Strasburqda Azərbaycanla bağlı tədbir keçirilmişdir

 

Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyası ərəfəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təşəbbüsü, eləcə də Mədəniyyət Nazirliyinin və AŞ PA rəhbərliyinin dəstəyi ilə "Azərbaycan gömrüyü mədəni və dini irsin keşiyində" adlı sərgi və "Azərbaycan gömrüyü mədəni irsin keşiyində" adlı kitabın təqdimat mərasimi keçirilmişdir.

Tədbirin açılış mərasimində AŞ PA-nın prezidenti Mövlud Çavuşoğlu, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov çıxış etmişlər. Mövlud Çavuşoğlu çıxışında sərginin Azərbaycanın müxtəlif mədəniyyətlərə malik olmasının göstəricisi olduğunu bildirmişdir: "Bu sərgi Azərbaycanın tarixini, mədəniyyətini, mədəni müxtəlifliyini, Azərbaycanda yaşayan digər xalqların müxtəlifliyini göstərir. Azərbaycan xalqı ölkədə yaşayan bütün etnik xalqların mədəniyyətinə hörmətlə yanaşır".

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev isə çıxışında son illər Azərbaycanın gömrük xidməti tərəfindən böyük miqdarda qədim əşyaların ölkəmizdən çıxarılmasının və onun sərhədlərindən tranzitlə qanunsuz keçirilməsi cəhdlərinin qarşısının alındığını qeyd edərək bildirmişdir ki, bugünkü görüşümüz sizi xilas edilmiş şah əsərlərin bir qismibizim rəsm qalereyasının eksponatları ilə tanış etmək arzusudur. Azərbaycan xalqının tarixi, mədəniyyəti və tolerantlığı ilə tanış etmək imkanıdır, yer üzündə tarixi və mədəni sərvətlərinə qəsd edilən, hələ də dünyada nəzarətsiz ərazilərə diqqətinizi cəlb etmək cəhdidir, hər birimizin digərlərinin ləyaqətinə, adət və ənənələrinə hörmətlə yanaşmasının müqəddəs borcu olduğunu xatırlatmaq istəyidir.

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov belə bir sərginin keçirilməsini yüksək qiymətləndirmişdir.

Tədbirdə Makedoniyanın maliyyə naziri A.Miloşoşovski, AŞ PA-nın sabiq prezidenti Lord Terri Devis, AŞ PA-nın baş direktorları Filip Boylat, Aleksandr Vladiçenko, direktor Robert Palmer, İnformasiya Departamentinin rəhbəri İvan Kaidjikov, müxtəlif ölkələrin parlament nümayəndələri və digər şəxslər iştirak etmişlər.

 

 

Azərbaycan.- 2010.-  2 iyul.- S.  7.