Bakıda Azərbaycan Respublikası və Suriya Ərəb Respublikası hökumətləri arasında Birgə Komissiyanın birinci iclası başa çatmışdır

 

Bakıda Azərbaycan Respublikası hökuməti və Suriya Ərəb Respublikası hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclası keçirilir.

İyunun 30-da komissiyanın yekun iclası olmuşdur.

Komissiyanın həmsədri, Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov məlumat vermişdir ki, dünənki iclasdan sonra ekspertlər protokol üzərində işləmişlər və sənəd imzalanmaq üçün hazırdır.

Suriya tərəfdən həmsədr, neft və təbii sərvətlər naziri Sufyan Alao bildirmişdir ki, nümayəndə heyətinin səfəri çox məhsuldar olmuşdur. Azərbaycan dövlətinin başçısı, sənaye və energetika, iqtisadi inkişaf nazirləri, ARDNŞ prezidenti ilə görüşlər onda böyük təəssürat oyatmışdır. O, qonaqpərvərliyə görə təşəkkür etmiş və gələn il Dəməşqdə, komissiyanın ikinci iclasında görüşəcəklərinə əmin olduğunu vurğulamışdır.

Protokolu Sufyan Alao və İsmət Abasov imzalamışlar.

Sənəddə ticarət-iqtisadi, kənd təsərrüfatı, sənaye və energetika, elektrik enerjisi sektoru və bərpa olunan enerji, nəqliyyat, rabitə və informasiya texnologiyaları, təhsil, elm, səhiyyə, mədəniyyət və turizm, bank sahəsində əməkdaşlığı nəzərdə tutan müddəalar vardır.

Sonra hər iki nazir yerli və xarici jurnalistlər üçün brifinq keçirmiş, mətbuat nümayəndələrinin əməkdaşlıq perspektivləri, o çümlədən qarşılıqlı ixrac-idxal əməliyyatları, qazın qiyməti, hava nəqliyyatı vasitəsilə əlaqə və s. barədə suallarına cavab vermişlər. Bildirilmişdir ki, hər iki hökumət arasında bitki karantini və mühafizəsi, baytarlıq, fövqəladə hallar, ticarət və iqtisadiyyat sahəsində əməkdaşlıq, ekstradisiya və cinayətkarların verilməsində hüquqi yardım haqqında sazişlər, ikiqat vergitutmanın aradan qaldırılması haqqında konvensiya, məskunlaşdırma və tikinti, ətraf mühitin mühafizəsi sahələrində əməkdaşlığa dair anlaşma memorandumları imzalanmağa hazırdır. Bakıda və Dəməşqdə təşkil olunacaq sərgilərdə hər iki ölkənin məhsulları nümayiş etdiriləcəkdir. Qaz müqaviləsi 20 il müddətinə bağlanacaq və bu yanacağın qiyməti neftin qiymətinə əsaslanacaqdır. Münasib vaxtda Bakı-Dəməşq hava marşrutu açılacaqdır.

Vurğulanmışdır ki, hər iki ölkədə əməkdaşlıq əlaqələrini ən yüksək səviyyəyə çatdırmaq barədə müştərək istək, siyasi iradə vardır.

Komissiyanın növbəti iclası gələn il Dəməşqdə keçiriləcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 1 iyul.- S.  5.