Azərbaycanın Ermənistan üzərində daha bir
diplomatik uğuru
Azərbaycanın uğurlu
diplomatiyası sayəsində Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı qəbul edilən
bütün sənədlərdə Ermənistanın
işğalçı ölkə kimi zəbt etdiyi ərazilərimizdən
öz silahlı qüvvələrini çıxarması əsas
tələb kimi qarşıya qoyulur.
ATƏT-in Minsk qrupuna həmsədrlik
edən ABŞ, Rusiya və Fransa prezidentlərinin iyunun 25-26-da
"Böyük səkkizliy"in Kanadada keçirilən
36-cı zirvə toplantısı çərçivəsində
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinə dair qəbul etdikləri birgə bəyanatı
bu qəbildən olan növbəti mühüm sənəd
adlandırmaq olar. Bəyanatın mahiyyəti bir daha təsdiq
edir ki, həmsədr ölkələrin dövlət
başçıları münaqişənin mərhələli
şəkildə həllinə tərəfdardırlar. Buna
nail olmaq üçün onlar, ilk növbədə,
Dağlıq Qarabağ ətrafındakı işğal
edilmiş ərazilərin geriyə qaytarılmasını əsas
şərt və baza prinsiplərindən biri kimi irəli
sürürlər. Sonra Dağlıq Qarabağın təhlükəsizliyini
və özünüidarəçiliyini təmin edən
keçid statusunun təyini, bütün qaçqınların
və məcburi köçkünlərin ata-baba yurdlarına
qaytarılması hüququnun tanınması və
reallaşdırılması kimi baza prinsipləri sayılan məsələlərin
öz həllini tapmasının vacibliyi bildirilir. Bu vacib məsələlərin
həllinin ardınca müəyyən zaman çərçivəsində
Dağlıq Qarabağın gələcək yekun statusunun
müəyyənləşdirilməsinin
mümkünlüyü göstərilir. Proseslərin bu səpkidə
inkişafı Azərbaycanın maraqlarına cavab verməklə
yanaşı, rəsmi Bakının qəbul etdiyi və
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini
nəzərdə tutan yeniləşmiş Madrid prinsiplərinə
də uyğundur. Birgə bəyanatda o da xüsusi qeyd olunur
ki, göstərilən formul əsasında münaqişənin
həllinə nail olmaq üçün Ermənistan və Azərbaycan
tərəfi sülh sazişi layihəsinin
hazırlanmasına başlamaq üçün əsas prinsiplər
üzərində işi başa
çatdırmalıdırlar.
Əsas prinsiplər sadalanarkən
Barak Obama, Dmitri Medvedev və Nikolia Sarkozi tərəfindən
yayılan bəyanatda belə bir fikir də yer alıb:
"Biz davamlı həll yolunun Helsinki Yekun Aktında və
"səkkizlik qrupunun" 2009-cu il iyulun 10-da Akvildə
keçirilən zirvə görüşündə qəbul
olunmuş bəyanatla əlaqədar təklif etdiyimiz müddəalarda
yer alan prinsiplərə əsaslanması faktının hər
iki tərəfdən qəbul edilməsini
alqışlayır və irəliyə doğru
atılmış əhəmiyyətli addım kimi qiymətləndiririk".
Xatırlatmaq yerinə
düşərdi ki, Helsinki Yekun Aktındakı əsas
prinsiplər dövlətlərin ərazi
bütövlüyünü, sərhədlərin
toxunulmazlığını özündə ehtiva edir. Öz
müqəddəratını təyin etmək kimi digər
prinsip isə bunlara hər hansı formada xələl gətirməməlidir.
Bu isə o deməkdir ki, Dağlıq Qarabağda yaşayanlar
yalnız Azərbaycanın ərazisi daxilində müqəddəratlarını
təyin edə bilərlər və burada hər hansı
müstəqillikdən söhbət gedə bilməz. 2009-cu
il iyulun 10-da isə ABŞ, Rusiya və Fransa prezidentlərinin
"Böyük səkkizlər"in İtaliyanın Akvil
şəhərində keçirilən toplantısı
çərçivəsində Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması ilə bağlı birgə
bəyanatında isə həmsədrlərə Azərbaycan
və Ermənistan dövlət başçılarına baza
prinsiplərinə dair son təkliflərin əks olunduğu,
2007-ci il noyabrın 29-da açıqlanmış Madrid prinsipləri
üzrə yeni versiyanın təqdim edilməsi
tapşırılıb. Bundan sonra isə yeniləşmiş
Madrid prinsipləri meydana çıxıb və həmin
prinsiplər Dağlıq Qarabağ münaqişəsinin həllini
aşağıdakı mərhələlərlə nəzərdə
tutur: ilk olaraq Dağlıq Qarabağ ətrafındakı
işğal edilmiş rayonların azad edilməsi,
kommunikasiyaların açılması, bərpa işlərinin
keçirilməsi, qaçqınların və məcburi
köçkünlərin öz evlərinə
qayıtması, əhalinin təklükəsizliyini təmin
etmək üçün sülhməramlı qüvvələrin
yerləşdirilməsi, Dağlıq Qarabağa aralıq
statusunun verilməsi və ancaq sonda tərəflər
arasında etibarın bərpa olunmasından sonra dinc şəraitdə
qanunvericiliyə uyğun olaraq Dağlıq Qarabağın son
statusunun müəyyən olunması. Qeyd edilən məqamlar
əslində ATƏT-in Minsk qrupuna həmsədrlik edən
dövlətlərin prezidentlərinin Dağlıq Qarabağ
münaqişəsinə dair qəbul etdikləri yeni birgə
bəyanatda da ehtiva olunub.
İndi problemin dinc yolla çözümü üçün addım atacaq tərəf Ermənistandır. Çünki Azərbaycan yeniləşmiş Madrid prinsiplərini qəbul etdiyini açıqlayıb, Ermənistan isə bu sənədə hələ də konkret mövqe bildirməkdən imtina edir. Belə vəziyyətdə münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün Minsk qrupuna həmsədrlik edən dövlətlər əsas diqqətin Ermənistana yönəldilməli olduğunu, bu dövləti sülhə vadar etmək məqsədilə ona təzyiqlər edilməsinin vacibliyini yaxşı başa düşürlər. Əks təqdirdə, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün beynəlxalq hüquq normalarına müvafiq olaraq hərbi gücdən istifadəyə əl atmaq məcburiyyətində qalacağı da reallıqdır. Proseslərin bu səpkidə cərəyan etməsində maraqlı olmayan həmsədr dövlətlərin münaqişənin dinc şəraitdə çözümünə nail olmaq üçün Ermənistanı yeniləşmiş Madrid prinsiplərini qəbul etməyə vadar etməkdən başqa çıxış yolları yoxdur. Belə bir vəziyyətin formalaşması bir daha Azərbaycanın uğurlu diplomatiyasından xəbər verir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini sürətləndirir. Tanınmış rusiyalı politoloq Aleksandr Skakov Minsk qrupuna həmsədrlik edən dövlətlərin prezidentlərinin bəyanatı fonunda bunu belə şərh edir: "Bəyanata ciddi yanaşılmalıdır və bu sənəddə nizamlanmanın əsas prinsipləri göstərilir, qısa da olsa çox konkret və birmənalı şəkildə göstərilib. Yəni, onları müxtəlif cür yozmaq olmaz. Burada hər şey konkret göstərilir. Aparıcı dünya oyunçularının öz mövqelərini birmənalı göstərməsi, zənnimcə, proseslərə müsbət təsir edəcək".
Hər halda proseslərin necə cərəyan edəcəyi ATƏT-in Minsk qrupu həmsədrlərinin iyulun birinci ongünlüyündə regiona nəzərdə tutulan növbəti səfərindən sonra müəyyən olunacaq. Lakin istənilən halda aydındır ki, Minsk qrupuna həmsədrlik edən dövlətlərin prezidentlərinin birgə bəyanatı diplomatik cəbhədə Azərbaycanın daha bir uğurudur.
Rasim BAYRAMOV
Azərbaycan.- 2010.- 1 iyul.- S. 3.