Bolqarıstan Prezidentinin xanımı Bakıda Müasir İncəsənət Muzeyi ilə tanış olmuşdur

 

Azərbaycanda səfərdə olan Bolqarıstan Prezidentinin xanımı Zorka Pırvanova iyunun 30-da Müasir İncəsənət Muzeyində olmuşdur.

Bolqarıstan Prezidentinin xanımı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış muzeyin ekspozisiyasına tamaşa etmişdir. Vurğulanmışdır ki, buradakı ekspozisiyanın əsasını XX əsrin ikinci yarısından bu günədək Azərbaycanın ən yaxşı avanqard rəsm və heykəltəraşlıq əsərləri təşkil edir. Muzeydə Azərbaycanın adlı-sanlı və gənc, əsasən avanqard üslubda işləyən rəssam və heykəltəraşlarının 1000-dək işi toplanmışdır.

Bildirilmişdir ki, muzeyin beynəlxalq əlaqələri də genişlənir. Bu mədəniyyət ocağı 2011-ci ildə 47 ölkənin təmsilçisinin qatılacağı Avropa müasir incəsənət muzeylərinin müsabiqəsində iştirak etmək niyyətindədir.

Qonaq Azərbaycanın xalq rəssamları Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov, Nadir Əbdürrəhmanovun, adları Azərbaycan mədəniyyəti xəzinəsinə daxil edilmiş bir çox fırça ustası və heykəltəraşların əsərləri ilə tanış olmuşdur.

Bolqarıstanın birinci xanımı muzeydə Mehriban xanım Əliyevanın mayın sonlarında Bakıda keçirilmiş "Qız qalası" Beynəlxalq incəsənət festivalına təqdim etdiyi əsərə maraqla tamaşa etmişdir. Mehriban xanım Əliyevanın əsərində bir sıra ölkələrin müxtəlif tarixi və mədəniyyət abidələri əks etdirilmişdir. Maketin üzərində isə mədəni irsin qorunmasına rəmzi çağırış mənasını daşıyan çətir qurulmuşdur. YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bu əsəri ilə bütün dünyanı mədəni irsin qorunmasına çağırmışdır.

Qərbi Avropa incəsənəti salonunda isə Pablo Pikasso, Salvador Dali, Mark Şaqal kimi dahi klassiklərin əsərləri nümayiş etdirilir.

Dizayn müəllifi tanınmış rəssam Altay Sadıqzadə olan bu mədəniyyət məbədində uşaq incəsənəti salonu, kitabxana, videosalon, restoran və art-kafe də fəaliyyət göstərir.

Muzeydə 800-dək rəsm işi ilə yanaşı, 200-dən çox heykəltəraşlıq nümunələri də nümayiş etdirilir.

Bolqarıstan Prezidentinin xanımı muzeyin kitabxanası ilə də tanış olmuşdur. Bildirilmişdir ki, burada incəsənət sahəsində 800-dək kitab toplanmışdır. Hətta, muzeyin kitabxanasından hər kəs abunə yazılmaqla istifadə edə bilər.

Qonaq muzeyin Xatirə kitabına ürək sözlərini yazmışdır.

Bolqarıstanın birinci xanımına xatirə hədiyyəsi təqdim olunmuşdur.

Bolqarıstanın birinci xanımı muzeyin əməkdaşlarına təşəkkürünü bildirərək buradan zəngin təəssüratlarla ayrılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  1 iyul.- S.  4.