Elmin İnkişafı Fondu 2010-cu il üçün 1-ci müsabiqənin şərtlərini
açıqlamışdır
İyunun 30-da "Park
İNN Azərbaycan" mehmanxanasında Azərbaycan
Respublikasının Prezidenti yanında Elmin İnkişafı
Fondunun elmi-tədqiqat proqramlarının, layihələrinin və
digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədilə
qrantların verilməsi üzrə 2010-cu il üçün
1-ci müsabiqənin (EİF-2010-1) elan edilməsinə həsr
olunmuş mətbuat konfransı keçirilmişdir.
Azərbaycan
Respublikasının Prezidenti yanında Elmin İnkişafı
Fondunun icraçı direktoru Elçin Babayev son illər
ölkəmizdə elm sahəsinin inkişafına göstərilən
diqqət və qayğıdan danışmışdır. Azərbaycanda
elmin hərtərəfli inkişafı istiqamətində
Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamların
tarixi əhəmiyyətini xüsusi vurğulayan
icraçı direktor demişdir ki, elm həmişə cəmiyyətin
fovqündə duran bir məsələdir və onun
inkişafı yeni texnologiyaların tətbiqi ilə üzvi
surətdə bağlıdır.
E.Babayev demişdir ki,
fondun əsas məqsədi ölkədə elmi təşkilatlar,
təhsil müəssisələri, digər müvafiq qurumlar
və fiziki şəxslər tərəfindən təqdim
olunmuş təbiət, texniki, humanitar və ictimai elmlər
sahəsində dövlət və cəmiyyət
üçün əhəmiyyət kəsb edən fundamental,
tətbiqi və axtarış-innovasiya xarakterli elmi tədqiqat
proqramları və layihələrini, digər elmi tədbirləri
qrant şəklində ünvanlı maliyyələşdirmək,
alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və
onlara azad yaradıcılıq imkanı yaratmaq və s. məsələlərdən
ibarətdir. Bu gün elan olunan müsabiqə ölkəmizdə
təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər
sahəsində fundamental, tətbiqi və
axtarış-innovasiya xarakterli elmi-tədqiqat
proqramlarının, layihələrinin və digər elmi tədbirlərin
maliyyələşdirilməsinə təkan verəcəkdir.
Müsabiqədə hər
hansı bir alim, fiziki şəxs, elmi mövzu ətrafında
yaradılmış yaradıcı kollektiv, elmi müəssisələr,
təşkilatlar, elmi iş aparan QHT-lər və digər
qurumlar iştirak edə bilərlər. Qrant layihəsi öz
tipinə görə fərdi və müştərək ola
bilər. Öz kateqoriyasına görə bu qrantlar ölkədaxili,
regional və beynəlxalq layihələr şəklində
verilə bilər. İcra müddəti bir qayda olaraq bir ildir.
Lakin xüsusi əsaslandırılmış hallarda bu, 2 və
3 il müddətində də həyata keçirilə bilər.
Qrantların verilməsində konkret bir məbləğ
üzərində dayanılmamışdır. Qrantlar
kiçik, orta və böyük olmaqla 3 kateqoriyaya
bölünmüşdür. Öz xarakterinə görə
qrant layihələri bir elm və ya bir neçə elm sahəsini
əhatə edə bilər.
Diqqətə
çatdırılmışdır ki, qrant layihələrinin
bölüşdürülməsi prinsipinə - fundamental və
tətbiqi xarakterli qrant layihələri, elmin ayrıca
götürülmüş sahəsinin inkişafına
böyük həcmli qrant layihələrinin ayrılması,
məqsədli, xüsusi qrant layihələri və
axtarış-innovasiya yönümlü layihələr
daxildir.
Bütün bu layihələrin
idarə olunması daim diqqət mərkəzində
saxlanılacaqdır və bunun üçün lazımi
işlər görülmüşdür.
E.Babayev ildə iki dəfə
belə müsabiqələrin keçirilməsinin nəzərdə
tutulduğunu demişdir. Bu, hər ilin may və noyabr
aylarının 10-da reallaşacaqdır.
Vurğulanmışdır ki, cari il üçün qrant
maliyyələşdirilməsinin həcmi 6 milyon 100 min manat məbləğindədir.
Tədbirdə Elmin
İnkişafı Fondunun Himayədarlar Şurası sədrinin
müavini, Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti, akademik Mahmud Kərimov və şuranın digər
üzvləri iştirak etmişlər.
Sonda jurnalistləri maraqlandıran
suallar cavablandırılmışdır.
AzərTAc
Azərbaycan.- 2010.-1
iyul.- S. 5.