəlxalq
musiqi festivalına dünyanın 16 ölkəsindən
tanınmış musiqiçilər gəlmişdilər. Bu
tədbir xalqımızın milli mədəniyyətini
bütün dünyaya tanıdan çox möhtəşəm
bir tədbir idi. Mən bu gün fürsətdən istifadə
edib, həmin tədbirin təşkilatçısı, bu tədbir
üçün çox böyük zəhmət çəkən,
təhsilimizin, milli musiqi mədəniyyətimizin hamisi,
respublikamızın birinci xanımı, çox hörmətli
Mehriban xanım Əliyevaya da qəbələlilər
adından dərin minnətdarlığımı bildirirəm.
Cənab Prezident, biz Sizi
çox sevirik. Sizin hər dəfə Qəbələyə
gəlişiniz bizi çox sevindirir. Bu gün Qəbələdə
böyükdən-kiçiyə qədər hamı fəxr
edir ki, Siz bizim qonağımızsınız. Qəbələyə
tez-tez gəlin. Sizin hər gəlişiniz bizim
üçün sevinc və xoşbəxtlik gətirir. Biz qəbələlilər
həmişə dövlətimiz üçün, onun
qayğısına qalan istəkli rəhbərlərimiz
üçün çox yaxın olmuşuq. Biz
inanırıq ki, bu gün qeyd edildiyi kimi, işğal
olunmuş torpaqlarımız da Sizin rəhbərliyiniz
altında, apardığınız düzgün xarici siyasət
nəticəsində azad olunacaq, ev-eşiyindən didərgin
düşmüş bu gözəl, mehriban insanlar da öz
ata-baba yurdlarına qayıdacaqlar.
Biz çox sevinirik ki,
bütün çətinliklərə cəsarətlə sinə
gərən, bu gün tərəqqi və inkişaf yolunda
olan, Sizin dediyiniz kimi, dünyanın inkişaf etmiş ölkələri
arasında layiqli yerini tutan Azərbaycan adlı müstəqil,
gözəl bir dövlətin vətəndaşlarıyıq
və fəxr edirik ki, bizim Sizin kimi Prezidentimiz vardır. Cənab
Prezident, bir daha Sizi salamlayıram. Qəbələyə
xoş gəlmisiniz. Tanrı Sizi qorusun.
***
Prezident İlham ƏLİYEV:
Bir daha sizi ürəkdən təbrik edirəm və arzu edirəm
ki, həmişə gözəl tədbirlərdə
görüşək.
AzərTAc
Azərbaycan.- 2010.- 28 fevral.- S. 2, 3.