"Yanıb-sönən, yenə də məşələ dönən "Əkinçi"

 

"Siz məndən tələb edirsiniz ki, "Əkinçi" qəzetinin proqramını təkmilləşdirim, daha doğrusu, xüsusilə yerli ehtiyaclara və tələbata həsr edilmiş baş məqalələr adı altında nə demək istədiyimi aydınlaşdırım və soruşursunuz ki, bu məqalələri qəzetin digər şöbələrindən birində, xüsusilə Elm şöbəsində vermək olmazmı?" Doğrudur, mən baş məqalələrdə toxunmaq istədiyim ehtiyaclar haqqında digər şöbələrdəki məqalələrdə də danışmaq olar. Lakin nəqli xarakter daşıyan həmin məqalələrdə bu həyatın qüsurlarını xalqa göstərmək, bilavasitə bu qüsurlardan bəhs etməklə oxucunun diqqətini özünə cəlb edə biləcək baş məqalələrdəki qədər münasib deyildir. Buna görə də mən hesab edirəm ki, "Əkinçi" qəzeti üçün baş məqalələr zəruridir və baş məqalələrsiz qəzet nəinki inkişaf etmiş, hətta yarıminkişaf etmiş adamlar tərəfindən həvəssiz oxunan məlumat yığını olacaqdır. Bizim məhz yerli ehtiyaclarımıza və tələblərimizə gəldikdə isə, mən bunlar haqqında baş məqalələrdə danışacağam. Bunun nə demək olduğuna cavab vermək mahalın müsəlman əhalisinin ehtiyacının hamısını şərh etmək demək olardı.

Hər kəs mənimlə razılaşar ki, qaba avamlığın, dilənçiliyin, aclığın və s. səbəbləri haqqında bu qısa izahatda danışmaq mümkün deyildir. Bu səbəblərin şərh edilməsi və onlara vasitə göstərilməsi "Əkinçi"nin baş məqalələrinin predmeti olacaqdır".

 

Həsən bəy Zərdabi

 

XX əsrin 50-ci illərindən başlayaraq ta indiyə qədər Azərbaycan xalqının böyük mütəfəkkir oğlu Həsən bəy Səlim bəy oğlu Zərdabinin elmi irsinin araşdırılması, daha dəqiq desək, fəlsəfi təhlili ilə məşğulam, özü də yorulmaq bilmədən, həvəslə məşğulam. Aydındır ki, söhbət həm də Zərdabi yaradıcılığının, onun elmi irsinin əsl mənada şah əsəri olan "Əkinçi"dən, onda təcəssümünü tapmış ülvi, işıqlı ideyaların araşdırılmasından, elmi təhlilindən gedir.

"Əkinçi"dən yazanlar, bütövlükdə də bir sıra Zərdabişünaslar "Əkinçi" qəzetinin demokratik məzmunundan, maarifçilik qayəsindən danışarkən birinci növbədə onun adına, "Əkinçi" anlayışına istinad edirlər, yəni əsl dəlil kimi bunu göstərirlər. Təəssüf ki, bu cür yanaşma illərcə davam etməkdədir. Oxuculara sualla müraciət etmək istəyirik: əgər Zərdabi lap əvvəldən məhz "Əkinçi" adlı və yalnız əkinçi qayəli qəzet buraxmaq məqsədi daşısaydı, müvafiq çar idarələri qəzetin çapına rəsmi icazəni bu qədər get-gələ salıb, Həsən bəyə bu qədər əzab verərdilərmi? Lakin fakt faktlığında qalır. Azərbaycan milli mətbuatının əsasını qoyan ilk demokratik qəzetimizin adı "Əkinçi"dir, Azərbaycan mədəniyyəti tarixinə də o bu adla daxil olmuşdur. Azərbaycan dilində ilk qəzetimiz, hər cür "rəngdən-boyadan" azad olan, çox sadə xalq dilində yazılan və nəşr olunan bu qəzet həqiqətən də çox demokratik qayəli, demokratik məzmunlu qəzet idi. "Əkinçi"də həqiqətən də bütün digər problemlərlə yanaşı, əkinçilik, kənd təsərrüfatına dair çox qiymətli məlumatlar, şərhlər, tövsiyələr öz əksini tapmışdır. Bunların bir çoxu indi də öz əhəmiyyətini saxlamaqdadır. Mütəxəssis alimlərimiz bu barədə dönə-dönə söhbət açmış, elmi məqalələr, monoqrafiyalar yazmışlar.

Bakının vaxtilə general-qubernatoru olmuş Staroselskinin "Əkinçi"yə icazə alınmasında, yayımında nəcib-xeyirxah xidmətlərini bir daha yada salmaq yerinə düşərdi. Bununla əlaqədar iki məqamı önə çəkmək istəyirik. Bunlardan birincisi odur ki, Staroselskinin qafqazlılara dostcasına yanaşdığını, eynilə də nəciblik və xeyirxahlığını müsbət bir hal kimi qiymətləndirmək, "Əkinçi"nin nəşrinə icazə alınmasında Həsən bəyə yardımçı olduğunu qeyd etmək lazımdır. Həsən bəy də nəzərə çatdırır ki, dərdimi qubernator Staroselskiyə söyləyəndə məsləhət gördü ki, qəzetin adını "Əkinçi" qoyum; bu qəzet guya məhz əkin və ziraət məsələlərindən bəhs edəcəkdir. Bəzən belə mülahizələrlə də rastlaşırsan ki, "Əkinçi" qəzetinə məhz bu adın verilməsi ilə əlaqədar Staroselskinin adını tez-tez çəkməyə dəyərmi? Əlbəttə, dəyər! Staroselski Bakıdan getdi, onun yerinə başqa bir qubernator gəldi. Nəsə dəyişdimi? Əlbəttə, dəyişdi! Yeni qubernatorun gəlişi ilə Həsən bəyin istər bir şəxsiyyət kimi, istərsə də onun "Əkinçi"sinin əzablı günləri başlandı. İndi hər şey tərsinə cərəyan edirdi, Zərdabiyə qarşı təqiblər ardıcıl xarakter almışdı. Bununla bağlı Həsən bəy Zərdabinin özünün dedikləri ilə tanış olmaq yerinə düşərdi: "Nə qədər ki, cənab Staroselski bizim Badkubədə qubernator idi, o, bizim qəzet haqqında elədiyi yaxşılıqlardan danışmırdıq, amma indi ol cənab Badkubədən çıxıb gedib, ona binaən onun yaxşılıqlarından bir neçə kəlmə danışmağı biz özümüzə vacib bilirik. Cənab Staroselski bizim qəzetin bina olunmağına bais olub. 3 il bizə izn vermirdilər ki, qəzeti çap etdirək. Buna ümdə səbəb bu idi ki, Badkubədə dövlət tərəfindən qəzetlərə mülahizə edən adam yoxdur. Amma ol cənab bizə zamin olub, o izni bizim üçün aldı... Xülasə, cənab Staroselski həmişə "Əkinçi" qəzetinin xeyirxahı var idi".

"Əkinçi" qəzetinin nəşri yaydığı ideyalar baxımından XIX əsrdə Azərbaycan mədəniyyətinin təkamülü və inkişafı tarixində çox böyük ictimai-siyasi, mənəvi-intellektual hadisə idi. Hər bir şəxsiyyətin həyatında, istərsə də mənəvi mədəniyyətin inkişafı tarixində qısaömürlü, tez parlayıb sönən elə hadisə, elə tərpəniş olur ki, onun təsiri, özü də müsbət istiqamətdə təsiri aramsız şəkildə davam edir. Bu, eynilə də "Əkinçi" qəzetinə aiddir. Həsən bəy Zərdabinin xatırlatdığına görə "Əkinçi" qəzeti həm qəzet, həm də jurnal çapı xüsusiyyətlərini özündə birləşdirmişdir. Bu barədə Həsən bəy Zərdabi "Əkinçi"də yazırdı: "Əkinçi" qəzeti bina oluncan bizim heç bir qəzetimiz, ya jurnalımız olmayıb... "Əkinçi"nin adını qəzet qoymaqdan muradımız ancaq gövmiyyə (gündəlik-İzzət) xəbərlər yazmaq idi. Amma bizim eldə jurnal olmadığına naəlac qalıb həmi təzə xəbərlərdən, həm elm və qeyri xəbərlərdən danışırıq". Həsən bəy Zərdabi, ümumiyyətlə, qəzetin cəmiyyətin mənəvi həyatında böyük rol oynaması barədə çox aydın təsəvvürə malik idi. 1861-1865-ci illərdə Moskva Dövlət Universitetində təhsil alarkən o, "Moskovskiye Vedomosti" və "Moskovskiye Qubernskiye Vedomosti" qəzetlərinin oxucu olmuşdur". Zənnimcə, bu, ciddi şübhəyə səbəb ola bilməz. Belə ki, bu qəzetlərdən birincisi - "Moskovskiye Vedomosti" birbaşa Moskva Dövlət Universitetinin orqanı idi. H.Zərdabinin "Əkinçi" qəzetini çap etdirmək fikrinə gəlməsi, bu zərurəti necə əsaslandırması barədə oxucularımız müəyyən məlumata və təsəvvürə malikdirlər. Lakin bununla belə Həsən bəyin vaxtilə bununla əlaqədar dediyi sözləri bir daha xatırlatmaq yerinə düşərdi: "Bizim sabiq cəmiyyəti-xeyriyyə bina tutmadığından, teatr oynanan otaq boş qaldığından aşkar oldu ki, müsəlman qardaşlarımızı bir yerə cəm edib, zəmanəyə müvafiq məktəbxanələr açdırıb, küçə və bazarlarda qalan uşaqları oxutmaq olmayacaq. Elmsiz də bu zəmanədə dolanmaq mümkün deyil... Belədə nə qayırmalı? Hər kəsi çağırıram gəlməyir, göstərirəm görməyir, deyirəm qanmayır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın, necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də, ələlxüsus doğru söz, mürur ilə qanmazın başını deşib, onun beyninə əsər edər. Belədə mən onları necə görüm və görmək mümkündürmü?

Hər kəs öz qara sandığının üstə oturub onun içində olana səcdə edir və sandığı doldurmaq fikrindədir. Amma ətrafda müsəlman qardaşlar bir-bir düşmənimiz əjdahanın ağzına düşüb yox olduğunu görməyir və görmək də istəməyir. Belədə qəzet çıxarmaqdan savayı bir qeyri əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmaz ki, doğru söz yerdə qalsın. Hər ildə on qəzet oxuyandan biri oxuduğunu qansa, onların qədəri ilbəil artar, axırda o bənd ki, suyu axmağa qoymurdu, rəxnə tapar və su mürur ilə bəndi üçürüb aparar".

Nəhayət, Həsən bəy Zərdabi başda olmaqla, mütərəqqi ziyalılarımızın, bunların sırasında da Mirzə Fətəli Axundovun, Seyid Əzim Şirvaninin, Nəcəf bəy Vəzirovun, Əsgər bəy Adıgözəlov Goraninin, həmçinin Həsən bəyin ailəsinin intizarında olduğu fərəhli, işıqlı gün gəlib çatdı. 1875-ci ilin 22 iyulunda Azərbaycan milli mətbuatının ilk parlaq ulduzu - "Əkinçi" fəaliyyətə başladı. Doğrudur, "Əkinçi" iki il və bir neçə ay ömür sürdü, lakin mənən o hələ də yaşamaqda davam edir.

Həsən bəyin şəxsən özü tərəfindən yazılan "Daxiliyyə"dən əlavə "Əkinçi"də "Əkin və ziraət - xəbərləri", "Elm xəbərləri", "Təzə xəbərlər" kimi bölmələr özünə yer etmişdi. Əlbəttə, qəzetin müxtəlif nömrələrində bölmələrin bu ardıcıllığı gözlənilmir. Görünür, burada konkret halda toplanmış informativ materialların kəmiyyəti və məzmunu da həlledici rol oynamışdır. Məsələn, yeri gəldikcə, qəzetdə "Əfali-əhli-dehat", "Məktubat" kimi bölmələrə, bəlkə də başlıqlara təsadüf edirik. "Əkinçi"nin bölmələrində indi də əhəmiyyətini itirməmiş olan çox maraqlı elmi-idraki materiallar, ideyalar, duyumlar, fərziyyələr cəmlənmişdir. Mədəni keçmişimizə "səyahət" üçün bunlar yaxşı bələdçi ola bilər. Burada yenə də Həsən bəyin özünün sözlərini oxucularımıza təqdim edirik. Yenə də həmin 1-ci nömrənin "Daxiliyyə"sindən: "Bu məzmunda qəzeti müsəlmanlar üçün vacib bilib, onun zəhmətini və zərərini qəbul edib, başlayırıq və müsəlmanların anlayan və pişrof şəxslərindən iltimas edirik ki, xalqa bu qəzeti oxumağa mane olmasınlar, bəlkə səy etsinlər ki, onu oxuyan çox olsun... Əlbəttə, anlayan və pişrof şəxslərə lazımdır ki, xalqın bu etibarına xəyanət etməyib onun gözlərinin açılmasına səy və guşəş etsinlər". Deməli, bütün hallarda Həsən bəyin amalında, mübarizələrində "xalqın gözünün açılması" problemi öncül əhəmiyyət kəsb edirdi. "Daxiliyyə"də oxuyuruq: "Hər bir vilayətin qəzeti gərək ol vilayətin aynası olsun, yəni ol vilayətin sakinləri elədiyi işlər, onlara lazım olan şeylər, xülasə, onların hər bir dərdi və xahişi ol qəzetdə çap olunsun ki, ol qəzetə baxan xalqı aynada görən kimi görsün". Yaxud: "Çünki qəzetin muradı xalqın gözünü açmaqdır... Qəzet dərviş kimi nağıl deyə bilməz, onun borcudur işlərin yaxşı və yamanlığını ayna kimi xalqa göstərsin, ta xalq öz nikbədindən xəbərdar olub, onun əlacının dalıncan olsun".

Həsən bəy Zərdabinin "Əkinçi" qəzetinə bəslədiyi ümidlər doğruldumu, qəzet "Vilayətin aynası" oldumu, yaxud Həsən bəy öz "maarifçilik qayəsinin" gerçəkləşməsində nəyəsə nail oldumu? Cəsarətlə deyə bilərik, bəli; Həsən bəy bu sahədə çox şeyə nail oldu, öz "Əkinçi"si ilə Azərbaycanın mədəni-mənəvi, hətta elmi mühitində ciddi dönüş yaratdı. Hər şeydən əvvəl, Azərbaycanda öz doğma dilimizdə ilk milli mətbuat orqanı fəaliyyətə başladı. İkincisi, Azərbaycanın mütərəqqi ziyalı oğulları "Əkinçi"nin proqramında elan edilmiş demokratik ideyalar ətrafında birləşdilər, müəllif, yaxud müxbir kimi qəzetin fəaliyyətində iştirak etdilər. Üçüncüsü, Həsən bəy Zərdabi "Əkinçi" vasitəsilə Azərbaycanda və ondan xeyli kənarlarda elmi mübahisə və müzakirə mühiti yaratdı. Dördünçüsü, Zərdabi qəzet müxbiri strukturunu, anlayışını formalaşdırdı. Bununla əlaqədar Nəcəf bəy Vəzirov, Əsgər bəy Adıgözəlov Görani ilə yanaşı, Tabasarandan Mirzə Həsən Əlqədari, Petrovskidən Heydəri, Əhsənül-Qəvaid, Məhbus Dərbəndi, Şamaxıdan Məhəmməd Tağı Əlizadə Şirvaninin adlarını çəkmək yerinə düşər. Həsən bəy Zərdabi Azərbaycanın ətalətli, mövhumatçı, həmçinin bir sıra mənəm-mənəm deyən "ziyalı" təbəqələrini hərəkətə gətirdi, necə deyərlər, onları əsl mənada tərpətdi. Deməli, "Əkinçi" oxunurdu, orada dərc olunmuş materiallara, ideyalara fəal münasibət bildirilirdi. Budur, "Əkinçi"nin redaksiyasına, Həsən bəyin ünvanına tənqidi məqalələr, həcvlər, bəzən də çox təhqiramiz sözlərlə dolu olan yazılar daxil olurdu. Bəs Həsən bəy belə hallarda necə hərəkət edirdi? Qəzetin imkanları daxilində həmin yazıları dərc edirdi. Bir sıra hallarda onlara sərrast, həm də çox kəskin cavablar verirdi, bununla da "Əkinçi"yə marağı qat-qat artırırdı. Bu cəhətdən Hadiyül-Müzillin Qarabağinin, Hadimül-Qəvaid kapitan Sultanovun adını çəkmək yerinə düşər. Diqqətçəkən budur ki, "Əkinçi"nin bədxahlarına qarşı təkcə qəzetin fəal müxbirləri deyil, eyni zamanda, Həsən bəyə müəyyən tənqidi iradlarını bildirən dostları, yazıçı, şair ziyalılar da "Əkinçi"nin, Zərdabinin müdafiəsinə qalxır, "Əkinçi" bədxahlarına qarşı yönəldilmiş məqalələr, şeirlər, həcvlər yazırdılar. Bəzi konkret məqamlara toxunmağı vacib sayırıq. Elə "Vəkili-naməlum" imzası ilə "Əkinçi"yə daxil olmuş (1877; 18 yanvar), həm "Əkinçi" qəzeti, həm də Həsən bəy barədə ciddi iradlar və təhnizlərlə dolu olan məqaləni yada salmaq olar. "Vəkili-naməlum" təxəllüsünü daşıyan görkəmli şəxsiyyət "Əkinçi"nin və Zərdabinin xeyirxahları sırasında gedir. "Vəkili-naməlum" yazırdı: "...Bica yerə bizə tənə etmə, əl çək bizim yaxamızdan, buna ancaq şakir ol ki, dövləti-Rusiyanın təhti-himayətində keçən zəmanələrin qanunkeşliyindən və çapqınçılığından azad olub, asayiş tapmışıq və zindəganlıqdan razıyıq... müsəlman dillərində oxumaq çətindir". Həsən bəy öz dostu olan "Vəkili-naməlum"a cavab verir: "Sizin kağıza cabəca cavab yazmaq sonraya qalsın, indi lazım bilib, ərz edirəm ki, o kağız qışın çilləsində olan çovğun kimi onu diqqətlə oxuyanın bədəninə qorxu lərzəsi salır"... Əlhəq bizim zəmanəmizdə elmsiz qalan millət mürur ilə puç olmağı məlum və aşkardır... Pəs mənim dostum, halva-halva deməklə ağız şirin olmaz, siz də mənim kimi baldırınızı çırmalayıb, meydana daxil olun ki, bəlkə zikr olan xəyal əmələ gəlsin, yoxsa doğru deyirsiniz ki, bir güllə bahar olmaz".

"Vəkili-naməlum"un "Əkinçi" və Zərdabi barədə iradları digər Azərbaycan ziyalılarının da tənqidi etirazlarına səbəb olmuşdu. Bunların sırasında Şamaxıdan Məhəmmədtağı Əlizadə Şirvanini, həmçinin Məhbus Dərbəndini göstərmək olar. Məsələn, Dərbəndi yazır: "...Bircə "Əkinçi" xəlaiqin ittifaqına bais olur və bu əsnada vəkilimizin tənəsi, yaxamızdan əl çək, rəvadırmı?"

Bəs, Hadiyül-Müzillin Qarabağinin "Əkinçi" barədə söylədiyi tənələrə münasibət necə olmuşdur? Həsən bəy Zərdabi "Əkinçi" qəzeti səhifələrində elm, maarif uğrunda mövhumat və cəhalətə qarşı geniş mübarizə başlamışdı, qəzetdə ciddi tənqidi materiallar dərc olunurdu. Məsələn, Qafqazın Şeyxül-İslamı Əhməd Hüseynzadə Zərdabinin "Elmi-əbdan" və "Elmi-ədyan" barədə açdığı müzakirə və mübahisədə fəal iştirak edir, Həsən bəyin mövqeyini müdafiə edir. Lakin Hadiyül-Müzillin Qarabaği kimi mövhumatçı şairlər "Qəzeti hər nə danışır, hamı hədyan danışır, özgələr adına hər nə desə, böhtan danışır...", - deyə Həsən bəyə təhqirlə dolu nəzmlə yazılmış həcv göndərir. Əlbəttə, Seyid Əzim Şirvani başda olmaqla, Azərbaycanın demokratik əhvali-ruhiyyəli ziyalıları Hadiyül-Müzillinin layiqli cavabını verirlər. Həsən bəy özü də Hadiyül-Müzillini cavabsız qoymayaraq yazırdı: "Fikrim budur ki, bizim Zərdab kəndində Qarabağın sərhədində bir daş qoydurub onun üstə zikr olan həcvi tamam qazıdım ki, gələcəkdə bizim övladlar o yadigara baxıb bilsinlər ki, mən bu zəhmət ilə milləti - islami qəflətdən ayıltmaq istəyən vəqtdə necə nadanlara rast gəlmişəm".

Hadimül-Qəvaid kapitan Sultanov da öz tənqidi "qələmini" işə salır, Məhərrəmlik mərasimi zamanı baş çapmağın "Əkinçi" qəzetində tənqidi ilə əlaqədar öz etirazını bildirir, "hədərən-pədərənlə" haşiyələnmiş yazısını "Əkinçi"yə göndərir və həmin yazı da burada çap olunur. Yenə də başda Mirzə Fətəli Axundov olmaqla, mütərəqqi ziyalılarımız kapitan Sultanovun qaragüruhçü fikirlərinə qarşı tutarlı yazılar hazırlayırlar. Bunu Seyid Əzim nəzmlə bildirir, digər müxbirlər kapitan Sultanovun "baş çapmağın feyzləri" haqqında sərsəm fikirlərinə qarşı yönəldilmiş tənqidi yazılarla çıxış edirlər. Mirzə Fətəli Axundov da kapitan Sultanova qarşı yönəldilmiş kəskin ruhlu bir məqalə yazaraq "Əkinçi"nin redaksiyasına göndərir. Lakin həmin məqalə "Əkinçi"də dərc olunmur. Həsən bəy Zərdabi özü bu barədə belə yazır: "Cənab vəkili-naməlumi-millətə ərz olunur ki, siz kapitan Sultanov barəsində, yazdığınız cavabı binöqsan çap elətməyə nəinki məsləhət, hətta izin də olmadı. Ona binaən ki, söz çox doğru və aşkar idi və əgər cənabınız izin versəniz, onun üstə bir nazik pərdə çəkib çap elədərik". Qeyd edək ki, M.F.Axundovun bəhs olunan cavab məqaləsi onun fəlsəfi əsərləri sırasına daxil edilmişdir.

"Əkinçi", necə dəyərlər, "döyüşə-döyüşə", məşəl saça-saça qürub etməyə doğru gedirdi, ona qarşı təzyiqlər, təqiblər günü-gündən artmaqda idi. "Əkinçi"nin fəal müxbirləri də kəsərli sözlərini deməkdə idilər. Onlar istəmirdilər ki, Azərbaycan milli mətbuatının bu ilk incisi, bu demokratik söz tribunası qapanıb aradan çıxsın. Qəzetin ən fəal müxbirlərindən olan, özü də tənələrə, təhnizlərə məruz qalmış Əhsənül-Qəvaidin "Əkinçi"nin gələcək taleyi barədə düşüncələri ilə tanış olmaq yerinə düşərdi: "Ay qardaş, "Əkinçi"nin mənzurun bilməyib, ona əziyyət etməyin. "Əkinçi" bir nasehi-müşfiqdir ki, deyir qardaş, hünəriyyət toxumu əkin ki, izzəti-dövlət, səmərə götürəsiniz. "Əkinçi" bir vaizdir ki, bizi əbdandarlıq elmlərinə vəz və təhrik edir. "Əkinçi" bir nəfsi-ləvvamə ki, bizi yamanlıqdan məlamət edir ki, yaxşılıq tərəfinə gedək... "Əkinçi" bir aynadır ki, bizə zillət və miskənət eyiblərin nümayən edir".

Həsən bəyin çox acığına gəlirdi ki, köməyini ummalı olduğu dostları da ona etirazlarını bildirirdilər. Zərdabi yazırdı: "Bizim dostlardan birisi yazır ki, filani, nə düşmüsən xalqın üstə ki, filan qubalı belə gəldi, filan qarabağlı belə getdi, ya filan adətimiz belədir, gərək belə olsun? Başına sözmü qəhətdir danışmağa? Belədə yəqin nəinki gələn il 5 müştəri tapmayacaqsan, hətta bu il də gümanım var sənin qəzetini oxumasınlar". Söyləməyi lazım bilirik ki, Həsən bəy Zərdabi təhnizləri, tənqidləri dinləyə-dinləyə odlu-alovlu sözlərini deməkdə davam etdi və buna görə də vurğulayırdı ki, "belə meydanbazlıq edən nadanlara cavab yazılmasa qəzet çıxarmaq olmaz" (yenə orada).

"Əkinçi"nin qürubu yaxınlaşmaqda idi. Lakin Həsən bəyin həqiqi ideya silahdaşları onu tək qoymurdular, özlərinin carçı sözlərini yazıb "Əkinçi"yə göndərirdilər. "Harayçı qardaş" təxəllüslü şəxs həyəcanla yazırdı: "Ay qardaşlar, "Əkinçi" qəzetinin fəryadını eşidib elm təhsil etmək dalıncan olun, necə ki, bir çırağın yağı qurtaranda onun işığı kəsiləndən irəli, ondan bir şəfəq çıxar və bu zaman onun üstə yağ tökülməsə, bir mərrə sönüb tamam ölür, habelə "Əkinçi" qəzeti də sizin üçün bu axırda çıxan şəfəqdir. Haray, qardaşlar, yağ, yağ, yağ! Yoxsa "Əkinçi" sönüb, bizi zülmətə qərq edər ki, bu zülmətdən bizim üçün xilas olmaq yoxdur".

Beləliklə də "Əkinçi" qəzeti fəryad edə-edə qapandı, Zərdabinin özünün dediyi kimi, "Əkinçi" vəfat etdi. Bu azmış kimi, Həsən bəyin özünə qarşı da təqiblər artdı. Hətta ona imkan vermədilər ki, Bakı realnı gimnaziyasında pedaqoji fəaliyyətini davam etdirsin. Deməli, Həsən bəy sevimli "Əkinçi"sindən və fəxrlə yetişdirdiyi tələbələrindən ayrı düşərək doğma kəndi Zərdaba köçmək məcburiyyətində qaldı. 16 il orada yaşadıqdan sonra yenidən Bakıya qayıtdı.

Zərdabi ideyalarının şəfəqi indi də davam etməkdədir. "Əkinçi"nin demokratik mətbuat məktəbini böyük mütəfəkkir İsmayıl bəy Qaspıralının "Tərcüman"ı davam etdirdi, XX əsrin əvvəllərindən başlayaraq Bakıda nəşr olunan mətbuat orqanları kiçik istisna ilə "Əkinçi"nin ideyaları zəminində fəaliyyət göstərirdilər. Həqiqətən də böyük mütəfəkkir, şair və filosof Mirzə Ələkbər Sabirin coşqunluqla dediyi kimi, "Həsən bəyin əkdiyi toxumlardan dadlı meyvələr" əmələ gəlmişdir. "Şərqi - Rus", "Həyat", "Tazə həyat", "İrşad" qəzetləri, "Molla Nəsrəddin", "Füyuzat", "Dəbistan" və s. kimi jurnallar "Əkinçi"nin ruhuna bütövlükdə sadiq qaldılar. Bunun üçün həmin mətbuat orqanlarında dərc olunmuş materiallarla tanış olmaq kifayətdir. Vaxtilə "Əkinçi"də dərc olunmuş bir sıra materiallar "Molla Nəsrəddin"də özünün ikinci həyatını yaşamışdır. Həsən bəy Zərdabi özü XX əsrin əvvəllərində müxtəlif mətbuat orqanlarında "Əkinçi"də başladığı işıqlı ideyaları davam etdirmişdir. Məsələn, "Həyat" qəzeti səhifələrində bir-birindən gözəl elmi, həmçinin ictimai-siyasi pafoslu və qayəli məqalələrlə çıxış etmiş, Azərbaycanda demokratik əhval-ruhiyyəli jurnalist kadrların yetişdirilməsi sahəsində fədakarlıqla çalışmışdır. Zərdabi ömrünün son günlərinə qədər övlad kimi sevdiyi, müvəqqəti redaktoru işlədiyi "Kaspi" qəzeti redaksiyasında iş masasından ayrılmamışdır.

Çox minnətdarlıqla qarşılanır ki, respublika rəhbərliyi Azərbaycan milli mətbuatının ildönümlərinin qeyd olunması barədə sərəncam verir və "Əkinçi"nin Azərbaycan milli mətbuatının formalaşması və inkişafında oynadığı böyük rola xüsusi diqqət yetirilir. Deməli, "Əkinçi" şölələnməkdə, işıq verməkdə davam edir.

Yazını Həsən bəy Zərdabinin kürəkəni, böyük dövlət xadimi, görkəmli jurnalist, "Kaspi" qəzetinin redaktoru Əlimərdan bəy Topçubaşovun Həsən bəy Məlikzadə Zərdabinin xatirəsinə və onun yetişdirməsi olan "Əkinçi"nin 50 illiyinə həsr olunmuş "Azərbaycanın mayakı" adlı məqaləsindəki sözləri ilə qurtarmaq istəyirik: "Əkinçi"! Bu sözü ürək döyüntüsüz və həyəcansız dilə gətirmək çətindir. Bu sözdə hər bir azərbaycanlı üçün nə qədər müqəddəslik var... "Əkinçi"... müstəqil Azərbaycan üçün, onun dili, xalq mahnıları, poeziyası, ədəbiyyatı, tarixi üçün gözəl emblemdir. "Əkinçi" bütün Azərbaycan xalqının təsviri və ona tərif verilməsidir, onun enerjisinin, onun azad əməyə məhəbbətinin, onun ideya və ideallarının təzahürüdür!

"Əkinçi" və Həsən bəy Məlik-Zərdabi, Həsən bəy Məlik-Zərdabi və "Əkinçi" tarixdə və xalq yaddaşında bir-biri ilə o qədər birləşmiş və bağlıdırlar ki, onları bir-birindən ayırmaq mümkün deyildir. Onlar birlikdədirlər və bölünməzdirlər... "Əkinçi"nin yaradılması Həsən bəyin öz xalqına pionercəsinə xidmət göstərməyinin kulminasiya nöqtəsi idi, "Əkinçi" Zərdabinin ucaltmış olduğu xilasedici bir mayakdır; şücaət və qəhrəmanlıqdır".

 

 

İzzət RÜSTƏMOV,

Bakı Dövlət Universitetinin

Sosiologiya kafedrasının

müdiri, fəlsəfə elmləri

doktoru, professor

 

Azərbaycan.- 2010.- 1 iyul.- S.  5.