Polis Akademiyasında 2009-2010-cu tədris ilinin buraxılışına və Azərbaycan Polisinin yaranmasının 92-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir

 

İyulun 1-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 2009-2010-cu tədris ilinin buraxılışına və Azərbaycan Polisinin yaranmasının 92-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Polis orqanları rəhbərlərinin, daxili işlər orqanlarının olimpiya oyunlarının, dünya çempionatlarının mükafatçıları olan əməkdaşlarının, məzunların valideynlərinin də iştirak etdiyi tədbirdə Polis Akademiyasının rəisi, polis general-mayoru Ramiz Nağıyev şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə daxili işlər naziri Ramil Usubova raport vermişdir. Sonra nazir Polis Akademiyasının sıra meydanında təntənəli mərasimlə əlaqədar düzülmüş müəllim və müdavim heyətini əlamətdar hadisələr - Azərbaycan Polisi Günü və tədris ilinin başa çatması münasibətilə təbrik etmişdir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş, xidməti borcunu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Azərbaycanın dövlət himni səsləndirilmişdir.

Polis Akademiyasının rəisi, polis general-mayoru Ramiz Nağıyev bu ali təhsil ocağının keçdiyi yol, tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması, daxili işlər orqanları üçün yüksək ixtisaslı zabit kadrların hazırlanması istiqamətində son illər görülmüş işlər barədə ətraflı məlumat vermişdir. R.Nağıyev bildirmişdir ki, akademiya yarandığı gündən onun əsaslı maddi-texniki bazasının təşkilinə, peşəkar elmi kadrlarla təmin olunmasına, tədris proqramlarının, dərsliklərin, dərs vəsaitlərinin hazırlanmasına, fənn otaqlarının təşkilinə xüsusi fikir verilmişdir. DİN rəhbərliyinin gündəlik diqqət və qayğısı sayəsində Polis Akademiyasında təhsilin müasir tələblər səviyyəsinə qaldırılması üçün əməli işlər görülmüşdürbu istiqamətdə fəaliyyət müntəzəm olaraq davam etdirilir. 2009-2010-cu tədris ilində Polis Akademiyasının əyani fakültəsini 116, qiyabi fakültəsini 145, ümumilikdə isə 261 məzun bitirir.

Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirmiş polis baş leytenantı Moşu Paşayev onlara göstərilən diqqət və qayğıya, aldıqları bilik və təcrübəyə görə DİN rəhbərliyinə və müəllim heyətinə minnətdarlığını bildirmişdir.

General-polkovnik Ramil Usubov əlamətdar hadisələr - Azərbaycan Polisi Günü və tədris ilinin başa çatması münasibətilə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini və ən xoş arzularını mərasim iştirakçılarına çatdırmışdır. Daxili işlər naziri 92 illik tarixə malik Azərbaycan Polisinin kəşməkəşli olduğu qədər də şərəfli bir yol keçdiyini, tarixi boyu Vətənə, xalqaanda sədaqətlə və ləyaqətlə xidmət etdiyini, polis orqanlarının zamanın bütün sınaqlarından mətinliklə çıxdığını, dövlətçiliyin əsas sütunlarından birinə çevrildiyini vurğulamışdır.

Daxili işlər naziri polisin şanlı tarixinin ən mühüm mərhələlərinin, dövlətə sədaqətli xidmət ənənəsinin başlanğıcının ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə qırılmaz şəkildə bağlı olduğunu xüsusi qeyd etmişdir. Məhz ulu öndərin 1969-cu ildə respublikaya rəhbər seçilməsindən sonra Daxili İşlər Nazirliyinə dövlət qayğısının gücləndiyini, xalqa sədaqətli kadrların irəli çəkilməsinə, vətənpərvərlik və milli mənəvi dəyərlər ruhunda tərbiyəsinə xüsusi önəm verildiyini, şəxsi heyətin Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən Ermənistanın təcavüzünə qarşı mübarizədə ön sıralarda mərdliklə döyüşərək yüzlərlə şəhid verdiyini demişdir.

Qeyd olunmuşdur ki, 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdan ulu öndərin rəhbərliyi altında artıq müstəqil Azərbaycana xidmət missiyasını yerinə yetirməyə başlayan daxili işlər orqanlarının əməkdaşları və hərbi qulluqçular bu şərəfli vəzifələrin də öhdəsindən fədakarlıqla gəlmişlər. Dövlət çevrilişinə cəhdlərin və terror aktlarının qarşısının ölkənin hüquq-mühafizə orqanları ilə çiyin-çiyinə alınmasında, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin və quldur dəstələrinin ləğv edilməsində, qanunsuz saxlanılan odlu silahların yığılmasında qətiyyət nümayiş etdirmişlər. Qürurverici haldır ki, ümummilli liderimizin Azərbaycanın müstəqilliyinin və dövlətçiliyin qorunub saxlanılması, inkişafı naminə sabitliyin yaradılması ilə bağlı gördüyü əzəmətli işlərdə polisinlayiqli əməyi olmuşdur.

Nazir xüsusi qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin qüdrətlənməsi, vətəndaşlarımızın rifah halının yaxşılaşması istiqamətində həyata keçirdiyi davamlı tədbirlər Daxili İşlər Nazirliyi sistemində də fəaliyyətin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsində əhəmiyyətli rol oynamış, dövlətimizin başçısının ali diqqət və qayğısı sayəsində sahələr üzrə xidmətlərin, orqan və hissələrin yeni məlumat və axtarış texnologiyaları, avadanlıq və vasitələrlə təmin olunması, şəxsi heyətin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlar atılmışdır.

Əməkdaşların ən yüksək tələblərə cavab verən şəraitdə, xalqın və dövlətin maraqlarına uyğun səmərəli fəaliyyəti üçün hər cür imkanlar yaradılmışdır və bu sahələrdə davam etdirilir. Bütövlükdə respublikamızda gedən sürətli iqtisadi inkişaf ictimai asayişinqanunçuluğun qorunması işini müasir tələblər səviyyəsinə yüksəltmiş, eyni zamanda, fəaliyyətə şəffaflıq və sosial yönümlülük verilməsinə, vətəndaş cəmiyyəti ilə qarşılıqlı əlaqələrin güclənməsinə öz müsbət təsirini göstərmişdir. Təsadüfi deyil ki, şəxsi heyət ölkəmizin tərəqqisi, qüdrətlənməsi, xalqın rifah halının yaxşılaşdırılması ilə bağlı Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi möhtəşəm tədbirlərin əsas təminatlarından olan daxili sabitliyin qorunmasında peşəkarlığı və nümunəvi xidməti ilə daim seçilir. Maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmlənmiş, peşəkar kadr potensialına malik daxili işlər orqanları müasir dövrün çağırış və təhdidlərinə adekvat cavab verməyə tam qadirdir.

Daha sonra daxili işlər naziri ölkədə cinayətkarlığa qarşı qətiyyətli mübarizənin və ictimai qaydanın nümunəvi təmin edilməsinin uğurlu nəticələri barədə mərasim iştirakçılarına ətraflı məlumat vermişdir.

Müdavimlərin beş il Polis Akademiyasında mükəmməl təhsil aldıqlarını, hərtərəfli biliklərə yiyələndiklərini nəzərə çatdıran nazir bu bilik və vərdişlərin təcrübədə uğurlu tətbiqinə, Azərbaycan Polisinin gələcəyi olan məzunların DİO-nun ən yaxşı ənənələrini davam etdirəcəklərinə əminliyini ifadə etmişdir. Onlara Vətənə məhəbbət, dövlətçiliyə sədaqətlə xidmət etməyi və Azərbaycan Respublikası Prezidentinin daxili işlər orqanlarının qarşısında qoyduğu yüksək tələblərə uyğun fəaliyyət göstərməyi, vətəndaşlarımızın həyatının, sağlamlığının, qanuni mənafelərinin, hüquq və azadlıqlarının qorunması, cinayətkarlıqla qətiyyətli mübarizə və ictimai təhlükəsizliyin nümunəvi təmin olunması kimi çətin və şərəfli vəzifələrin yerinə yetirilməsində uğurlar arzulamışdır.

Çıxışının sonunda Ramil Usubov bütün şəxsi heyət adından Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin etmişdir ki, daxili işlər orqanlarının əməkdaşları öz andına sadiq qalaraq qanunla müəyyən edilmiş mühüm və şərəfli vəzifələri, qarşıya qoyulan tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, xalqa, Vətənə sədaqətlə xidmət edəcəklər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 2 iyul.- S.  5.