Azərbaycan Avropa İttifaqı ilə əlaqələrin inkişafına xüsusi önəm verir

 

İyulun 1-də Milli Məclisin Sədri Oqtay Əsədov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ilə görüşmüşdür. Səmimilik şəraitində keçən söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin daim inkişafda olduğunu qeyd edən Milli Məclisin Sədri birgə həyata keçirilən proqram və layihələrdən söz açdı. Bildirdi ki, Azərbaycan Avropa İttifaqı ilə əlaqələrin inkişafına xüsusi önəm verir. Sizin bu səfəriniz də Avropa İttifaqının ölkəmizlə əməkdaşlığın genişlənməsinə xidmət edən addımlardan biridir.

Azərbaycan Avropa İttifaqı ilə Yeni Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı proqramlarına müvafiq olaraq münasibətlərini inkişaf etdirir. Avropa İttifaqı ilə Azərbaycan arasında ilk münasibətlər təşkilatın ölkəmizə müxtəlif yardımları əsasında formalaşmışdır. Artıq bu münasibətlər yeni mərhələyə keçib və qarşılıqlı fəaliyyətə əsaslanır. İyunun 16-dan etibarən tərəflər arasında yeni assosiativ sazişin imzalanması üçün lazımi hazırlıq işlərinə başlanıb.

Milli Məclisin Sədri yeni sazişin Avropaya mərhələlərlə inteqrasiyaya imkan verəcəyini və bunun iqtitsadi cəhətdən özünü daha aydın büruzə verəcəyini də vurğuladı. Qeyd etdi ki, Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ölkəmizdə yüksək qiymətləndirilir. Bununla bağlı bu il mayın 20-də Avropa Parlamentində qəbul edilən qətnamə mühüm önəm daşıyır. "Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına tələb" adlı qətnamə regionda həll olunmayan münaqişələri iqtisadi və sosial inkişafa və Cənubi Qafqaz ölkələrində Şərq Tərəfdaşlığının tam reallaşmasına maneə kimi qiymətləndirir.

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğundan məmnun olduğunu bildirən Piter Semnebi dedi ki, yeni assosiativ sazişi bu istiqamətdə çox böyük rol oynayacaq. Yeni assosiativ sazişinin imzalanması Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində irəli sürülüb.

Görüşdə tərəfləri maraqlandıran müxtəlif məsələlər ətrafında da ətraflı fikir mübadiləsi aparıldı.

 

 

Azərbaycan.- 2010.-2  iyul.- S. 1.