Albaniya parlamentinin sədri
Bakının görməli yerləri ilə tanış olmuşdur
Azərbaycanda səfərdə olan Albaniya parlamentinin sədri xanım Jozefina Topalli iyunun 30-da Bakının görməli yerləri ilə tanış olmuşdur.
Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AzərTAc-a bildirmişlər ki, gəzinti zamanı qonağa dünya şəhərsalma sənətinin nadir nümunəsi, YUNESKO-nun "Dünya irsi siyahısı"na daxil edilmiş qoruq haqqında, eləcə də burada aparılan son təmir və abadlıq işləri barədə ətraflı məlumat verilmişdir.
Gəzinti çoxəsrlik tarixi olan Şirvanşahlar dövləti hökmdarlarının iqamətgahı, Orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan "Şirvanşahlar sarayı kompleksi" ilə tanışlıqdan başlamışdır. XV əsrin əvvəllərində inşa olunmuş tarixi ansamblın memarlıq-inşaat xüsusiyyətləri qonağın diqqətinə çatdırılmış və bildirilmişdir ki, kompleksə daxil olan tikililər İçərişəhərdəki təpələrdən birində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür.
Sonra xanım J.Topalli Azərbaycanın Şərq ölkələri ilə geniş tarixi, iqtisadi-mədəni əlaqələrindən xəbər verən, ölkə əhəmiyyətli abidələr - Buxara və Multanı karvansaraları ilə tanış olmuşdur.
Sıratağlı dini-memarlıq kompleksi ilə tanışlıq zamanı (Bazar meydanı) daş eksponatların ekspozisiyasının yenidən təşkili işləri və bu işlərin qabaqcıl beynəlxalq tələblərə uyğun həyata keçirildiyi qeyd edilmişdir.
Gəzinti Bakının rəmzi, qədim və əzəmətli Qız qalası ilə tanışlıqla başa çatdırılmışdır.
Xanım J.Topalli İçərişəhərin Fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 1
iyul.- S. 4.