Milli mətbuatşünaslığa yeni töhfə
XIX əsrin sonu, XX əsrin əvvəllərində yaranaraq çoxşaxəli inkişaf yolu keçən Azərbaycan milli mətbuatı sadəcə informasiya vasitəsi rolunu yerinə yetirməyib. Bu mətbuatı yaradanlar xalqın maariflənməsi, öz hüquq və azadlıqları uğrunda mübarizə aparması üçün jurnalistikanın inkişafına, tərəqqisinə cani-dildən çalışıblar. Milli mətbuatımızın banisi Həsən bəy Zərdabi nahaqdan demirdi: "Hər bir vilayətin qəzeti gərək ol vilayətin aynası olsun". Bəli, qəzetin ayna olması və xalqa düz, təmənnasız xidmət etməsi əsl qələm sahiblərinin ən böyük məramı idi.
Bu il Azərbaycan milli mətbuatının yaranmasının 135 ili tamam olur. Təbii ki, sovet dövründə nəşr edilən "Azərbaycan mətbuatı tarixi" adlı kitablarda, eləcə də müəyyən tədqiqatlarda mətbuatımızın inkişaf prosesi öz əksini tapsa da, bu araşdırmalarda dövrün diktəsi, rejimin tələbi mütləq öz təsirini göstərirdi. Bu səbəbdən də mətbuatımızın tarixinə bu gün ayna tutulması çox vacibdir. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ayırdığı vəsait hesabına çap olunan "Azərbaycan mətbuat tarixi antologiyası"nın I cildi "Elm və təhsil" nəşriyyatı tərəfindən işıq üzü görüb.
Filologiya elmləri doktoru, professor Şamil Vəliyev kitaba yazdığı "Varis olmağı bacarmalıyıq" adlı ön sözdə çox haqlı olaraq bildirir ki, bu antologiya "müasir müstəqillik dövründə kütləvi informasiya vasitələrinin milli tarix kontekstində inkişafına, onun irs-varislik prinsipləri ilə fəaliyyət göstərməsinə təsir edəcək dəyərli vəsaitdir. Çünki bundan müasir jurnalist kadrların hazırlanmasında, müxtəlifyönlü yaradıcılıq axtarışlarının aparılmasında yararlanmaq mümkün olacaq". Bu səbəbdən də yeni nəşr azərbaycançılıq məfkurəsinin təşəkkülü və inkişafını əks etdirmək baxımından da faydalıdır. Bir vaxtlar həyatını Azərbaycanın müstəqilliyi və istiqlalı uğrunda mübarizəyə həsr edən fikir adamlarının fəaliyyətinin, yaradıcılıqlarının öyrənilməsi və davam etdirilməsi çox vacibdir. Bugünkü nəsil milli mətbuatımızın tarixini öyrənmədən, bilmədən xalqımıza, onun intellektual dəyərlərinə nəinki xidmət edə bilər, heç varis olmağı da bacarmaz. Buna görə də vaxtilə milli mətbuat vasitəsilə xalqın şüur və həyatında islahatlar aparmağa çalışanların, ədəbiyyat və mədəniyyətdə yeni meyillərin güclənməsinə meydan açanların yaradıcılıq ənənələrinin öyrənilməsi son dərəcədə gərəklidir.
Yeni kitabda 21-ə yaxın qələm sahibinin həyat və yaradıcılığından bəhs edilir, onların əsərlərindən nümunələr təqdim olunur. Bu mənada antologiyanın ilk səhifələri Mirzə Fətəli Axundovla başlayır. Burada böyük ədibin, mətbuat cəfakeşinin bioqrafiyasından ləçəklər, mətbuatla bağlı, eləcə də Həsən bəy Zərdabiyə ünvanladığı məktublar öz əksini tapıb. M.F.Axundovun öz böyük dostuna 1877-ci ildə yazdığı bir məktubun sonunda oxuyuruq: "Qoy bizim millətimiz də bir az gözü açılıb fanatiklikdən çıxsın, bəlkə patriot olsun, onda hər nə etsən, baş tutar. Madam ki, bizim millətimiz fanatiklik halındadır, hər bir əməli-xeyir üçün bizim səy və təlaşımız bihasildir və əgər bu məktub bir təbəqədə sığışmasa, qabaqdakı qəzetdə bir təbəqə kağız artır ki, bu məktub bir dəfə də tamamən basılsın". Bu israrda məqsədi nə idi Axundovun? Niyə belə istəyirdi? Məktubu oxuduqca hər şey gün kimi aydınlaşır. Bütün ömrünü cəhalətlə mübarizəyə həsr edən, avamlığa, nadanlığa qarşı çıxan böyük qələm sahibi istəyirdi ki, nəinki təkcə Bakıda, bütün ətrafda məktəblər açılsın. Bütün millətin övladları əməli-xeyirdə iştirak etsinlər. Axundovun bir nömrəli arzusu millətin savadlanması və dərs alması idi. Bu niyyətini də varlığı qədər sevdiyi xalqına qəzet vasitəsilə çatdırmaq istəyirdi. Təki bir nəfər oxusun, yüzü eşitsin.
Həsən bəy Zərdabinin kitabda altı məqaləsi verilib. Və onun "Həyat" qəzetində (1906) çap edilmiş məqaləsinin son abzası çox mətləbdən xəbər verir: "Lazımdır ki, hər kəs elə danışsın, elə yazsın ki, onu mümkün mərtəbə, avam da başa düşsün... Qəzetə yazanlar gərək yaddan çıxarmasınlar ki, qəzet oxuyanların çoxu ələlxüsus bizim məmləkətdə avamdır... Qeyri-müsəlman tayfalarının şivələrində çap olunan mətləblərin ora-burasını da bizim şivə ilə düzəldib sonra çap etdirsinlər ki, onları oxuyanlar anlaya bilsinlər. Həqiqət, qəzet camaat üçündür. Camaat qəzet üçün deyildir".
Antologiyada Məhəmməd ağa Şahtaxtlı, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Mirzə Cəlil, Ömər Faiq Nemanzadə, Nazim Vəzirov, Üzeyir Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Nəcəf bəy Vəzirov və başqalarının bioqrafiyaları, milli mətbuatla bağlı fikir və düşüncələrini əks etdirən məqalələrdən seçmələr də verilib.
Antologiya nəşrə hazırlanarkən onu bütün buxovlardan, rejim və quruluşların təzyiqlərindən, diktələrindən azad, olduğu kimi təqdim etmək üçün klassik tədqiqatçılarla yanaşı, müasir araşdırmaçıların da fikirlərinə, axtarışlarına istinad edilib. Məsələn, Əziz Mirəhmədov, Əziz Şərif, Qulam Məmmədli, Mir Cəlal, Kamal Talıbzadə, Abbas Zamanov, Nazim Axundov, Ofelya Bayramlı, Şirməmməd Hüseynov, Turan Həsənzadə, Firudin Hüseynov, Nəriman Zeynalov, Şamil Qurbanov, İsa Həbibbəyli, Vilayət Quliyev, İslam Ağayev, Cahangir Məmmədli, Alxan Bayramoğlu, Qərənfil Quliyeva, Asif Rüstəmli və onlarla başqalarının araşdırmaları, tədqiqatları etibarlı mənbə kimi istifadə olunub.
Milli mətbuatımızın şərəfli tarixi bir daha təsdiqləyir ki, məhz "Əkinçi"dən başlayıb "Ziya", "Kəşkül", "Kaspi", "Şərqi-Rus", "Həyat", "İrşad", "Molla Nəsrəddin", "Füyuzat", "Tazə həyat", "Tərəqqi", "Həqiqət", "Açıq söz", "İqbal", "Şəlalə", "Qurtuluş", "Azərbaycan" və s. mətbuat orqanları müasir jurnalist kadrların hazırlanmasında ən dəyərli mənbədir. Əsası Ceyhun və Üzeyir Hacıbəylilər tərəfindən qoyulmuş, dövlət müstəqilliyimizi qazandıqdan sonra öz missiyasını ləyaqətlə davam etdirən "Azərbaycan" qəzetinin bugünkü mətbuat bolluğunda seçilməsi, ənənəyə sadiqliyi əməkdaş olaraq bizdə də fərəh doğurur.
Üzeyir Hacıbəyli yazırdı: "Bir qələm sahibi olub da bütün səy və guşişimizi ona sərf edirik ki, camaat arasında qələm etibardan düşməsin, qələmin hörməti baği qalsın". Az qala yüz il öncə deyilmiş bu sözlər bu gün də aktualdır, yerinə yetirilməsi vacibdir.
Ümummilli lider Heydər Əliyev demişdi: "Jurnalistika böyük zəhmət, xüsusi səy, professional yanaşma, hadisələri operativ qiymətləndirmək və prosesləri düzgün analiz bacarığı tələb edən sənətdir". Ulu öndərin dürüst və dəqiqliklə qiymətləndirdiyi bu sənətin əsl sahibi olmaq üçün gərəkdir ki, biz düşüncə və təfəkkürümüzdə həm klassikaya, həm də müasirliyə doğru, düzgün bağlanaq. Milli mətbuatı və jurnalistikanı dərindən bilməli, Azərbaycan mühərrirlərinin vətənpərvərlik ideyalarından silahlanmaqla qəbul etdiyimiz elmi-nəzəri görüşləri yeni dövrə uyğunlaşdıraraq sözün həqiqi mənasında milli mətbuatşünaslığın tərəqqisinə, daha da genişlənməsinə, müasirləşməsinə çalışmalıyıq. Bir sözlə, bizə yadigar qalan böyük ədəbi irsə layiqli varis olmağı bacarmalıyıq.
"Azərbaycan mətbuat tarixi antologiyası"nı vərəqlədikcə bu böyük və dəyərli mənbənin dərslərindən nəticə çıxarmağa dəyər. Ömrünü, gününü milli mətbuatın yaranmasına, təşəkkülünə və çiçəklənməsinə həsr edən insanların şəxsi həyatı çox ağır olub. Onlar müntəzəm olaraq haqsızlıqla, təzyiqlə, həbslə, repressiya və vətəndən qaçmaq binəsibliyi ilə üzləşiblər. Amma əməllərindən, məqsədlərindən dönməyiblər. Arzuları, məqsədləri bir olub: xalqı mənən zənginləşdirmək, savadlandırmaq, dünyanın xoş işləri ilə - tərəqqi və inkişafla tanış etmək.
Mirzə Cəlil 1906-cı ildə nəşr etdirdiyi "Molla Nəsrəddin" jurnalının birinci sayında üzünü oxuculara tutaraq az qala haray çəkirdi: "Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb, bəzi bəhanələrlə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə. Çünki hükəmalar buyurublar: "Sözünü o kəslərə de ki, sənə qulaq vermirlər".
Bu qiymətli kəlamlar indi də öz əhəmiyyətini saxlayaraq aktuallığını itirməyib. Televiziyalara ayaq açmış falçılar, görücülər sübut edirlər ki, mübarizə bitməyib.
Kitabın yaranmasında redaksiya heyətinin üzvlərindən Əli Həsənov, Vüqar Səfərli və Əflatun Amaşovun da zəhmətləri var. Yeni antologiyanı nəşrə hazırlayan, eləcə də elmi redaktorları Şamil Vəliyev və Nəsiman Yaqubludur.
Nəfis şəkildə tərtib olunmuş, mükəmməl işlənmiş antologiyanın çapında məqsəd Azərbaycan milli mətbuat tarixinin elmi-nəzəri prinsipini əks etdirən materialları, söz azadlığı, vətəndaş cəmiyyəti və müstəqil dövlət quruculuğu uğrunda aparılan mübarizədə mühüm rol oynayan bu vacib sahənin təşəkkülü və inkişafını əks etdirən materialları bir araya gətirməklə media işçilərinə, tədqiqatçı alimlərə, tələbələrə, o cümlədən sözə, qələmə maraq göstərən hər kəsə çatdırmaqdır. Azərbaycan milli mətbuatının 135 illiyi ilə bağlı belə antologiyaların çapı təqdirəlayiqdir. Belə nəşrlərdə mətbuatın inkişafında səmərəli rolu və fəaliyyəti olan bütün cəfakeş qələm sahiblərinin də yaradıcılığına toxunmaq çox vacibdir. Hələlik bu antologiyanın birinci cildi işıq üzü görüb. Gələcək nəşrlərdə də, yəqin ki, Həsən bəy Zərdabi ilə başlanıb mətbuat korifeylərinin çiyinlərində, qələmlərində ömrünü davam etdirən Azərbaycan milli mətbuatının bütün cəfakeş üzvlərinin yaradıcılığı haqqında məlumatlar xalqa çatdırılacaq.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2010.- 2 iyul.- S.
7.