Belarusun milli bayramı şərəfinə

 

İyulun 1-də Belarusun Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Respublika Günü münasibətilə "Avropa" mehmanxanasında rəsmi qəbul təşkil etmişdir.

Səfir Nikolay Patskeviç qonaqları salamlayaraq demişdir ki, cari il Azərbaycan və Belarus arasında ikitərəfli münasibətlərin tarixində xüsusi yer tutur. Bu əlaqələr strateji əhəmiyyət daşıyır və qarşılıqlı etimada əsaslanır.

Səfir Belarus ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmlənməsində dövlətlərimizin başçılarının rolunu və xidmətlərini xüsusi vurğulamışdır. Diplomat bildirmişdir ki, bu əlaqələr inkişaf edir, daha da dərinləşir.

Rabitə informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin adından əziz bayram münasibətilə Belarus xalqını təbrik edərək vurğulamışdır ki, iki ölkə arasında əlaqələr möhkəm təməl üzərində qurulmuşdur, xalqlarımızın dostluğu çoxəsrlik tarixə malikdir. Münasibətlərin möhkəmlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin böyük əhəmiyyəti vardır.

Qəbulda dövlət hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-2  iyul.- S.  5.