Azərbaycan ilə Almaniya arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur
Xəbər verildiyi kimi, iyunun 29-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Federativ Respublikasında səfərdə olmuşdur. Səfərin gedişində Azərbaycan XİN-in başçısı XDİ/XSİ fraksiyasının xarici siyasət məsələləri üzrə spikeri Filip Misfelder ilə işgüzar görüşü, sonra isə Bundestaqın deputatları ilə geniş tərkibdə görüşü olmuşdur.
Almaniya XİN-in binasında Azərbaycanın xarici siyasət idarəsinin başçısı Elmar Məmmədyarov ilə AFR-in xarici işlər naziri Gido Vestervelle arasında görüş olmuşdur. Görüşdə ikitərəfli münasibətlər, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə edilmişdir. Avropada enerji təhlükəsizliyi məsələləri və Azərbaycan ilə Almaniya arasında əməkdaşlığın daha da genişləndirilməsinin mümkünlüyü də nəzərdən keçirilmişdir.
Azərbaycan nazirinin AFR Kanslerinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Kristof Hoygen ilə görüşündə də qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir.
E.Məmmədyarov rəsmi səfər proqramının sonunda Almaniya xarici siyasət məsələləri üzrə cəmiyyətində mühazirə ilə çıxış etmişdir. O, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın genişlənməsi, Azərbaycan dövlətinin iqtisadi inkişaf sahəsində uğurları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mənbələri və ATƏT-in Minsk qrupu yaradılandan bəri sülh prosesinin gedişi barədə söhbət açmışdır. Nazir regional enerji nəqli layihələrinə, habelə dinamik inkişaf etməkdə olan qeyri-neft sektoruna xüsusi diqqət yetirmişdir.
XİN başçısının sözlərinə görə, Azərbaycan vasitəçilərin son təklifini əsas kimi qəbul etmişdir. Həmin təklifə görə aşağıdakı addımların mərhələlər üzrə həyata keçirilməsi nəzərdə tutulur: 1) erməni silahlı qüvvələrinin Azərbaycanın bütün işğal edilmiş ərazilərindən çıxarılması; 2) bütün məcburi köçkünlərin və qaçqınların əvvəlki yaşayış yerlərinə qaytarılması; 3) regionun bütün sakinlərinin - həm hazırda orada yaşayan ermənilərin, həm də Dağlıq Qarabağa qayıdacaq azərbaycanlıların təhlükəsizliyinin təmin edilməsi; 4) regionda bütün kommunikasiyaların bərpa edilməsi; 5) Dağlıq Qarabağ regionunun müvəqqəti statusunun hazırlanması; nəhayət, 6) bütün bu tədbirlər implementasiya edildikdən sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın qəti statusunun müəyyən edilməsi məsələsinin həllinə yaxınlaşmaq mümkün olacaqdır. Nazir vurğulamışdır ki, sülh sazişinin bağlanması üçün erməni rəhbərliyinin siyasi iradəsi tələb olunur. Lakin təəssüf ki, bu rəhbərlik hələlik danışıqların gedişini uzadır və həmişə çalışır ki, artıq çoxdan razılaşdırılmış məsələlərə yenidən qayıtsın.
Azərbaycan XİN-in başçısı demişdir: "Bu halda təyini-müqəddərat məsələsi dövlətin ərazi bütövlüyünü poza bilməz və pozmamalıdır, mən dövlətlərin ərazi bütövlüyü çərçivəsində müxtəlif milli azlıqların uğurlu təyini-müqəddəratına aid minlərlə misal göstərə bilərəm. Götürək elə Rusiya Federasiyasını və ya Avropa İttifaqını. Bu cür misallar çoxdur".
Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin Torontoda qəbul edilmiş son bəyanatını yüksək qiymətləndirmiş və onun çox mühüm sənəd olmasını etiraf etmişdir. Nazir demişdir: "İşğal elə işğaldır və bunu hamı etiraf edir. Əgər biz Ermənistan tərəfin nə istədiyini bilsək, mənim Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli barədə nikbinliyim artar. Əgər Ermənistan Qarabağı ilhaq etmək istəyirsə, bu, olmayacaqdır. Əgər o, regionun müstəqilliyi məsələsində israrlı olmağı davam etdirərsə, mən onu da mümkün hesab etmirəm".
Sonra E.Məmmədyarov auditoriyadakıların suallarına cavab vermişdir. Nazir yeniləşdirilmiş Madrid prinsiplərinin qəbul edilməsində Ermənistan tərəfin qətiyyətsizlik göstərməsinin səbəbləri barədə sualın cavabında demişdir ki, o, Azərbaycan XİN-in rəhbəri kimi Ermənistan XİN-in bu cür davranışının səbəbləri barədə suala cavab axtara bilməz. Eyni zamanda o, əlavə etmişdir ki, vasitəçilərin təkliflərini tezliklə qəbul etmək və münaqişənin geridə qalması Ermənsitanın özünün xeyrinədir.
E.Məmmədyarov Rusiya Prezidenti Dmitri Medvedevin danışıqlar prosesində rolunu yüksək qiymətləndirmişdir. Nazir demişdir: "O, sənədlərin redaktə olunmasında şəxsən iştirak edir, mühüm düzəlişlər edir, təkliflər verir. Onun şəxsi rolu həqiqətən çox böyükdür və biz bunu səmimi qiymətləndiririk".
E.Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin son bəyanatının mətnindəki fikir ayrılıqları barədə AzərTAc-ın müxbirinin sualını cavablandıraraq xatırlatmışdır ki, bəyanatın rusca versiyasında onun ingiliscədən tərcümə olması qeyd edilmişdir. Deməli, ingiliscə orijinalı əsas götürmək lazımdır. Azərbaycan XİN başçısı demişdir: "Bununla belə, biz həmin anlaşılmazlığın nə üçün yaranmasını araşdırırıq".
"Məcburi köçkünlərin neçəsi öz evlərinə qayıtmağa hazır olacaqdır" sualına Məmmədyarov belə cavab vermişdir ki, həmin insanların əksəriyyəti kənd təsərrüfatı sektorunda çalışır. "Bu insanlar torpağa bağlıdır. Belə insanlar torpaqsız yaşaya bilmirlər. Onlar qayıdacaqlar", - deyə vurğulayan nazir onu da demişdir ki, Azərbaycan ABŞ-ın tədqiqat institutları ilə birlikdə məcburi köçkünlərin reabilitasiyası yollarının öyrənilməsinə (yəni onların bərpasına kömək edilməsinə) dair bir sıra müştərək layihələr həyata keçirmişdir. E.Məmmədyarov demişdir: "Biz onların əksəriyyəti üçün rahat, lakin hər halda müvəqqəti evlər tikmiş və onların əvvəlki yaşayış yerlərinə qayıtmasının mümkün olması üçün bu insanları həmin evlərdə məskunlaşdırmışıq".
E.Məmmədyarov həm hazırda Dağlıq Qarabağda yaşayan, həm də oraya qayıdacaq əhalinin təhlükəsizliyinin təmin edilməsindən söhbət açaraq qeyd etmişdir ki, bu məsələlər hər görüşdə müzakirə edilir. Bu da təəccüblü deyil. Nazir demişdir: "Erməni qüvvələri işğal edilmiş ərazilərdən çıxarılanda və azərbaycanlılar Dağlıq Qarabağa qayıtmağa başlayanda aydındır ki, sülhməramlı qüvvələrə ehtiyac olacaqdır. Lakin həmin qüvvələr sırasında həmsədr ölkələrin və sərhədyanı dövlətlərin nümayəndələri iştirak etməyəcəklər. ATƏT-in Minsk qrupu çərçivəsində bu barədə bir növ centlmen razılaşması çoxdan əldə edilmişdir".
Görüşün lap sonunda yaxın vaxtlara qədər özünü "Dağlıq Qarabağın AFR-dəki daimi nümayəndəsi" adlandıran Qayane Apinyan adlı birisi söz istəmişdir (AzərTAc-ın arayışı: Apinyan özü etiraf etmişdir ki, o, heç vaxt Dağlıq Qarabağda olmamışdır). Ən azı abır-həya xatirinə yekunlaşdırıcı sualı belə olmayan monoloqa oxşar uzun-uzadı və monoton çıxışın mahiyyəti yeganə bir tezisdən ibarət idi: "Dağlıq Qarabağ xalqı təhlükəsizlik istəyir".
Azərbaycan XİN-in başçısı bu çıxışa cavab olaraq madam Apinyana xatırlatmışdır ki, "Dağlıq Qarabağ xalqı" deyilən insanlar təkcə ermənilər deyil, həm də azərbaycanlılardır. Nazir vurğulamışdır: "Əgər iki xalq möhkəm və davamlı sülhə nail olmaq istəyirsə, kompromis, ilk növbədə legitim təmələ əsaslanmalıdır. Dağlıq Qarabağın erməni icması rəhbərliyinin 1988-1992-ci illərdəki birtərəfli hərəkətləri legitim bazaya əsaslanmırdı. Həm respublika qanunvericiliyi, həm də ittifaq qanunvericiliyi, özü də çoxsaylı epizodlarda pozulmuşdu. Buna görə də Dağlıq Qarabağın erməni icmasının bütün hərəkətlərinin heç bir hüquqi nəticəsi olmamışdır".
E.Məmmədyarovun sözlərinə görə, təsadüfi deyildir ki, Madrid prinsiplərində söhbət məhz regionun HÜQUQİ statusunun müəyyən edilməsindən gedir. E.Məmmədyarov axırda demişdir: "Bugünkü status hüquqi status deyildir. Regionun hüquqi qüvvəyə malik olan hüquqi statusu yalnız orada hazırda yaşayanların və orada yaşamış, lakin zorla oradan qovulmuş insanların birgə səyi ilə təyin edilə bilər. Bu insanların öz iradəsini ifadə etməsi Kalaşnikov avtomatlarının lülələri altında deyil, etimad şəraitində, daxildən və xaricdən təzyiq göstərilmədən mümkündür. Bunun nə vaxt olacağını dəqiq söyləmək çətindir. Lakin bu, nə qədər tez olsa, bir o qədər yaxşıdır. Mən əsla şübhə etmirəm ki, vaxt gələcək, Qarabağ erməniləri Azərbaycan vətəndaşları adlandırılmağı özləri üçün böyük şərəf hesab edəcəklər". Bununla da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Almaniyaya rəsmi səfəri başa çatmışdır.
Vüqar Seyidov,
AzərTAc-ın xüsusi
müxbiri
Berlin
Azərbaycan.- 2010.- 1 iyul.- S.
3.