"XXI yüzilliyin Azərbaycan
möcüzəsi" reallıqdır
"...Biz artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq" - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 2-də Bakı Dövlət Universitetinin yubileyinə həsr olunmuş təntənəli mərasimdəki dərin məzmunlu çıxışında belə bir bəyanat var. Bütün ölkə, eləcə də ayrılıqda hər bir Azərbaycan vətəndaşı üçün önəmli olan bu hadisə barədə bəyanatın indi - qlobal maliyyə və iqtisadi böhranın dünyanı cənginə alaraq iflic etdiyi vaxtda səslənməsi xüsusilə mühüm əhəmiyyət kəsb edir.
Məlum olduğu kimi, bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövrü, adətən, uzun çəkir və müxtəlif çətinliklərlə, ağır fəsadlarla müşayiət olunur. Ötən əsrin 90-cı illərinin əvvəllərində sovet imperiyasının çökməsi nəticəsində keçmiş postsovet məkanında birləşən müttəfiq respublikalar özlərinin dövlət müstəqilliklərini elan etdilər. Bu dövlətlərin hər biri, o cümlədən Azərbaycan o vaxtadək mövcud olan tənzimlənən, sərt planlaşdırılmış təsərrüfat sistemindən imtina edərək, yeni şəraitə uyğun əsaslı islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçidə qərar verdi. Və beləliklə, uzun və ağır keçid mərhələsi başlandı.
Hələ o vaxtlar - SSRİ-nin dağılması ərəfəsində bir sıra tanınmış mütəxəssislər hansı müttəfiq respublikaların iqtisadiyyatının müstəqil olaraq özünü təmin etməyə qadir olduğunu müəyyənləşdirməyə cəhd etmişdilər. Aparılan təhlillər göstərirdi ki, keçmiş Sovet İttifaqında yalnız 2 respublika tam müstəqil şəkildə öz iqtisadiyyatını idarə edə bilər. Bu respublikalardan biri məhz Azərbaycan idi.
Halbuki vaxtilə, daha doğrusu, keçən əsrin 60-cı illərinin sonlarına qədər Azərbaycan Sovetlər birliyindəki müttəfiq respublikalar arasında ən geridə qalanlardan biri idi. Onu bu vəziyyətdən məhz xalqımızın böyük oğlu, XX əsrin ən tanınmış siyasət və dövlət xadimlərindən biri olan ümummilli lider Heydər Əlirza oğlu Əliyev çıxartdı və Azərbaycan keçmiş Sovet İttifaqının ən qabaqcıl sənaye və aqrar respublikasına çevrildi. Ümumiyyətlə, Azərbaycanın yüksəliş və inkişafı ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrə düşür.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "Əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider haqqında bəzi düşüncələr" əsərində həmin dövrdən bəhs edərkən yazır: "1969-cu il Azərbaycanın ən yeni dövrü tarixində dönüş ili oldu. Respublikanın dinamik inkişafının təmin edilməsinə dair kompleks planlar işlənib hazırlandı. Bu yorulmaz fəaliyyət sayəsində 1970-1985-ci illər baş vermiş dəyişikliklər vüsəti, rifahın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi baxımından, sözün tam mənasında, müstəqil Azərbaycanın yaranması salnaməsində ən parlaq səhifədir. Həmin illərdə Heydər Əliyevin təşəbbüsü ilə SSRİ hökuməti respublika iqtisadiyyatının hərtərəfli tərəqqisi və intensiv inkişafını nəzərdə tutan beş xüsusi qərar qəbul etmişdi. Sosial-iqtisadi inkişafın başlıca istiqamətlərini müəyyən edən həmin qərarların xalqımızın mənafeləri baxımından tarixi əhəmiyyəti vardı. Tam inamla demək lazımdır ki, indiki mərhələdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin müntəzəm surətdə genişlənməsi və dünya iqtisadiyyatına daha dərin inteqrasiyası prosesi hələ 1970-ci illərdə, 1980-ci illərin əvvəllərində təməli qoyulmuş potensiala əsaslanır".
Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi, tükənməz enerjisi və misilsiz təşkilatçılıq və idarəetmə qabiliyyəti nəticəsində həmin dövrdə respublika sənayesində əmək məhsuldarlığı 2,1 dəfə, kənd təsərrüfatında isə 1,8 dəfə artdı. Sənayenin ümumi məhsul həcmi, ümumilikdə götürəndə, 1921-ci ildən 1970-ci ilə qədərki bütün dövr ərzində buraxılmış məhsuldan ikiqat çox olmuşdu. 1970-1985-ci illər ərzində 213 yeni iri sənaye müəssisəsi istismara verilmişdi. Ümumiyyətlə, Heydər Əliyevin birinci hakimiyyəti illərində respublikada istehsal olunmuş sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər idi. Kənd təsərrüfatında isə bu artım 2,7 dəfə olmuşdu... Şübhəsiz, bu statistik rəqəmlərin arxasında "liderlər əsrinin lideri olan Heydər Əliyevin" (E.Şevardnadze) misilsiz təşkilatçılıq və idarəetmə bacarığı ilə səfərbər edilib hərəkətə gətirilən Azərbaycan xalqının gərgin və möhtəşəm əməyi dayanırdı.
Azərbaycanın rəhbəri vəzifəsində qazandığı möhtəşəm uğurları nəzərə alaraq 1982-ci ilin sonlarında Heydər Əliyevi Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə irəli çəkdilər. Bu yüksək vəzifədə ona böyük səlahiyyətlər verilmişdi: nəhəng bir ölkənin 14 nazirliyinə, o cümlədən maşınqayırma, nəqliyyat, yüngül sənaye, mədəniyyət və təhsil kimi çox mühüm sahələrə nəzarət Heydər Əliyevə tapşırılmışdı. Bu qədər ağır işin öhdəsindən o, çox böyük məharətlə gəlir, öz işgüzarlığı, bacarığı ilə hamını heyrətdə qoyurdu. Hətta o vaxtlar belə deyirdilər ki, Heydər Əliyev təkbaşına Siyasi Büronun bütün qalan üzvlərindən çox iş görür. Bunu gözü götürməyənlər də olurdu. Xüsusən Mixail Qorbaçov Sov.İKP Mərkəzi Komitəsinin Baş katibi seçiləndən sonra onun Heydər Əliyevə qarşı qərəzli münasibəti açıq kampaniya şəkli aldı. M.Qorbaçov Heydər Əliyevin durmadan artan şöhrətinə qısqanclıqla yanaşır, onu özünə potensial rəqib sayırdı. Şübhəsiz, belə bir şəraitdə işləmək qeyri-mümkün idi. Kremlin o vaxtkı sahibi tərəfindən ona qarşı başlanmış qarayaxmalar, məkrli, iyrənc kampaniyalar Heydər Əliyevin istefa ərizəsi yazması ilə nəticələndi.
Lakin bu, ümummilli liderimizin siyasət meydanından birdəfəlik gedişi deyildi. Ulu öndər ona qarşı təşkil olunan bu yalan və böhtan kampaniyasından cana doyaraq bir qədər nəfəsini dərmək istəyirdi. Və bunu 1989-cu ilin aprel ayında Moskvada keçirilən Sov.İKP MK-nın plenumunda (o, vəzifədən çıxsa da, MK-nın üzvü olaraq qalırdı) çıxış edərkən üzünü Mixail Qorbaçova tutaraq belə demişdi: "Heydər Əliyevə nöqtə qoymağa tələsməyin, mən hələ son sözümü deməmişəm. Siz hələ mənim barəmdə eşidəcəksiniz".
MK-nın plenumunda Baş katibin üzünə belə kəskin şəkildə söz demək, ümumiyyətlə, SSRİ-nin mövcudluğu dövründə heç kəsə nəsib olmamışdı. Bunu yalnız Heydər Əliyev kimi fövqəl iradəyə sahib müdrik şəxsiyyət edə bilərdi. Və tarix də bu bəyanatın gerçəkliyini sübuta yetirdi, Azərbaycan xalqının və müstəqil dövlətçiliyimizin ağır günündə, "olum, ya ölüm" dilemması qarşısında qaldığı bir məqamda ümummilli lider hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yenidən öz üzərinə götürdü və "Heydər Əliyev fenomeni"nin nəyə qadir olduğunu bütün dünyaya göstərdi.
Xatırladaq ki, Heydər Əliyev SSRİ rəhbərliyində ən yüksək vəzifələrdən birinə dəvət alanda tikili-qurulu, abad, qabaqcıl bir respublika qoyub Moskvaya getmişdi. Fabrik və zavodlar gecə-gündüz işləyir, 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunur, aqrar sahədə ilbəil daha yüksək zirvələr fəth edilir, insanların güzəranı durmadan yaxşılaşır, bir sözlə, Azərbaycanın nəbzi, sözün həqiqi mənasında, ahəngdar vururdu. Lakin çox təəssüflər olsun ki, həmin dövrdə yaradılmış o böyük potensial hərc-mərclik illərində talan edildi, dağıntılara məruz qaldı.
1993-cü ildə Heydər Əliyev xalqın israrlı təkidi ilə hakimiyyətə qayıdarkən səriştəsiz rəhbərlərin təqsiri üzündən ölkədə sanki həyat donmuşdu. Müəssisə və təşkilatların fəaliyyəti pozulmuş, xalqın bütün varidatı, hətta zavod və fabriklərdəki dəzgah, avadanlıq, xammal və materiallar xaricə daşınaraq dəyər-dəyməzinə satılmış, kənd təsərrüfatı bərbad günə düşmüşdü. Ən dəhşətlisi isə insanların sabaha inamının ölməsi, ümidsizliyə qapılmaları idi.
Ulu öndər hakimiyyətə qayıtmaqla çox ağır bir missiyanı üzərinə götürdü və elə ilk gündən böyük əzmkarlıqla işə başladı. Ölkədə baş alıb gedən xaosun, hərc-mərcliyin, qanunsuzluğun qarşısını almaq, sabitlik yaratmaq üçün lazımi tədbirlər gördü. İlk növbədə Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ uğrunda gedən müharibənin qarşısını almaq məqsədilə atəşkəsə nail oldu. Bu, ölkə iqtisadiyyatını böhrandan çıxarmağa, nizami ordu quruculuğuna başlamağa, cəmiyyətdə siyasi sabitlik yaratmağa imkan verdi. Doğrudur, bundan sonra da Azərbaycanın müstəqilliyini gözü götürməyən daxili və xarici bədxahlar, pozucu qüvvələr geri çəkilmədi, hər vəchlə ölkədə sabitliyi pozmağa, qarşıdurma yaratmağa, təxribatlar törətməyə çalışdılar, hətta ümummilli liderin özünə qarşı dəfələrlə sui-qəsd planları işləyib hazırlamağa cəhdlər etdilər...
Lakin bunlar "heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada oluramsa olum, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə sərf edəcəyəm" deyən böyük şəxsiyyət Heydər Əliyevi yolundan döndərə bilməzdi. Məhz ümummilli liderimizin qətiyyəti, hünəri, yüksək əzmkarlığı və müdrikliyi sayəsində ölkədə sabitlik bərpa edildi, böhranın qarşısı alındı, aparılan köklü islahatlar nəticəsində iqtisadiyyatda və digər sahələrdə inkişaf meyilləri yarandı, ən başlıcası isə, xalqın itirilmiş ümidi, sabaha inamı yenidən özünə qayıtdı.
Hər bir xalqın həm yaşaması, həm də milli dövlətçiliyinin mövcud olması üçün əsas şərt, şübhəsiz ki, ölkə iqtisadiyyatının inkişaf etdirilməsidir. Bunu nəzərə alan qüdrətli strateq Heydər Əliyev əsas diqqəti dövlətin iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməsinə, müstəqil iqtisadi siyasət aparmasına yönəltdi. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formalarına əsaslanan iqtisadi sistemin formalaşdırılması, bazar iqtisadiyyatına keçid və dünya təsərrüfat sisteminə inteqrasiya təşkil etmişdir. Dövlət quruculuğunun mahir ustası olan Heydər Əliyev ölkəni dərin böhrandan çıxarmaq və güclü inkişafa nail olmaq üçün bütün mövcud imkanlardan bacarıqla istifadə etdi.
Ölkədə demokratik dövlət quruculuğu və yeni iqtisadi sistemin formalaşması üçün müvafiq hüquqi bazanın yaradılması yolunda gərgin iş aparıldı, 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ümumxalq referendumu yolu ilə qəbul olundu. 2000-ci ilədək 900-ə yaxın qanun qəbul edildi. 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk beynəlxalq neft kontraktının imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən dəqiqliklə işlənib hazırlandı və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən yeni neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürü oldu. Bundan sonra Azərbaycana xarici sərmayə axını başlandı. İndiyədək xarici şirkətlərlə 28 neft-qaz müqaviləsi imzalandı. Azərbaycan iqtisadiyyatına on milyardlarla dollar xarici investisiya yatırıldı.
Görülən işləri sadalamaqda məqsəd Azərbaycanın bugünkü inkişafının təməlində böyük öndər Heydər Əliyevin misilsiz xidmətlərinin durduğunu diqqətə çatdırmaqdır. Ümummilli lider milli dövlətçiliyi itirməkdə olan Azərbaycanı nəinki təhlükədən xilas etdi, həmçinin onu davamlı inkişaf yoluna çıxartdı və ölkənin etibarlı tərəqqi istiqamətini göstərən strategiya işləyib hazırladı. Təsadüfi deyil ki, xalq Heydər Əliyevin cismani yoxluğundan sonra onun siyasi kursuna alternativ görməyərək bu siyasətin ən layiqli davamçısı cənab İlham Əliyevi özünə rəhbər seçdi. Xalq yeganə düzgün qərar qəbul etdi. Bunu ötən illərin təcrübəsi də təsdiqlədi. Hakimiyyət sükanını ələ alarkən möhtərəm Prezident İlham Əliyev bəyan etdi: "Bu gün Heydər Əliyevin cismani yoxluğu bizi ruhdan salmamalıdır. Onun ideyaları yaşayır, onun siyasəti yaşayır, onun fəlsəfəsi, ideologiyası yaşayır. Yaratdığı müasir Azərbaycan yaşayır və onun yolu ilə inkişaf edir. Hamımızın borcudur ki, onun siyasətini yaşadaq və vətənimizi bu yolla irəli aparaq. Bu, hamımız üçün, onu tanıyanlar və sevənlər, onunla birlikdə işləyən bütün insanlar üçün böyük sınaqdır. Azərbaycanda bu siyasətə alternativ yoxdur. Bu siyasət Azərbaycana böyük uğurlar gətirib və əminəm ki, daha yeni-yeni uğurlar gətirəcəkdir".
Prezident İlham Əliyev öz fəaliyyətini möhkəm zəmin, etibarlı təməl üzərində qurdu. Eyni zamanda o, Heydər Əliyev siyasi kursunu sadəcə davam etdirmədi, yeni şəraitin, müasir dünyamızda gedən proseslərin tələblərinə uyğun yaradıcılıqla inkişaf etdirdi.
Dövlət başçısının apardığı ardıcıl və məqsədyönlü siyasət ölkənin inkişafını daha da sürətləndirdi. Bütün ölkə ərazisində gedən tikinti-quruculuq işləri, zavodların, fabriklərin, istehsal sahələrinin, aeroportların, vağzalların, minlərlə müasir təhsil, səhiyyə, mədəniyyət obyektinin, idman kompleksinin istifadəyə verilməsi, avtomobil və dəmir yollarının, körpülərin salınması, transmilli neft-qaz kəmərlərinin çəkilməsi, əhalinin güzəranının daha da yaxşılaşdırılması... Hansını sayasan, bitib-tükənmir. Hələ bunlar fəaliyyətin görünən tərəfidir.
Yaradılmış münbit iqtisadi şərait davamlı və sürətli iqtisadi inkişafı təmin etmişdir. 2004-2008-ci illərdə ümumi daxili məhsulun həcmi 2,6 dəfə artaraq 1990-cı ilin səviyyəsini 2 dəfə üstələmişdir. Bu dövrdə pul gəlirlərinin ümumi artımı inflyasiyanı 1,8 dəfə üstələmiş, yoxsulluq səviyyəsi 13 faizə enmiş, ölkədə 760 mindən çox yeni iş yeri açılmışdır.
Formalaşdırılmış və beynəlxalq standartlara cavab verən qanunvericilik bazası sürətli iqtisadi inkişafı dəstəkləmiş, konkret proqramlar vasitəsilə əsas sosial-iqtisadi inkişaf məqsədlərinə nail olunmuşdur. Ümumilikdə müxtəlif sahələr üzrə 100-dən çox konsepsiya, dövlət proqramı və digər irimiqyaslı sənədlər qəbul edilmişdir və uğurla icra olunur. Sahibkarlıq iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilmiş, özəl sektorun ÜDM-də xüsusi çəkisi 85 faizə çatmışdır. Yaradılmış əlverişli biznes mühiti nəticəsində iqtisadiyyata qoyulmuş investisiyaların məbləği 70 milyard dolları ötmüşdür ki, bunun da yarısı xarici investisiyaların payına düşür.
Son dövrlərdə dünyada gedən qlobal proseslər ölkəmizin dayanıqlığını və onun regional güc mərkəzi kimi formalaşdığını bir daha sübut etmişdir. Dünyanın aparıcı ölkələrində gedən kəskin maliyyə böhranına baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifah halının yüksəlməsi 2009-cu ildə də davam etmişdir. Keçən il Azərbaycanda ümumi daxili məhsul 9,3 faiz təşkil etmişdir. Sənaye istehsalı 2009-cu ildə 8,6 faiz, kənd təsərrüfatı 3,5 faiz artmışdır.
Bu, bir daha onu göstərir ki, bütün uğurların təməlində düşünülmüş siyasət və düzgün atılmış addımlar dayanır.
Ötən il inflyasiyanın səviyyəsi 1,5 faiz olmuşdur. Bu onu göstərir ki, 2009-cu ildə ölkədə makroiqtisadi sabitlik saxlanılmışdır.
Keçən il
Azərbaycana investisiya qoyuluşu davam etmişdir. İl ərzində
9,2 milyard dollar investisiya qoyulmuşdur ki,
bunun da 7,3 milyardı daxili sərmayələrdir. Həm
dövlət tərəfindən qoyulan əsaslı
investisiyalar, eyni zamanda, yerli şirkətlərin böyüməsi
və imkanlarının artması, onlar üçün
gözəl şəraitin yaradılması, sahibkarlığın
inkişafına ayrılan vəsait, kreditlər, subsidiyalar,
güzəştlər, ölkəmizdə güclü
infrastruktur layihələrinin icrası kimi amillər burada
mühüm rol oynamışdır.
2009-cu ildə
Azərbaycanda bir neçə nəhəng layihənin təməli
qoyulmuş və onların müəyyən hissəsi icra
edilmişdir.
Xarici investorlar tərəfindən maliyyələşdirilən
yeni böyük sement zavodunun təməl daşı
qoyulmuşdur. Zavoda qoyulacaq
investisiyaların məbləği təxminən 400 milyon
dollar səviyyəsindədir. Azərbaycan
dövləti tərəfindən ekoloji vəziyyətin yaxşılaşdırılmasına
böyük dərəcədə xidmət edəcək yeni
məişət tullantıları emalı zavodunun da təməli
qoyulmuşdur. Həmin obyektə qoyulacaq
investisiyalar təxminən 400 milyon dollar həcmindədir.
"Sumqayıt texnopark"ın müəyyən
hissəsi artıq istifadəyə verilmişdir və
hazırda orada nəhəng tikinti-quraşdırma işləri
aparılır. Nəzərə alaq ki,
orada ən azı 10 nəhəng zavod qurulacaq.
2009-cu ildə valyuta
ehtiyatlarımız artmışdır. Ağır maliyyə
böhranı ilində valyuta ehtiyatlarının
artırılması, əslində, nadir hallarda baş verir.
Azərbaycanın valyuta ehtiyatları indi 20,4 milyard dollar təşkil
edir. Bu o deməkdir ki, Azərbaycanın heç kimin
yardımına ehtiyacı yoxdur, öz hesabına müstəqil
yaşayır.
Keçən il
regionların sosial-iqtisadi inkişafı prosesi uğurla davam
etmişdir. Ümumiyyətlə, keçən il 74 min yeni
iş yeri açılmışdır. Azərbaycanda yoxsulluq
şəraitində yaşayan insanların sayı kəskin
şəkildə azalmışdır. Altı il bundan əvvəl
Azərbaycan vətəndaşlarının 49 faizi yoxsulluq səviyyəsində
yaşayırdı, indi bu göstərici 11 faizə enmişdir.
Bu onu göstərir ki, hətta böhran ilində Azərbaycanda
yoxsulluğa qarşı ciddi mübarizə aparılıb. Bu
mübarizənin praktik nəticələri var: Azərbaycan vətəndaşlarının
yaşayış səviyyəsi gündən-günə
yaxşılaşır.
Azərbaycanın
uğurları nüfuzlu beynəlxalq təşkilatların
hesabatlarında da öz əksini tapmışdır. Təsadüfi
deyil ki, Dünya Bankı və Beynəlxalq Maliyyə
Korporasiyası tərəfindən hazırlanan "Doing
Business - 2009" hesabatında Azərbaycan biznes mühitinin
yaxşılaşdırılması sahəsində ən
islahatçı ölkə elan edilmiş, "Doing Business -
2010" hesabatında da ölkəmiz öz mövqeyini qoruyub
saxlamışdır. 2009-2010-cu illər üçün
hazırlanmış "Qlobal rəqabətlilik
hesabatı"nda Azərbaycan 18 pillə irəliləyərək
133 ölkə arasında 51-ci yerə, MDB ölkələri
arasında isə birinci yerə yüksəlmişdir.
Bütövlükdə, Azərbaycan iqtisadiyyatının gələcək
inkişafı ilə bağlı beynəlxalq təşkilatların
proqnozları nikbindir. Təsadüfi deyildir ki, bu günlərdə
nüfuzlu "Standard and Poors" Beynəlxalq Reytinq Agentliyi
ölkə iqtisadiyyatının hazırkı durumunu
"stabildən" "pozitivə" yüksəltmişdir.
Göründüyü kimi,
bu gün dünya Azərbaycanı yenidən kəsf edir.
Ölkəmizə olan bu diqqət və marağın əsasında
Prezident İlham Əliyevin fədakar fəaliyyəti
dayanır. Məhz bu titanik səylərin sayəsində
qlobal maliyyə böhranı şəraitində də Azərbaycan
iqtisadiyyatı dinamik inkişaf edir. Prezident İlham Əliyevin
həyata keçirdiyi düşünülmüş iqtisadi
siyasət neftdən əldə olunan gəlirləri qeyri-neft
sektoruna, sahibkarlığın inkişafına, özəl
sektorun ÜDM-də xüsusi çəkisinin artırılmasına
yönəltməklə kompleks inkişafa gətirib
çıxarmışdır.
Ölkədə qeyri-neft
sektorunun çəkisinin artması çoxsaxəli
inkişaf strategiyasının məntiqi davamı olmuşdur.
Güclü iqtisadiyyatın hər bir ölkənin
inkişafında mühüm amil olduğunu bəyan edən
dövlət başçısı İlham Əliyev ölkə
iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin
artırılması ilə bağlı ardıcıl tədbirlər
görmüşdür. Bu məsələ regionların
sosial-iqtisadi inkişafına dair dövlət
proqramının birinci və ikinci mərhələlərində
yetərincə əksini tapmışdır.
"Əsl siyasət konkret,
real iş görməkdir" deyən Prezident İlham Əliyevin
məqsədyönlü fəaliyyəti nəticəsində
hazırda Azərbaycan qüdrətli dövlətə
çevrilmək yolunda son dərəcə mühüm
addımlar atmaqdadır. Elə bu məqsədyönlü fəaliyyətin
nəticəsidir ki, Azərbaycanın iqtisadi
inkişafının yüksək tempi bu il də davam etməkdədir.
Bunu möhtərəm Prezident cənab İlham Əliyev
fevralın 11-də Gəncədə "Ramada Plaza"
mehmanxanasının açılışı zamanı şəhər
ictimaiyyəti nümayəndələri ilə
görüşündə xüsusi vurğuladı. Dövlət
başçısı dedi: "Dünya miqyasında iqtisadi
inkişaf tempinə görə Azərbaycan birinci yerdədir.
Çox sevindirici hal ondan ibarətdir ki, bu ilin birinci
ayının yekunlarına görə də Azərbaycan
iqtisadiyyatı 9 faizdən çox artıbdır".
Bütün bunlar Azərbaycanın
beynəlxalq uğurlarının, qazandığı
"regionda və dünyada ən dinamik inkişaf edən
ölkə" imicinin təsadüfi olmadığını
təsdiqləyir. Elə bu xoş notlar üzərində də
qeydlərimi hörmətli akademik Ramiz Mehdiyevin fikirləri ilə
tamamlamaq istərdim: "Tam məsuliyyətlə, əminliklə
demək olar ki, çox qısa zamanda möhtəşəm
nailiyyətlər əldə etməyin simvolu olan sürətli
inkişaf modellərini - XX əsrin "Cənubi Asiya",
"Yaponiya" möcüzələrini tanıyan dünya
bu gün, "XXI yüzilliyin Azərbaycan möcüzəsi"nin,
"keyfiyyət inqilabının" yaranması ərəfəsindədir.
Azərbaycan xalqı qarşıdakı mərhələdə
bunun qlobal miqyasda etirafının şahidi olacaqdır".
Gülhüseyn ƏHMƏDOV,
Milli Məclisin deputatı
Azərbaycan.- 2010.- 28 fevral.- S. 5.