Azərbaycan dünyada
müstəqil siyasət aparan ölkədir
Dünya siyasətinə əsaslı təsir imkanı olan müsəlman dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin yaradılması rəsmi Bakının xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrilmişdir. Dini, tarixi, siyasi və mənəvi dəyərləri ilə bir-birinə bağlı olan müsəlman ölkələri arasında bütün sahələrdə əlaqələr son illər daha da intensivləşmişdir. Beynəlxalq miqyasda nüfuzlu maliyyə qurumu kimi qəbul edilən - İslam İnkişaf Bankı (İİB) ilə əməkdaşlıq da bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın İİB-lə münasibətlərinin tarixi 18 ilə yaxındır. 1992-ci ildən başlayaraq bu nüfuzlu maliyyə qurumu ilə Azərbaycan arasında sistemli və ardıcıl mahiyyət kəsb edən əməkdaşlıq münasibətləri qurulmuşdur. İslam İnkişaf Bankı ilə ölkəmiz arasında həmin vaxtdan etibarən ümumi məbləği 528 milyon dollar olan 28 maliyyə əməliyyatı aparılmışdır. Bank Azərbaycan hökuməti ilə razılığa gələrək ümumi məbləği 450 milyon dollar olan 11 layihəni əhatə edən üçillik işçi proqramını da qəbul etmişdir. İslam İnkişaf Bankı davamlı inkişafın vacibliyini nəzərə alaraq, Azərbaycana dəstəyini davam etdirməkdədir.
İslam İnkişaf Bankı Qrupunun bu günlərdə Bakıda keçirilən 35-ci illik toplantısı da əməkdaşlıq əlaqələrimizin inkişafında yeni səhifə açacaqdır. Toplantıda quruma üzv olan 56 ölkənin maliyyə, iqtsadiyyat və planlaşdırma nazirləri, regional və beynəlxalq maliyyə təşkilatlarının, inkişaf üzrə milli maliyyə təşkilatlarının, bankların və digər yüksək vəzifəli şəxslərin iştirakı bu tədbirin böyük əhəmiyyət kəsb etdiyini bir daha təsdiqləmişdir.
Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 35-ci illik toplantısının açılış mərasimində bildirmişdir: "Bu gün Azərbaycan gələcəyə çox böyük ümidlərlə baxır. Biz ölkə iqtisadiyyatının gücləndirilməsi sahəsində əldə edilmiş uğurlarla kifayətlənməyəcəyik. Qarşımızda böyük hədəflər var ki, Azərbaycanı inkişaf etmiş ölkələrin sırasına daxil edək. Bu istiqamətdə artıq gözəl nəticələr vardır. Rəqabət qabiliyyətliliyinə görə Azərbaycan MDB məkanında birinci, dünya miqyasında isə 51-ci yerdədir. Biz hələ bu yolun başlanğıcındayıq. İqtisadi islahatlarımızın davam etdirilməsi və böyük layihələrin icrası nəticəsində ölkədə əlavə imkanlar yaradılacaqdır.
Bir sözlə, iqtisadi sabitlik imkan verir ki, biz siyasi cəhətdən də müstəqil siyasətimizi cəsarətlə aparaq. Azərbaycan o ölkələrdəndir ki, müstəqil siyasət aparır. Bizim siyasətimiz Azərbaycan xalqının maraqlarına əsaslanır və eyni zamanda, bölgədə gedən proseslərə də müsbət təsir göstərir. Biz beynəlxalq və regional əməkdaşlıq işlərində çox fəal iştirak edirik. Azərbaycanın təşəbbüsü ilə bölgədə uğurla icra edilən nəhəng enerji layihələri bunun bariz nümunəsidir".
Bir sıra dünya ölkələrində iqtisadi inkişafa ciddi zərbə vuran qlobal maliyyə böhranına baxmayaraq, respublikamızın 2009-cu ildə ümumi daxili məhsulun 9,3 faizlik artımına nail olması aparılan uğurlu iqtisadi siyasətin nəticəsidir. Azərbaycanda qlobal maliyyə-iqtisadi böhrana qarşı həyata keçirilmiş məqsədyönlü qabaqlayıcı tədbirlər sistemliliyi və səmərəliliyi ilə diqqəti çəkmiş, bütün makroiqtisadi paramertlər üzrə inkişafı təmin etmişdir. Qlobal böhran şəraitində daxili istehsalın təşviq edilməsi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiəsi respublikanın neft amilindən asılılığını əhəmiyyətli dərəcədə azaltmışdır.
Azərbaycanın qlobal iqtisadi böhrandan maksimum az itki ilə çıxan ölkələrdən olmasını nüfuzlu maliyyə qurumları da etiraf etməkdədirlər. Bu yaxınlarda ABŞ-ın Cons Hopkins Universitetinin Mərkəzi və Qafqaz Araşdırmaları İnstitutu "Qlobal maliyyə böhranının Mərkəzi Asiya və Qafqaz dövlətlərinə təsiri" mövzusunda konfrans keçirmişdir. Konfransın işində iştirak edən Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının aparıcı mütəxəssisləri məruzələrində qeyd etmişlər ki, Azərbaycan qlobal iqtisadi böhrandan ən az zərər çəkən ölkədir. Mütəxəssislərin fikrincə, 2007-2008-ci illərdə Azərbaycanda iqtisadiyyatın artım dinamikası yüksək olmuşdur. 2008-ci ildə Dünya Bankı biznesin aparılması proqramı üzrə Azərbaycanı lider dövlət kimi tanımışdır. 2009-cu ildə makroiqtisadi göstəricilər də ölkəmizin milli valyutasının sabitliyini qoruyub saxlayaraq, iqtisadi inkişafın yüksələn xəttini nümayiş etdirmişdir.
Bu günlərdə "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında" Qanuna dəyişikliklərin edilməsi də ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini bir daha təsdiqlədi. Dünya iqtisadi böhranının hələ də səngimədiyi bir vaxtda Azərbaycan iqtisadiyyatında son dörd ay ərzində dinamik inkişaf meyillərinin müşahidə edilməsi aparılan uğurlu iqtisadi strategiyanın nəticəsidir. Ölkə iqtisadiyyatının davamlı inkişafı, sosial-iqtisadi sahədə aparılan islahatlar və əldə olunan nəticələr "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında" Qanuna dəyişikliklər edilməsini zərurətə çevirmişdir. Cari ilin ötən dövrü ərzində ölkə iqtisadiyyatının inkişaf dinamikası, əldə edilmiş müsbət iqtisadi göstəricilər, dövlət və icmal büdcələrin gəlir proqnozlarının yenidən hesablanması ilin sonuna kimi dövlət və icmal büdcələrə təsdiq olunmuş həcmdən artıq vəsaitin daxil olacağına zəmin yaratmışdır.
Ölkənin müdafiə potensialının artırılması məqsədilə 400 milyon manat əlavə vəsaitin ayrılması nəzərdə tutulub. Bununla yanaşı, elm, təhsil, sosial təminatın gücləndirilməsi, yol infrastrukturunun yenidən qurulması məqsədilə 76,6 milyon manat vəsait nəzərdə tutulub. Sənaye, tikinti-quraşdırma işlərinə 609,5 milyon manat vəsaitin ayrılması müəyyən edilib. İlin sonuna kimi büdcə kəsirinin 2,3 faiz təşkil edəcəyi proqnozlaşdırılıb. Bütövlükdə, 2010-cu il dövlət büdcəsində 15 faiz atım müşahidə olunması müsbət tendensiyadır. Dünyanın əksər inkişaf etmiş ölkələrinin iqtisadiyyatında geriləmə müşahidə edildiyi halda, Azərbaycan iqtisadiyyatında davamlı inkişafın təmin olunması aparılan siyasətin məqsədyönlülüyündən xəbər verir.
Regional inkişafa kompleks məsələ kimi yanaşan Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmamış bir sıra məqsədlərin gerçəkləşdirilməsi üçün 2009-2013-cü illəri əhatə edən analoji proqramın hazırlanmasını da diqqət mərkəzində saxlamışdır. Dövlət başçısı İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əsas məqsədi isə bu sahədə həyata keçirilən siyasətin davamı olaraq ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edir.
Dövlət Proqramında müəyyən edilmiş məqsədlərə nail olmaq üçün qarşıdakı müddətdə ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi; infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi; sahibkarlıq mühitinin yaxşılaşdırılması ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirilməsi və sahibkarlığın inkişafının daha da sürətləndirilməsi; iqtisadiyyatın inkişafına investisiyaların cəlb olunması işinin davam etdirilməsi; ixracyönümlü məhsul istehsalının stimullaşdırılması; müasir tipli infrastruktur obyektlərinin yaradılması, mövcud obyektlərin beynəlxalq standartlara uyğunlaşdırılması; əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması; əhalinin məşğulluq səviyyəsinin artırılması istiqamətində tədbirlərin davam etdirilməsi; yoxsulluğun səviyyəsinin azaldılması və digər zəruri tədbirlər nəzərdə tutulur.
Dövlət başçısı İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 35-ci illik toplantısının açılış mərasimində bildirmişdi: "Biz öz işimizi proqram əsasında qururuq. 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafına dair birinci proqramın uğurlu icrası bizə imkan verdi ki, artıq ölkəmizin iqtisadiyyatını böyük dərəcədə şaxələndirək. Bu gün biz II Dövlət Proqramını icra edirik. 2009-2013-cü illəri əhatə edən bu proqramın nəticəsində əminəm ki, ölkə qarşısında duran əsas infrastruktur və sosial məsələlər öz həllini tapacaqdır. Bizim proqramlarımız çox konkret xarakter daşıyır. Onların icra mexanizmləri, konkret cədvəli və ən önəmlisi maliyyə resursları vardır. Bu, bizə deməyə imkan verir ki, II proqram da uğurla icra ediləcəkdir".
Azərbaycan
qlobal böhranın səngimədiyi
şəraitdə belə, dünyanın ən sürətlə
inkişaf edən, bütün
sahələrdə yeniləşən dövlətlərindən
biri kimi
tanınır. Tədbirdə iştirak
edən dövlətlərin maliyyə nazirlərinin, eləcə
də digər yüksək vəzifəli şəxslərin
Azərbaycan iqtisadiyyatının dünya
maliyyə böhranına baxmayaraq, uğurla inkişaf etməsi
barədə söylədikləri fikirlər ölkə rəhbərinin
apardığı iqtisadi siyasətə
alternativin olmadığını bir daha təsdiq etdi.
Azərbaycan.- 2010.- 2 iyul.- S.
1.