ABŞ azərbaycanlıları Ermənistanın diplomatik nümayəndəliyi qarşısında etiraz aksiyaları keçirmişlər

 

ABŞ-ın şərq bölgəsində hökm sürən sərt hava şəraiti ölkənin Azərbaycan türk icmalarının üzvlərini Xocalı faciəsini anmaqdan çəkindirə bilməmişdir. Soydaşlarımız fevralın 26-da Nyu-York şəhərində Ermənistanın diplomatik nümayəndəliyi qarşısında piket keçirmişlər. Azərbaycan Nyu-York Assosiasiyasının (ANA) üzvləri milli bayrağımızla yanaşı, Türkiyə ABŞ-ın dövlət bayraqlarını, Xocalı faciəsi qurbanlarının şəkillərini başları üzərində tutaraq etiraz aksiyasında şüarlar səsləndirmişlər. ANA-nın sədri Əli Nəsibov demişdir ki, Xocalı qətliamını anmaq məqsədilə Azərbaycan türk icmalarının üzvlərinə Nyu-Yorkdakı Ukrayna Cəmiyyətinin nümayəndələri qoşulmuşlar.

Həmvətənlərimizin bir qrupu isə ABŞ paytaxtında yerləşən Ermənistan səfirliyi qarşısına toplaşmış, soyuq küləkli hava şəraitinə baxmayaraq, iki saata yaxın davam edən etiraz aksiyası zamanı yerli azərbaycanlılar vətənlərinin işğalının dayandırılmasına çağıran şüarlar qaldırmış, Vaşinqton sakinlərinin diqqətini cəlb etmiş, 1992-ci ilin soyuq fevral gecəsində erməni keçmiş SSRİ-nin 366-cı alayının silahlı qüvvələri tərəfindən qətlə yetirilən günahsız xocalılılar barədə vərəqələr paylamışlar.

ABŞ Azərbaycanlıları Şəbəkəsi ölkədə yaşayan həmvətənlərimizi səfərbər edərək "Xocalıya ədalət" kampaniyası altında müxtəlif ştatların qanunverici icraçı hakimiyyətləri, təhsil ocaqları kütləvi informasiya vasitələrinə Xocalı faciəsi haqqında məlumat toplusu göndərmiş, bu məlumatların bir sıra yerli qəzetlərdə çap edilməsinə nail olmuşlar.

 

 

Şəfəq AKİFQIZI,

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

 

Azərbaycan.- 2010.- 28 fevral.- S. 7.