Prezident İlham Əliyev Bakının Fəvvarələr meydanında aparılmış əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur

 

İyulun 2-də Bakının ən gözəl istirahət məkanlarından biri - Fəvvarələr meydanı əsaslı bərpa və yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva burada aparılmış yenidənqurma işləri ilə tanış olmuşlar.

XIX və XX əsrlər Azərbaycan memarlıq incilərinin yerləşdiyi məkanlardan biri kimi diqqəti cəlb edən Fəvvarələr meydanı artıq əsaslı bərpa və yenidənqurma işlərindən sonra daha gözəl və daha orijinal formada paytaxt sakinlərinin istifadəsindədir. Amma bu istirahət məkanı bir çox dövrlərdə baxımsızlıqdan əziyyət çəkmişdir. Zəngin bitki örtüyünə malik olan bu bağda illərin baxımsızlığı öz izini qoymuşdur. Bundan əlavə, buradakı zövqsüz iaşə obyektlərinin mövcudluğu bir çox hallarda ərazinin təyinatını da dəyişmişdir. Lakin Prezident İlham Əliyevin diqqət və qayğısı bu bağın da tarixi şöhrətini qaytarmağa imkan vermişdir. Dövlət başçısının paytaxtın inkişaf konsepsiyasının mühüm tərkib hissəsi kimi dəyərləndirdiyi bağ və parkların yenidən qurulmasına göstərilən diqqət və qayğı Fəvvarələr meydanının timsalında daha aydın görünür. Burada tikinti və yenidənqurma işlərinin gedişi hər zaman dövlət başçısının diqqətində olmuşdur. Prezident İlham Əliyev mütəmadi olaraq əraziyə gələrək işlərin gedişi ilə maraqlanmış, yenidənqurma prosesinin meydanın orijinal üslubu saxlanılmaqla həyata keçirilməsinin vacibliyini bildirmişdir.

 Məlumat verildi ki, yenidənqurma işləri zamanı əsas diqqət ərazinin təkrarolunmaz koloritinin qorunub saxlanılmasına yönəldilmişdir. Meydandakı fəvvarə, pavilyon və köşklər yenidən qurulmuş, bitki örtüyü olduğu kimi qorunub saxlanılmış, yenidənqurma nəticəsində yaşıllıq zolağının sahəsi artırılmışdır.

Bildirildi ki, Fəvvarələr meydanı salınandan sonra ilk dəfədir burada bu miqyasda abadlıq və yenidənqurma işləri aparılmışdır. Yüksək keyfiyyətlə aparılmış yenidənqurma prosesində Bakının tarixi, onun keçmişi ilə sıx bağlı olan bu ərazinin bədii tərtibatına xüsusi diqqət yetirilmişdir. Ümumi struktur saxlanılmış, bununla belə, yeni planlaşdırma işləri aparılmışdır. Burada gözəlliyi ilə diqqəti çəkən yeni fəvvarə tikilmişdir. Onun arxasındakı memarlıq kompozisiyası isə həm dizaynına, həm də koloritinə görə köhnə Bakı elementlərini özündə cəmləşdirməsi ilə diqqəti çəkir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva "Fəvvarə" restoran-kafesində yaradılan şəraitlə də tanış oldular.

Bildirildi ki, burada paytaxt sakinlərinin, qonaqların istirahətinin təşkili üçün hər cür şərait yaradılmışdır.

Yeni ağacların əkilməsi, ərazinin bitki örtüyünün zənginləşdirilməsi, gözəl landşaft kompozisiyalarının yaradılması Fəvvarələr meydanına xüsusi yaraşıq verir.

Diqqətə çatdırıldı ki, meydanda müxtəlif dizaynda bir neçə fəvvarə kompleksi yaradılmışdır.

Dövlət başçısına meydanı əhatələyən binalarda aparılan bərpa işləri barədə məlumat verildi. Bildirildi ki, bu binaların hamısı tarixi memarlıq tikililəridir və binalarda aparılan bərpa işləri ərazinin ümumi memarlıq ansamblına uyğunlaşdırılmışdır. Binalardakı eyvanların hamısı yenilənmiş, fasadlarda müasir işıqlandırma sistemi quraşdırılmışdır.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva paytaxt sakinlərinin "Kitab pasajı" kimi tanıdığı ərazidə aparılan yenidənqurma işləri ilə də tanış oldular. Buradakı memarlıq abidələri olan bütün binalarda, küçəni hər iki tərəfdən əhatə edən tağlı keçidlərdə yenidənqurma işləri görülmüşdür. Tağlı keçidlərin tavanında Bakı memarlığını əks etdirən tablolar çəkilmişdir.

 Dövlət başçısı və xanımı "Xaqani" bağında da aparılmış yenidənqurma işləri ilə də maraqlandılar. Qeyd olundu ki, bu bağda yaşıllıq zolağının artırılmasına xüsusi diqqət göstərilmiş, istirahət guşəsinin əvvəlki koloriti qorunub saxlanılmışdır. Tərtibatında müxtəlif bəzək elementlərindən istifadə olunan bağda xüsusi formalı fəvvarə də əvvəlki görkəmində saxlanılmışdır.

Burada görülən işlər bir daha təsdiqləyir ki, paytaxtda yeni park və xiyabanların salınması, mövcud olanlarda abadlaşdırma işlərinin aparılması hər zaman dövlətimizin başçısının diqqət mərkəzindədir. Bu, ilk növbədə şəhərimizin gözəlləşməsinə, digər tərəfdən paytaxtımızın sakinlərinin və qonaqlarının mənalı istirahətinə geniş imkanlar açır.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Nizami küçəsində salınan yeni parkaburada yaradılan fəvvarəyə də baxdılar.

Dövlət başçısının diqqətinə ərazinin əvvəlki görüntüləri də təqdim olundu. Bildirildi ki, aparılan abadlıq və yenidənqurma işləri zamanı burada yeni parkın salınması, ilk növbədə paytaxt sakinlərinin mənalı istirahətinə xidmət edir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Nizami küçəsində davam edən yenidənqurma işlərinin gedişi ilə maraqlandılar. Bildirildi ki, artıq burada yenidənqurma işləri başa çatmaq üzrədir. Məlumat verildi ki, ərazidə əhalinin rahat hərəkətini təmin etmək üçün yeni piyada keçidiinşa edilmişdir. Bununla da paytaxtın böyük bir ərazisində yüksək keyfiyyyətlə yenidənqurma işlərinin aparılması məqsədinə nail olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  3 iyul.- S.  1.