Zərdabda "Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər" mövzusunda konfrans keçirilmişdir

 

İyulun 1-də Zərdabda "Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər" mövzusunda konfrans keçirilmişdir.

Azərbaycan milli mətbuatının 135 illik yubileyinə həsr olunmuş mərasimin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin və Həsən bəy Zərdabinin abidələrini ziyarət etmişlər. Onlar H.B.Zərdabinin ev-muzeyinə gələrək buradakı eksponatlarla tanış olmuşlar.

Rayon icra hakimiyyətinin başçısı Lütfəli Babayev Həsən bəy Zərdabi irsinə verilən böyük əhəmiyyətin nümunəsi olan tədbirin təşkilatçılarına təşəkkürünü bildirmiş, ölkədə mətbuatın inkişafına göstərilən dövlət qayğısından söhbət açmışdır. O, Azərbaycan Prezidentinin milli mətbuatın 135 illik yubileyinin keçirilməsi haqqında Sərəncamını bu sahədə həyata keçirilən məqsədyönlü siyasətin mühüm tərkib hissəsi olduğunu vurğulamışdır.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun "Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər" mövzusunda məruzəsi dinlənilmişdir. Şura sədri demişdir ki, görkəmli mütəfəkkir Həsən bəy Zərdabinin 1875-ci il iyulun 22-də nəşrinə başladığı "Əkinçi"nin mövzu dairəsi, toxunduğu məsələlər o zamankı Azərbaycan cəmiyyətinin ictimai şüurunda tam yeni bir səhifə açmışdır.

Məruzəçi Azərbaycan mətbuatının sovetlər birliyi dövründəki fəaliyyətinə aydınlıq gətirərək, diqqəti onun respublikamızın ikinci dəfə müstəqilliyini əldə etməsindəki roluna yönəltmişdir. Ölkəmizdə medianın inkişafına dövlət qayğısını vurğulayan Ə.Amaşov bu məqsədlə müxtəlif illərdə həyata keçirilən məqsədyönlü tədbirləri xatırlatmışdır.

Məruzə ətrafında müzakirələrdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söhbət açmışdır. O, 2009-cu ilin mayından işə başlayan Fondun ötən müddətdəki təcrübəsinin media ilə bağlı əhatəli proqramların işlənib hazırlanması üçün əsas yaratdığını diqqətə çatdırmışdır.

Mətbuat Şurası sədrinin müavini, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri Umud Rəhimoğlu diqqəti Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasına yönəltmişdir. Fondun Müşahidə Şurasının sənəddə nəzərdə tutulan prinsiplərin reallaşması istiqamətində ardıcıl fəaliyyət göstərdiyini deyən U.Rəhimoğlu bu məqsədlə beynəlxalq təcrübənin də öyrənilməsinə geniş yer verildiyini vurğulamışdır.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycanda 1993-cü ildən bəri media sahəsində həyata keçirilən dövlət siyasətinin mahiyyətcə mətbuatın saflığının qorunmasına, jurnalistikamızın mütərəqqi ənənələrinin bərqarər olmasına yönəldiyinı demişdir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin ötən müddət ərzində imzaladığı fərman və sərəncamlar, qəbul edilmiş qanunlar həm mediamızın saflaşması prosesinə dəstəkdir, həm də ümumilikdə mediaya dövlət qayğısının yeni nümunələridir.

Zərdabda çıxan "Əkinçi" qəzetinin redaktoru Üsaməddin Əhmədov rəhbərlik etdiyi nəşrin keçdiyi yoldan danışmışdır. O, tarixi ad daşıyan mətbu orqanın ötən illər ərzindəki yaradıcılıq xüsusiyyətlərini təhlil edərək, qəzetin bölgə KİV-ləri arasındakı özəlliklərinə toxunmuşdur.

Konfransda Həsən bəy Zərdabi nəslinin nümayəndələri də iştirak etmişlər. Onlardan akademik Böyükkişi Ağayev Həsən bəyin və onun övladlarının ömür yolu barədə ətraflı məlumat vermişdir. O, Zərdabi irsinin öyrənilməsinə göstərilən diqqətə və bu irsin yüksək tutulmasına görə dövlətimizin başçısına minnətdarlığını bildirmişdir. Zərdabi nəslinin digər nümayəndəsi Sara xanım İsayeva da eyni fikirləri bölüşərək, konfrans iştirakçılarını təmsil olunduğu nəslin həyat və fəaliyyətinə dair məlumatlarla tanış etmişdir.

Kürdəmir Rayon İcra Hakimiyyətinin şöbə müdiri Ağəli Kərimov, "Xocavənd" qəzetinin redaktoru Gültəkin Ağayeva və başqaları Azərbaycanda mediaya dövlət qayğısının spesifik cəhətləri barədə məlumat verməklə yanaşı, bəzi media vasitələrinin fəaliyyətinin Həsən bəy Zərdabi ənənələrinə uyğun gəlmədiyini təəssüf hissi ilə vurğulamışlar. Onlar belə halların aradan qaldırılmasında Mətbuat Şurasının daha fəal aparmasını arzuladıqlarını bildirmişlər.

Konfransa yekun vuran Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev ölkəmizdə media sahəsində dövlət siyasətinin prioritetlərindən söhbət açmışdır. O, Prezident İlham Əliyevin milli mətbuatımızın 135 illik yubileyinin keçirilməsi barədə 2010-cu il 10 iyun tarixli Sərəncamı ilə əlaqədar tədbirlər planı haqqında məlumat verərək, sənəddən irəli gələn vəzifələrin uğurla icra ediləcəyinə əminliyini bildirmişdir.

Vüqar Əliyev Sara İsayevaya Mətbuat Şurası adından hədiyyə təqdim etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 2 iyul.- S.  5.