Bakı Dövlət Universitetində
"Azərbaycan milli mətbuatı 135: tarixi yolu və müasir inkişaf meyilləri"
mövzusunda konfrans keçirilmişdir
İyunun 30-da Bakı Dövlət Universitetində (BDU) "Azərbaycan milli mətbuatı 135: tarixi yolu və müasir inkişaf meyilləri" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Prezident İlham Əliyevin "Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında" 2010-cu il 10 iyun tarixli sərəncamı ilə əlaqədar hazırlanmış müvafiq plana uyğun olaraq təşkil edilmiş tədbirdə Prezident Administrasiyasının, Azərbaysan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Mətbuat Şurasının nümayəndələri, universitetin professor-müəllim heyəti, tələbələr iştirak etmişlər.
Konfransı açan BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov bildirmişdir ki, milli mətbuatın 135 illik yubileyinin qeyd olunması mühüm əhəmiyyət kəsb edir. "Əkinçi" qəzetinin nəşrə başladığı vaxtdan hesablanan mətbuat tariximiz ötən dövrdə şərəfli yol keçmişdir. Azərbaycan mətbuatının bu gün ən böyük dinamika ilə inkişaf edən sahələrdən biri olduğunu diqqətə çatdıran rektor, ölkə jurnalistikasının inkişafında BDU-nun özünəməxsus yeri olduğunu qeyd etmişdir. "Biz jurnalistikaya verdiyimiz töhfələrə görə qürur duyuruq", - deyə vurğulamışdır.
Tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev "Müstəqillik illərində demokratik mətbuatın formalaşması və inkişafında ümummilli lider Heydər Əliyevin rolu" mövzusunda məruzə ilə çıxış etmişdir. Ə.Mehdiyev qeyd etmişdir ki, 1875-ci il iyulun 22-də görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan "Əkinçi" qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün qabaqcıl ideyalarını və mütərəqqi fikirlərini əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır. Mürəkkəb, lakin şərəfli inkişaf yolu keçmiş milli mətbuatımız həmişə xalqımızın şanlı tarixinin güzgüsü olmuşdur. Azərbaycan mətbuatı xalqımızın azadlıq arzularının gerçəkləşməsinə, mənəvi dəyərlərinin qorunmasına, mədəniyyətinin tərəqqisinə, qabaqcıl ictimai fikrin, milli şüurun formalaşmasına böyük töhfələr vermişdir. XX əsrin sonlarında müstəqilliyimiz bərpa edildikdən sonra demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycanda söz və məlumat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə zəruri şərait yaradılması prioritet vəzifə kimi müəyyənləşdirilmişdir. Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmış, KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Ulu öndər Heydər Əliyevin fərman və sərəncamları ilə mətbuatın maddi-texniki bazasının, iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin azad fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsi məqsədi ilə çoxsaylı tədbirlər həyata keçirilmiş, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyulmuşdur.
Hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanının, informasiya agentliyinin, teleradio şirkətlərinin, sürətlə inkişaf edən internet resurslarının vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rolu vurğulanmışdır.
Şöbə müdirinin müavini qeyd etmişdir ki, Azərbaycanın sürətlə inkişaf etdiyi, demokratikləşmə prosesinin dərinləşdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrdə kütləvi informasiya vasitələrinin, o cümlədən milli mətbuatımızın qarşısında yeni vəzifələr durur. Bu gün Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir. Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır.
Azərbaycanda jurnalistikanın inkişafına dövlət qayğısının özünü ən yüksək səviyyədə göstərdiyini qeyd edən Ə.Mehdiyev vurğulamışdır ki, təkcə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması və bu qurumun həyata keçirdiyi layihələr deməyə əsas verir ki, Azərbaycanda dövlət mətbuatın inkişafında maraqlıdır.
Konfransda BDU-nun kafedra müdiri, professor Şamil Vəliyev "Azərbaycan milli mətbuatı 135: tarixi yolu və müasir inkişaf meyilləri" mövzusunda məruzə etmişdir.
Tədbirdə iştirak edən alimlər və jurnalistlər fikir və düşüncələrini bölüşmüşlər. Çıxışlarda Azərbaycanda söz və məlumat azadlığının təmin edilməsindən, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün yaradılmış şəraitdən bəhs olunmuş, müstəqil mətbuatın inkişafında ümummilli lider Heydər Əliyevin rolu, ulu öndərin sərəncamları ilə mətbuatın maddi-texniki bazasının, iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin azad fəaliyyətinin təmin edilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirildiyi vurğulanmışdır.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi xəttin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi, KİV-lərin müasirləşməsi və inkişafı istiqamətində də mühüm nailiyyətlərin qazanıldığı qeyd edilmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 1 iyul.- S.
4.