Azərbaycan xalçaları Bolqarıstanın birinci xanımı Zorka Pırvanovanı valeh etmişdir

 

Bolqarıstanın birinci xanımı Zorka Pırvanova iyunun 30-da "Azər-İlmə" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Sehrli ilmələr" qalereyasında olmuşdur.

Qonağa gül dəstəsi təqdim edilmişdir.

Müəssisə ilə tanış olan Bolqarıstanın birinci xanımına məlumat verilmişdir ki, xalçaçılıq Azərbaycan xalqının ən qədim sənətlərindən biridir. Qədim səyyahlar, salnaməçilər ölkəmizdə toxunan xalı-xalçanın yüksək keyfiyyəti, zəngin çeşniləri barədə yazılı məlumatlar vermiş, bütün Şərqdə məşhur olduğunu bildirmişlər. Azərbaycanın xalı və xalçaları indi də dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayılır. 1996-cı ildən fəaliyyətə başlamış, hazırda 350 nəfərin çalışdığı "Azər-İlmə"nin məhsulları ABŞ, Almaniya, Avstriya, İngiltərə, İtaliya, YaponiyaRusiyada keçirilən satış sərgilərində xüsusi mükafatlarasertifikatlara layiq görülmüşdür. İplər ancaq təbii rənglərlə boyanır, eskizlər milli naxış və çeşnilərdən götürülür. İşlədilən bütün xammal yerli məhsullardır.

Vurğulanmışdır ki, keçən il "Azər-İlmə" Avropanın Biznes Assambleyasının "United Europe" və "XXI əsrin liderləri" beynəlxalq imic proqramının "European Quality" nüfuzlu mükafatına da layiq görülmüşdür.

Xanım Zorka Pırvanova toxuma prosesini maraqla izləmişdir.

Bolqarıstanın birinci xanımı qədim xalçaların nümayiş olunduğu sərgiyə də baxmışdır. Burada yaşı yüz ildən çox olan xalılar da nümayiş etdirilir. Sərgi qonaqda böyük maraq oyatmışdır.

"Azərbaycan xalçası qalereyası"nda nümayiş olunan "Azərbaycanın tarixi xalçaçılıq məktəbləri" ipək xalı xəritəsi də yüksək bədii tərtibatı ilə qonağı məftun etmişdir.

Xanım Zorka Pırvanovaya xatirə hədiyyələri təqdim olunmuşdur.

Sonra çay süfrəsi arxasında Azərbaycan xalçaçılıq sənətinə dair söhbət davam etdirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 1 iyul.- S.  4.