Xalqlarımız arasındakı dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün parlament diplomatiyasından səmərəli istifadə olunmalıdır

 

Azərbaycanda səfərdə olan Avropa Parlamentinin nümayəndə heyəti iyulun 2-də Milli Məclisin Sədri Oqtay Əsədovla görüşmüşdür.

Oqtay Əsədov bildirmişdir ki, Avropaya inteqrasiya Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindəndir. Ölkəmiz Avropa İttifaqı, onun strukturları, eləcə də Avropa Parlamenti ilə sıx əməkdaşlıq edir. Azərbaycan ilə Avropa İttifaqı arasındakı 11 illik əməkdaşlıq artıq yeni mərhələyə qədəm qoymuşdur. Ölkəmizlə bu mötəbər qurum arasında imzalanacaq assosiativ saziş münasibətlərimizin daha da genişlənməsi və dərinləşməsi üçün yeni imkanlar açacaqdır. Bu saziş təkcə siyasi münasibətlərin deyil, eləcə də bütün sahələrdə əlaqələrimizin inkişafına təkan verəcəkdir.

Milli Məclisin Sədri bildirmişdir ki, Azərbaycan ilə Avropa İttifaqı arasında "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində də səmərəli əməkdaşlıq mövcuddurbiz bu münasibətlərin daha da genişlənməsində maraqlıyıq.

Avropa Parlamentində Rumıniyanı təmsil edən xanım deputat Norica Nikolai səmimi qəbul üçün minnətdarlığını bildirmiş, Bakıda olmaqdan məmnunluğunu ifadə etmişdir. O demişdir ki, nümayəndə heyətinin tərkibindəki Estoniya və Bolqarıstanı təmsil edən deputatların region dövlətləri arasında Azərbaycana xüsusi dost münasibətləri vardır. Xalqlarımız arasındakı dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün parlament diplomatiyasından səmərəli istifadə olunmalıdır.

Sonra görüşdə Milli Məclis ilə Avropa Parlamenti arasında münasibətlərin daha da inkişaf etdirilməsi, parlament diplomatiyası, Azərbaycanın Avropaya inteqrasiyası, "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində əməkdaşlıq və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 3 iyul.- S.  4.