BMT-nin Sənayenin İnkişafı Təşkilatının baş direktoru Azərbaycan Diplomatik Akademiyasında məruzə ilə çıxış etmişdir

 

Ölkəmizdə səfərdə olan BMT-nin Sənayenin İnkişafı Təşkilatının baş direktoru Kandeh Yumkella iyunun 30-da Azərbaycan Diplomatik Akademiyasında dünyanın inkişaf meyillərinə dair məruzə ilə çıxış etmişdir.

Akademiyanın mətbuat xidmətindən bildirmişlər ki, K.Yumkella məruzəsində dünyada enerjiyə olan tələbatın durmadan yüksəldiyini, Yer kürəsi, xüsusən də Afrika və Asiya qitələrinin əhalisinin sürətlə artdığını vurğulamışdır.

BMT rəsmisi qeyd etmişdir ki, 2030-cu ilədək dünya üzrə enerjiyə tələbat 40-45 faiz artacaqdır. Eyni zamanda, Afrika qitəsinin əhalisinin sayı indiki 1 milyarddan 1,3 milyardadək çoxalacaqdır.

Baş direktor yaranan yeni şəraitdə enerji resurslarından səmərəli istifadənin və su ehtiyatlarının düzgün paylanmasının ən vacib amillər olduğunu demişdir.

Azərbaycanın inkişafı barədə danışan K.Yumkella, ölkəmizin dünya enerji bazarına verdiyi töhfəni və rəsmi Bakının Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünə qoşulduğunu vurğulamışdır. Onun sözlərinə görə, Azərbaycanın bu nailiyyətlərindən digər ölkələr də faydalana bilər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 1 iyul.- S.  3.