Qoşa qanad
Yusif Kərimov Azərbaycanın ədəbi mühitində və jurnalistikasında peşəkar yazıçı-publisist kimi tanınır. Bu qoşa qanadın istedad gücü sahibini ədəbi-bədii və publisist yaradıcılıq yollarında irəliyə aparmış, ona uğur qazandırmışdır...
"Yusif Kərimovun bədii yaradıcılığı üstündür, ya publisistikası" sualına birmənalı cavab vermək çətindir. Çünki onun ilk məqalələri dərc olunanda və mükafatlara layiq görüləndə artıq hekayə və miniatürləri də oxucuların diqqətini cəlb edirdi. Onda biz Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsini bitirmək üzrəydik, dövlət imtahanlarına hazırlaşırdıq. Həmin baharda (1962) "Bakı" qəzeti ən yaxşı oçerklər və hekayələr üçün ümumrespublika müsabiqəsi elan etmişdi. Müsabiqə gizli devizlə keçirildiyindən müəlliflərin adları yalnız münsiflər heyətinin qərarından sonra açıqlanacaqdı. Münsiflər heyətinə xalq yazıçısı Mirzə İbrahimov başçılıq edirdi. Təşkilat qrupunun sədri isə görkəmli jurnalist Nəsir İmanquliyev idi. Bu mötəbər yarışda o zamanın tanınmış yazıçıları, publisistləri iştirak edirdilər. Odur ki, belə bir müsabiqədə jurnalistika aləminə təzə qədəm qoymuş, daha doğrusu, hələ tələbəlik qiyafəsindən çıxmamış bir gəncin uğur qazanacağını heç kim ağlına gətirmirdi. Ancaq belə düşünənlərin əksi oldu. Münsiflər heyətinin yekdil qərarı ilə birinci mükafata layiq görülmüş "Hələlik, əzizim..." oçerkinin müəllifi məhz bizim tələbə yoldaşımız Yusif Kərimov idi. Nə üçün müsabiqəyə təqdim olunan onlarca oçerkin arasından bu yazı seçilib, qalib elan olunmuşdu? Ona görə ki, Yüsifin yazı üslubu o dövr jurnalistikasında kök atmış "steorotip" yazılardan çox seçilirdi. Gənc müəllif dəniz neftçilərinin həyatından topladığı zəngin faktları bədii "örpəyə" bürüyərək oxuculara təqdim edirdi. "Hələlik, əzizim..." oçerki dənizdə çalışan buruq ustası ilə Xəzərin arasında olan səmimi söhbətin üzərində qurulmuş bir hekayət idi.
Yusif Kərimovun bədii təxəyyülü yazdığı məqalə və oçerklərin canına hoparaq onları oxunaqlı edirdi. Jurnalistika sahəsində təcrübəsi artdıqca, müşahidə qabiliyyəti gücləndikcə bu dərinlik onun bədii yaradıcılığına da sirayət edirdi. Təsədüfi deyil ki,ədəbi ictimaiyyət arasında Yusif Kərimovun yaradıcılığını (həm bədii, həm də publisistik əsərlərini) "şirin və dərin yaradıcılıq" kimi xarakterizə edirdilər.
Yusif Kərimovun bədii yaradıcılığı barədə kifayət qədər olmasa da deyilib və yazılıb. Onun hekayə, povest, roman və pyesləri oxucular tərəfindən rəğbətlə qarşılanıb, ədəbi tənqidin tərifini qazanıb. "Bir buta gül" (1972), "Tavridada şimşək çaxır" (1977), "Üçbucaq" (1979), " Gün ötər, geri dönməz" (1984), "Qırmızı sahil" (1988) kitabları "dövrünün ədəbi hadisələri" kimi qiymətləndirilib.
Yusif Kərimovu Qarabağ mövzusunda yazan bədii və sənədli söz ustaları cərgəsində ən məhsuldarı hesab edərdim. Bu silsilədən olan "Səni mənə verməzlər...", "Zülmətin bəyaz rəngləri" romanları, "Qu rəqsi", "Xəyanətin ad günü" povestləri, "Didərginlər", "Dünyanın tamah dişi" pyesləri, onlarca hekayə və ssenariləri Qarabağ faciəsinin mahiyyətini və geniş panoramını yaddaşlarda gələcəyə daşıyan bədii salnamə kimi qiymətləndirilə bilər. Təsadüfi deyil ki, "Səni mənə verməzlər" romanı Azərbaycan Yazıçılar Birliyinin "Yaddaş" milli mükafatına layiq görülüb. "Arzu istehkamları" bədii kinossenarisi isə Mədəniyyət Nazirliyinin gizli devizlə keçirdiyi respublika müsabiqəsinin mükafatını alıb...
Lakin bədii yaradıcılıq sahəsində nə qədər məhsuldar və "yenilikçi" olsa da, mən Yusifin publisistikasından, başqa sözlə, onu peşəkar qələm sahibi zirvəsinə qaldıran ikinci "qanaddan" daha geniş söhbət açmağı lazım bilirəm. Əvvəla, ona görə ki, publisistika yaradıcılığı Yusif Kərimov üçün daha doğmadır, necə deyərlər, bir köynək ona yaxındır (əlli ilə yaxındır ki, jurnalistika sahəsində çalışır və peşəsinə olduqca sədaqətlidir). İkincisi, ona görə ki, "hamıdan və hər şeydən" yazmağı xoşlayan Yusif Kərimovun publisistikasının "cövhərindən" yazılmayıb, yaxud çox az yazılıb. Və nəhayət, ona görə ki, tələbə yoldaşımın mətbuatdakı fəaliyyətini lap cavanlıqdan izləmək imkanım olub. Mənə Yusifin publisistikasından nümunələri özündə toplayan "Çalarlar" kitabına (2005) redaktorluq etmək və ön söz yazmaq qismət olub. Beləliklə də müəllifin jurnalist dünyasına daha yaxından " boylanmaq" fürsəti qazanmışam...
"Qobustanın həyəcan təbili", "Ədəbiyyatımızın Qarabağ ağrısı", "Abşeron çökə bilər", "Qəlbimizin "SOS" siqnalı" analitik yazıları, habelə Azərbaycan elminin gənc korifeyləri barədə sənədli hekayələr toplusu ("Yollar..."), İkinci Dünya müharibəsi zamanı Krım yarımadasının faşistlərdən azad olunmasında fövqəladə xidməti olan "Azərbaycan-8" partizan dəstəsinin döyüş əməliyyatlarından bəhs edən "Tavridada şimşək çaxır" kitabı, "Zaman-İnsanlar-Özüm" trilogiyası, erməni separatizmini ifşa edən "İçimizdən içimizə atəş" sənədli povesti və çoxlu sayda başqa yazıları təkcə Yusif Kərimovun deyil, ümumiyyətlə, Azərbacan publisistikasının uğuru sayılmalıdır...
Yusif Kərimov 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsini bitirərkən o zaman respublikanın "bir nömrəli qəzeti" sayılan "Kommunist" qəzeti (indiki "Xalq qəzeti") redaksiyasına işə dəvət olundu. Lakin burada çox qalmadı. Özünün dediyi kimi, "daha sərbəst şəraitdə qələmini işlətmək və püxtələşdirmək" üçün Mərkəzi Komitənin rayonlararası qəzeti olan "Yüksəliş" qəzetini seçdi. Jdanov (indiki Beyləqan) qəsəbəsində nəşr olunan bu qəzet bütün Arazbasarı (İmişli, Jdanov, Füzuli rayonlarını) əhatə edirdi, yerli hakimiyyət orqanlarına tabe deyildi, ələlxüsus senzuranın "iti gözlərindən" aralı idi.
Yusif iki il müddətində "Yüksəliş" qəzetində məsul katib vəzifəsində çalışmaqla yanaşı, həm də "Kommunist" qəzetinin həmin bölgədə xüsusi müxbiri vəzifəsini yerinə yetirirdi. Odur ki, yazılarının çoxu, daha doğrusu, ən sanballıları mərkəzi qəzetin səhifələrində dərc olunurdu. Mil-Muğan bölgəsinin aktual problemlərindən bəhs edən "Torpağın nəğməsi", "Araz boyu düzülən rus kəndləri...", "Gavur arxının xarabalıqları", "Ulduzlar"ın taleyi", "Haramı düzü niyə məskunlaşmır?" kimi analitik yazıları, çoxlu sayda felyetonları məhz mərkəzi qəzet vasitəsi ilə respublika oxucularının nəzərinə çatdırılırdı. Bu qəbildən olan yazılardan biri isə nəinki sadə oxucuların, hətta rəsmi dairələrin diqqətini cəlb etmişdi.
Ötən əsrin ortalarında ölkənin kənd təsərrüfatında belə bir şüar dəbdə idi: "Pambığı son qozasınadək yığaq!" O zaman "ağ qızıl" SSRİ-nin əsas sərvətlərindən biri idi və onun hər kiloqramını itkiyə vermək gəbahət sayılırdı. Lakin ölkə miqyasında tətbiq edilən bu şüar Azərbaycanın təbii şəraiti üçün əlverişli deyildi və pambıqçılığın inkişafına böyük ziyan vururdu. Yusif Mil-Muğan pambıqçılarının təcrübəsinə əsaslanaraq, "Son qozanın qiyməti" adlı analitik məqalə yazdı. "Kommunist" qəzetində çap olunan bu yazıda "Pambığı son qozasınadək yığaq!" şüarının səhv və zərərli olduğu iqtisadi göstəricilərlə sübuta yetirilirdi. Noyabr-dekabr aylarında, şaxta vurmuş sahələrdən pambıq qozası toplamaq, onu isti sobalarda qızdıraraq, "pambıq lifinə" çevirmək son dərəcə əziyyətli iş olmaqla yanaşı, həm də iqtisadi cəhətdən ziyanlı idi. Əvvəla, bu üsulla əldə edilən süni pambıq mövsüm ərzində toplanan ümumi məhsulun maya dəyərini kəskin yüksəltdiyindən pambıqçılığı zərərli sahəyə çevirirdi. Digər tərəfdən, "son qozanı yığmaq" tələbi əkin sahələrinin növbəti mövsüm üçün hazırlanması işlərini hədsiz ləngidirdi. Məqalədə "Pambığı son qozasınadək yığaq!" şüarı əvəzində "Pambığı vaxtında və itkisiz yığaq!" şüarı irəli sürülürdü. Olduqca cəsarətli və dövrü üçün son dərəcə aktual yazı idi. Belə bir taleyüklü məsələni çözələyən müəllifin isə o zaman cəmi 23 yaşı vardı. Həmin yazı Mərkəzi Komitədə müzakirə olundu və müəllifin müddəaları əsaslı sayıldı.
Yusif Kərimov 1964-cü ildə yenidən böyük şəhərə qayıtdı və bu dəfə "Bakı" qəzetində "məskunlaşdı". Əvvəlcə elm və təhsil bölməsinə, sonra şəhər xəbərləri şöbəsinə rəhbərlik etdi. Düz on il. Bu illər ərzində Nəsir İmanquliyev kimi tələbkar və qayğıkeş redaktorla, respublikanın tanınmış jurnalistləri ilə çiyin-çiyinə işlədi, onlardan öyrəndi, öyrəndiklərini özündən sonra gələn cavanlara öyrətdi. 60-cı illərdə "Bakı" qəzetinin oxunaqlı rubrikalarından olan "Jurnalistin cib dəftərindən", "Təbiəti Bakıya köçürək","Bakıdan uzaqlarda", "Elmimizin ulduzları", "Bakının neçə yaşı var?", "İpək yolunun inciləri", "İçərişəhər neçə mərtəbəlidir?" kimi guşələrin yaranması və uzun müddət yaşaması Yusif Kərimovun adı ilə bağlıdır...
70-ci illərdə Yusif Kərimov Teleradio Komitəsində çalışmışdır. Əvvəlcə Azərbaycan radiosunun ədəbi-dram verilişləri redaksiyasında işləmiş, sonra isə fəaliyyətini Azərbaycan televiziyasinin gənclər üçün proqramlar Baş redaksiyasında davam etdirmişdir. Buradakı jurnalist uğurları və təşkilatçılığı onu baş redaktor vəzifəsinə yüksəltmişdir. Yusifin rəhbərliyi və ssenariləri əsasında hazırlanan, çox vaxt birbaşa efirə çıxan "Birimiz və hamımız", "Tələbə diskotekası", "Hünər", "İlham" və s. verilişlər yaşlı və orta nəslin yaddaşından hələ də silinməyib. Təsadüfi deyil ki, Y.Kərimov Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına Azərbaycan televiziyasındakı uğurlu fəaliyyətinə görə layiq görülmüşdür...
1981-ci ildə ulu öndər Heydər Əliyevin xeyir-duası ilə Yusif Kərimov "Azərbaycan gəncləri" qəzetinin redaktoru vəzifəsinə təyin olunub. Azərbaycanda sevilib-seçilən mətbuat orqanlarından sayılan bu qəzetin maraqlı çıxması üçün düz on beş il zəhmət çəkib.
Yusif Kərimov hazırda Milli Aviasiya Akademiyasında çalışır. Burada Mülki Aviasiya Muzeyinin yaradılmasında yaxından iştirak etməklə yanaşı, həm də "Gənc aviator" qəzetinin baş redaktoru vəzifəsini həyata keçirir.
Sadalanan ünvanlar Yusif Kərimovun rəsmi iş yerləri olub. Lakin ötən illər ərzində o, bir sıra yüksək ictimai vəzifələri də layiqincə yerinə yetirib. Uzun illər Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin büro üzvü, Azərbaycan Jurnalistlər İttifaqı İdarə Heyətinin katibi, Azərbaycan Yazıçılar Birliyi Təftiş Komissiyasının sədri seçilib. Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində bakalavr buraxılışı üzrə Dövlət Komissiyasının sədri olub.
Qələm dostumuz, yazıçı-publisist Yusif Kərimova möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.
Yalçın ƏLİZADƏ,
Bakı Dövlət Universiteti jurnalistika
fakültəsinin dekanı, professor
Azərbaycan.- 2010.- 1
iyul.- S. 8.