Bakıda Avropa
Yayımları Birliyi Baş
Assambleyasının 64-cü sessiyası keçirilir
İyulun 1-də Bakıda Avropa Yayımları Birliyi Baş Assambleyasının 64-cü sessiyası işə başlamışdır.
MDB məkanında ilk dəfə olaraq Azərbaycanda təşkil edilən bu tədbirə qurumun ölkəmizdən yeganə üzvü olan İctimai Televiziya və Radio Yayımları Şirkəti ev sahibliyi edir. İki gün davam edəcək sessiyada 46 ölkədən 75-dək teleradio təşkilatının rəhbərləri, eləcə də Avropa Yayımları Birliyi, Asiya Yayımları Birliyi, Afrika Yayımları Birliyi, Amerika Yayımları Birliyində cəmləşən məşhur ictimai yayımçılar təmsil olunurlar.
Sessiyanın açılışında çıxış edən Avropa Yayımları Birliyinin prezidenti Jan Pol Filippo tədbirin Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışaraq, yüksək səviyyəli təşkilatçılığa görə İctimai Televiziyaya təşəkkürünü bildirmişdir.
Daha sonra İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov çıxış etmişdir. Baş direktor Avropa Yayımları Birliyi Baş Assambleyasının 64-cü Bakı sessiyasının işinə uğurlar arzulayaraq müzakirə ediləcək məsələlərin, qəbul olunacaq qərarların gələcək əməkdaşlığa yeni imkanlar açacağına əminliyini ifadə etmişdir.
İsmayıl Ömərov demokratik inkişaf yolunu tutan Azərbaycanda söz azadlığı və fikir plüralizminin formalaşmasında İctimai Teleradionun rolunu qeyd etmişdir. Baş direktor bildirmişdir ki, İctimai Teleradio öz fəaliyyəti ilə vətəndaş cəmiyyətinin formalaşmasına ciddi təsir göstərir. Avropa Yayımları Birliyi kimi mötəbər bir təşkilatın Baş Assambleyasının 64-cü sessiyasının Azərbaycanda keçirilməsinin özünün də bu demokratik prosesin inkişafına kömək etdiyi vurğulanmışdır.
Baş Assambleyanın sessiyasında Avropa Yayımları Birliyinin yarım illik fəaliyyəti barədə müzakirələr aparılmış, müvafiq qərarlar qəbul edilmişdir.
Fasilədən sonra Assambleya işini sessiyalarda davam etdirmişdir. Bildirilmişdir ki, həm bu
gün, həm də dünən aparılan müzakirələr
çox faydalı olmuşdur. Xüsusilə
iyunun 30-da keçirilmiş
konfrans və seminarda panel-debat və müzakirələrin
əsasını media qanunvericiliyi
və söz azadlığı məsələsi
təşkil etmişdir.
Müzakirələr zamanı iştirakçıların
çoxsaylı suallarını
cavablandıran Azərbaycan
Prezidenti Administrasiyasının
ictimai-siyasi məsələlər
şöbəsinin müdiri
Əli Həsənov yarandığı dövrdən
müxtəlif inkişaf
mərhələləri keçən
Azərbaycan mediasının
bu gününə nəzər salmışdır.
Bildirmişdir ki, bu gün ölkədə
300-dən çox gündəlik
kütləvi informasiya
vasitəsinin nəşr
olunması, on minlərlə
jurnalistin sərbəst
şəkildə informasiya
toplaması, mükəmməl
hüquqi bazanın formalaşdırılması ölkədə
azad mətbuatın inkişafı üçün
yaradılmış şəraitin
göstəricisidir. Azərbaycan MDB məkanında yeganə ölkədir ki, mətbu nəşr təsis etmək üçün hər hansı bir qurumun icazəsini almağa ehtiyac yoxdur.
Azərbaycan hakimiyyətinin kütləvi
informasiya vasitələrinin
inkişafı, söz
və mətbuat azadlığı, transmilli
dünya informasiya məkanına inteqrasiyası,
o cümlədən internet mediasının perspektivləri
ilə bağlı mövqeyi müsbətdir və inkişaf üçün mühüm
perspektivlər açır. Azərbaycan dövləti
mətbuat və söz azadlığının
inkişafında maraqlıdır.
Sonra sessiyada Azərbaycanda mətbuatın vəziyyəti
ilə bağlı təqdimat keçirilmiş,
ATƏT-in media azadlığı üzrə keçmiş
nümayəndəsi Mikloş
Haraşti Azərbaycanda
media sahəsində əldə
olunan müsbət meyilləri diqqətə çatdırmışdır.
Panel-debatlarda iştirakçı ölkələrdə jurnalistikanın vəziyyəti, müstəqil mətbuat, internet və media dünyası, yeni əsrdə jurnalistika problemləri barədə müzakirələr aparılmış, müxtəlif yayımçıların konkret informasiyanın təqdimatı ilə bağlı təcrübəsi nümayiş etdirilmişdir. Qeyd edilmişdir ki, heç bir ölkədə mətbuatın mütləq azadlığından söhbət gedə bilməz. Çünki cəmiyyətin bir hissəsi olan KİV-lər müxtəlif maraqların dairəsindədir və onların təsirini daim öz üzərlərində hiss edirlər.
Avropa Yayımları Birliyi Baş Assambleyasının 64-cü sessiyası sabah işini davam etdirəcəkdir.
AzərTAc
Azərbaycan.- 2010.- 2
iyul.- S. 5.