Azərbaycan Prezidenti
İlham Əliyev Avropa
Yayımları Birliyinin prezidenti
Jan Pol Filippo
başda olmaqla Avropa Yayımları Birliyi
idarə heyətinin rəhbərliyini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Avropa Yayımları Birliyinin prezidenti Jan Pol Filippo başda olmaqla Avropa Yayımları Birliyi idarə heyətinin rəhbərliyini qəbul etmişdir.
Avropa Yayımları Birliyinin prezidenti Jan Pol Filippo Avropa Yayımları Birliyinin Baş Assambleyasının 64-cü sessiyasının iştirakçılarının Bakıya səfəri zamanı Azərbaycanda gedən inkişaf proseslərinin şahidi olduqlarını qeyd etmiş, Bakının gözəlliyinin və paytaxtda aparılan yenidənqurma işlərinin onlarda böyük təəssürat yaratdığını vurğulamış, şəhərimizin müxtəlif zəngin mədəniyyət ocaqları ilə tanış olduqlarını bildirmişdir.
Dövlət başçısı Avropa Yayımları Birliyinin Baş Assambleyasının 64-cü sessiyasının Bakıda keçirilməsinin əhəmiyyətinə toxunaraq bu tədbirin müxtəlif ölkələrdən gələn nümayəndələrin Azərbaycanda əldə olunan nailiyyətlərlə yaxından tanış olması üçün yaxşı imkan yaratdığını bildirmişdir. Prezident İlham Əliyev Azərbaycanda bütün sahələrdə böyük uğurlara nail olunduğunu qeyd edərək mədəniyyət sahəsinin inkişafına da xüsusi diqqət yetirildiyini vurğulamışdır.
Görüşdə Avropa Yayımları Birliyinin Baş Assambleyasının 64-cü sessiyasının keçirilməsinin televiziya və radio sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 3 iyul.- S.
2.