Gəmiçilik daim etimadı doğruldacaq

 

 Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı 2 iyul tarixli sərəncamla iyul ayının ilk bazar günü Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi işçilərinin peşə bayramıdır. Bu, ulu öndərin Gəmiçiliyimizə göstərdiyi daimi diqqət və qayğının məntiqi davamı idi.

Gəmiçilik işçiləri yaxşı bilirlər ki, əgər ümummilli lider Heydər Əliyevin köməyi, dəstəyi olmasaydı, nəinki bu bayramdan, heç Gəmiçiliyin varlığından söhbət gedə bilməzdi. Xüsusilə qeyd etmək lazımdır ki, ölkə rəhbəri, möhtərəm Prezident cənab İlham Əliyev dəniz nəqliyyatına həmişə böyük diqqətlə yanaşır, dənizçilərin problemləri, qayğıları ilə daim maraqlanır. Əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə olduğu kimi, bu gün də dəniz nəqliyyatı respublika iqtisadiyyatının strateji sahəsi olaraq qalır. Ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü nəhəng layihələr dəniz nəqliyyatının inkişafına təkan verir, bu sahədə geniş perspektivlər açır.

Gəmiçiliyimizin son bir ildəki fəaliyyəti bir sıra obyektiv çətinliklərlə yanaşı, əlamətdar hadisələrlə də yadda qalıb.

İlk növbədə, nəqliyyat donanmamızın təzələnməsi istiqamətində görülən işləri qeyd etmək istərdim.

Ötən ilin oktyabrında "Prezident Heydər Əliyev" layihəli 7-ci gəmini - Şuşanın adını daşıyan tankeri Bakıda qarşıladıq. Təntənəli mərasimdə möhtərəm Prezidentiştirak etdi, gəmi ilə tanış oldu, bizə dəyərli tövsiyələr verdi. "Şuşa" son yeddi ildə bizim "Krasnoye Sormovo" zavodundan aldığımız 10-cu, ümumilikdə isə 13-cü təzə gəmidir. İndi nəqliyyat donanmasının tərkibində 80 gəmi var. Bunlardan 37-si quru yük gəmiləri və bərələr, 43-ü isə tankerlərdir. Onların ümumi dedveyti 486 min tondan çoxdur.

Hesabat dövründə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi daha bir böyük layihənin reallaşdırılmasını başa çatdırdı. Gəmiçiliyin öz qüvvəsi və dövlət büdcəsindən ayrılan vəsait hesabına Zığda yeni quru yük liman məntəqəsi inşa etdik. Bununla da 400 nəfərlik yeni yeri açıldı. Dövlət başçısı cənab İlham Əliyev cari il yanvarın 14-də Yaxt-klubda aparılan yenidənqurma işləri və quru yük liman məntəqəsinin tikinti işləri ilə maraqlandı, tapşırıqlar verdi və martın 16-da liman məntəqəsinin açılışında iştirak etdi. Ölkə rəhbərinin bu diqqəti məsuliyyətimizi qat-qat artırır və bizi daha böyük əzmlə işləməyə sövq edir.

Dənizçilər həmişə yüksək əzmkarlığı, zəhmətsevərliyi ilə seçiliblər. Azərbaycanın nəqliyyat kompleksində özünəməxsus yeri olan Gəmiçilik hər zaman qarşıya qoyulan tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirməyə çalışır. Ötən ilkollektivimiz yaxşı işləyib. Belə ki, 2009-cu ildə donanmamızla 13 milyon 189,7 min ton müxtəlif təyinatlı yüklər daşınıb. Bunlardan 9 milyon 864,5 min tonu tankerlərlə, 1 milyon 029,0 min tonu quru yükdaşıyan gəmilərlə, 2 milyon 296,2 min tonu isə gəmi-bərələrlə həyata keçirilib. 2008-ci illə müqayisədə yükdaşımalarda artım 10,9 faiz təşkil edir.

Son bir ildə Gəmiçiliyin beynəlxalq miqyasda uğurları da nəzərəçarpan olmuşdur. Ötən ilin noyabrında Ukraynada Qara dəniz hövzəsi gəmi sahibkarları beynəlxalq Assosiasiyasının - BİNSA-nın 13-cü toplantısı keçirilmiş, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin aparırol oynadığı bu nüfuzlu beynəlxalq təşkilatın yaxın gələcək üçün fəaliyyət planı təsdiq olunmuşdur. İyun ayında isə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Bolqarıstan paytaxtında keçirilən iclasında BİNSA-nın QDİƏT-də dialoq tərəfdaşlığı statusu daha iki il müddətinə uzadılmışdır.

Bunlar sübut edir ki, Gəmiçilik doğru yoldadır, nəinki ölkəmizdə, eləcə də beynəlxalq miqyasda bizim nüfuzumuz möhkəmlənməkdədir.

 Bu gün Gəmiçilikdə sosial məsələlərə xüsusi diqqət yetirilir. Neçə illərdir ki, Naftalanın kurort şəhərciyində məskunlaşmış soydaşlarımıza maddi yardım göstəririk. Son bir ildə həmin ünvana 104 min 300 manatlıq yardım edilib. Bilgəh qəsəbəsində yerləşən Müharibə və əmək veteranları pansionatının yaşlı sakinləri də dənizçiləri özlərinə doğma bilirlər. Biz onları hamiliyə götürmüşük. Əlamətdar günlərdə, bayramlarda orada yaşayan qocaları və ağbirçəkləri sevindirməyə çalışırıq. Ötən peşə bayramından keçən dövrdə dənizçilər pansionatın sakinlərinə 8.930 manatlıq ərzaq aparıblar. Bundan əlavə, erməni işğalçılarına qarşı döyüşlərdə şəhid olan dənizçilərimizin ailələrinə və Qarabağ müharibəsində əlil olan gəmiçilərə 10.560, işləməyən pensiyaçılarımıza 12.910 manat yardım edilib. Ümumilikdə bu tədbirlərə 136.700 manat vəsait ayrılıb.

Gəmiçilik ölkə miqyasında gerçəkləşdirilən layihələrdə də yaxından iştirak edir. KürAraz çaylarında baş vermiş daşqınların nəticələrini aradan qaldırmaq üçün texniki donanmamızın gəmiləri mayın 10-dan etibarən ölkə rəhbərliyinin tapşırığı ilə Kürün deltasında dibdərinləşdirmə işlərinə cəlb olunmuşdur. Həmin işlər bu gündavam etdirilir.

Gəmiçiliyin kollektivi aprel ayında Suraxanı rayonundakı keçmiş "Binə" ticarət mərkəzinin yerində ağacəkmə kampaniyasında iştirak etmiş, "Ekologiya ili" çərçivəsində görülən tədbirlərə qoşulmuşdur.

Kollektivimiz doğma Azərbaycanımızın tərəqqisi naminə bundan sonra da qüvvəsini əsirgəməyəcək, ölkə rəhbərliyinin bizə göstərdiyi etimadı doğrultmağa çalışacaqdır.

 

 

Aydın BƏŞİROV,

Azərbaycan Dövlət Xəzər

Dəniz Gəmiçiliyinin rəisi

 

Azərbaycan.- 2010.- 3 iyul.- S.  5.