"Yeni media erasının dəyərləri"
mövzusunda konfrans və seminar keçirilmişdir
İyunun 30-da Bakıda Avropa Yayımçılar Birliyi, Norveç İctimai Yayımçılarının dəstəyi və Azərbaycan Media Mərkəzinin əməkdaşlığı ilə "Yeni media erasının dəyərləri" mövzusunda konfrans və seminar keçirilmişdir.
Tədbirdə dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, müxtəlif kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak etmişlər.
Konfrans və seminarda debat və müzakirələrin əsasını media qanunvericiliyi və söz azadlığı məsələsi təşkil etmişdir.
İsveç Maarifçi Yayımının baş direktoru, tədbirin moderatoru Erik Fiştelius müzakirələrin jurnalistlər üçün faydalı olacağını demişdir.
Müzakirələr zamanı iştirakçıların çoxsaylı suallarını cavablandıran Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov yarandığı dövrdən müxtəlif inkişaf mərhələləri keçən Azərbaycan mediasının bu gününə nəzər salmışdır. Bildirmişdir ki, bu gün ölkədə 300-dən çox gündəlik kütləvi informasiya vasitəsinin nəşr olunması, on minlərlə jurnalistin sərbəst şəkildə informasiya toplaması, mükəmməl hüquqi bazanın formalaşdırılması ölkədə azad mətbuatın inkişafı üçün yaradılmış şəraitin göstəricisidir. Azərbaycan MDB məkanında yeganə ölkədir ki, mətbu nəşr təsis etmək üçün hər hansı bir qurumun icazəsini almağa ehtiyac yoxdur. Medianın həm də problemsiz olmadığını deyən Əli Həsənov bunun bir tərəfdən zamana bağlı həllini gözləyən məsələlərlə əlaqədar olduğunu, digər tərəfdən də sosial məsələləri əhatə etdiyini demiş, həmin problemlərin dünya ölkələrinin hər birində mövcudluğunu vurğulamışdır.
Əli Həsənov jurnalist fəaliyyətində peşəkarlığın artırılmasının vacibliyinə diqqəti çəkərək medianın mənfi hallardan azad olunması üçün jurnalistlərin vahid Əxlaq Kodeksinin hazırlanıb qəbul edilməsini vacib saymışdır.
Şöbə müdiri demişdir ki, bu auditoriyada iştirak edən hər bir şəxsin Azərbaycanda mətbuatın mövcud vəziyyəti ilə bağlı kifayət qədər məlumatı vardır. Azərbaycan hakimiyyətinin kütləvi informasiya vasitələrinin inkişafı, söz və mətbuat azadlığı, transmilli dünya informasiya məkanına inteqrasiyası, o cümlədən internet mediasının perspektivləri ilə bağlı mövqeyi hamıya bəllidir. Bu aşkarlığı çox əhəmiyyətli hesab edirik. Azərbaycan dövləti mətbuat və söz azadlığının inkişafında maraqlıdır. Biz dünya informasiya məkanında milli dəyərlərimizlə, imkanlarımızla iştirak etmək fikrindəyik.
ATƏT-in media azadlığı üzrə keçmiş nümayəndəsi Mikloş Haraşti Azərbaycanda media sahəsində əldə olunan müsbət meyilləri diqqətə çatdırmışdır.
Rabitə və
informasiya texnologiyaları nazirinin müavini İltimad Məmmədov
Azərbaycanda informasiya texnologiyalarının sürətli
inkişafının media sahəsinə, internetin geniş
yayılmasına müsbət təsirindən
danışmışdır. Bildirilmişdir ki, bu gün ölkə əhalisinin 41
faizi internetdən istifadə edir. İnternetdən istifadə
qiymətləri isə bir neçə dəfə
aşağı salınmışdır.
Konfrans və seminarda
jurnalistikanın gələcək inkişafı, jurnalist
peşəkarlığı və məsuliyyətinin
artırılması ilə bağlı təkliflər irəli
sürülmüşdür.
AzərTAc
Azərbaycan.- 2010.- 1 iyul.- S.
3.