Sosial ekologiya: reallıqlar və yeni istiqamətlər

 

Ekologiya insanla təbiətin münasibətlərinin elmi və praktiki problemlərinin məcmusudur. Bəşəriyyətin müasir yaşayışını ekologiyasız təsəvvür etmək mümkün deyil. Təəssüflə qeyd etməliyik ki, xüsusən, XX əsrdən etibarən insanların antropogen və texnogen fəaliyyətinin təsiri nəticəsində ətraf mühitin, onun amillərinin, təbii sərvətlərin, biosferin, ekosistemlərin, flora və faunanın normal ahənginin pozulması baş vermiş və beləliklə, ciddi ekoloji disbalans yaranmışdır. Müharibələr, kosmosun öyrənilməsi, təbiətə sənaye və nəqliyyat tullantılarının atılması, bir çox sahələrdə zəhərli kimyəvi maddələrin istifadəsi atmosferi, hidrosferi və litosferi çirkləndirməklə ekoloji tarazlığın ritmini pozmuşdur. Müasir dövrdə ekoloji problemlərin kəskinliyi ilə əlaqədar olaraq ekologiya bir sıra istiqamətlərdə xüsusi aktuallıq kəsb etməyə başlamışdır. Bu sırada sosial ekologiyanın ötən əsrdən etibarən yaranıb inkişaf etməsi diqqəti cəlb edir.

 

Sosial ekologiyanın tarixi və nəzəri aspektləri

 

Sosial ekologiya bəşəriyyətin qlobal problemləri kontekstində cəmiyyət, təbiət və insan arasında spesifik əlaqələri empirik tədqiq edən və nəzəri cəhətdən ümumiləşdirən elmdir. Məqsəd insanın yaşadığı mühiti qoruyub saxlamaq və gələcək nəsillərə çatdırmaqdır. Cəmiyyətin təbiətə qlobal miqyaslı təsiri nəticəsində bir sıra elmi fənlərin birləşməsi nəticəsində xüsusi elm kimi meydana çıxan sosial ekologiya təbiət və cəmiyyətin qarşılıqlı əlaqəsinin fəlsəfi-sosioloji aspektini öyrənir. Sosial ekologiyanın əsas predmeti insanın, cəmiyyətin, texnikanın, mədəniyyətin, təbiətin qarşılıqlı təsiridir.

Sosial ekologiya yeni elm sahəsidir. Ona müxtəlif təriflər verməklə yanaşı, ictimai elmlər sistemində yerinə də şübhə ilə yanaşanlar var. Ona görə də sosial ekologiyanın müstəqil ictimai sosioloji elm kimi formalaşması prosesini nəzərdən keçirmək lazımdır. Əslində, sosial ekologiyanın yaranması və inkişafı sosiologiyanın ətraf mühit problemlərinə artmaqda olan marağını əks etdirir.

Sosial ekologiyanın tərifini verənlərdən birincilər sırasında Raderik Mak Kenzeldir. O, ekologiyanı insanların ərazi və zaman münasibətləri haqqında elm kimi müəyyənləşdirmişdir.

Sosial ekologiyanın inkişafı Birinci dunya müharibəsindən sonra başlanır. Ötən əsrin 60-cı illərində isə onun inkişafında daha çox fəallıq özünü hiss etdirir. Xüsusilə, 1966-cı ildə keçirilən sosioloqların ümumdünya konqresindən sonra bu proses daha da güclənmişdir. Sonrakı illərdə sosial ekologiyanın sürətli inkişafı 1970-ci ildə keçirilən sosioloqların növbəti konqresində sosial ekologiya problemləri üzrə sosioloqların ümumdünya birliyinin tədqiqat komitəsinin yaradılmasına gətirib çıxarmışdır.

Sosial ekologiyanın meydana gəlməsi sosiologiyanın ekologiyaya marağını əks etdirir. İnsanın ekosistemdə yerini, eləcə də onunla ekosistemin qarşılıqlı təsirini öyrənmək olduqca zəruridir.

Sosial ekologiya Yer biosferinə bəşəriyyətin ekoloji dayağı kimi baxır, ətraf mühiti və insan fəaliyyətini təbiət və cəmiyyətin vahid sistemi ilə əlaqələndirir. Təbii ekosistemin tarazlığına insanın təsirini aşkar edir, insanla təbiətin qarşılıqlı münasibətinin səmərələşdirilməsi və idarə olunması məsələlərini öyrənir. Sosial ekologiyanın vəzifəsi ətraf mühitə elə bir effektiv təsir üsulu təklif etməkdir ki, bunun sayəsində təkcə katastrofik nəticələri aradan qaldırmaq deyil, eyni zamanda, insanın inkişafının bioloji və sosial şəraitini və Yerdə olan bütün canlıların şəraitini köklü surətdə yaxşılaşdırmaqdır. Sosial ekologiyanın nəzəri funksiyaları sırasına təbiəti mühafizə, praqmatik, proqnostik dünyagörüşü və metodoloji funksiyalar daxildir. Sosial ekologiyanın nəzəri funksiyaları, hər şeydən əvvəl, cəmiyyətin, insanın təbiətin müxtəlif tarixi mərhələlərində ekoloji inkişafının xarakterini izah edən əsas konseptual nümunələrdən ibarətdir.

 

Təbiət - cəmiyyət münasibətlərinin balansı

 

Qlobal problemlərin təsnifatında mərkəzi yerlərdən birini cəmiyyət, insan və təbiətin qarşılıqlı təsiri məsələsi, yaxud ekoloji problemlər tutur. Bəşəriyyət öz varlığına görə təbiətə borcludur. Burada təkcə onun mənbəyi deyil, onunla bərabər yaranan keyfiyyətcə yeni münasibət üsulu olan əmək və təbiət, maddi istehsal fəaliyyəti də nəzərdə tutulur. Maddi istehsalda əmək təbiəti dəyişdirməyin vasitəsi kimi çıxış edir.

Əmək, hər şeydən əvvəl, insanla təbiət arasında baş vermiş bir prosesdir, insanın öz fəaliyyəti sayəsində, özü ilə təbiət arasındakı maddələr mübadiləsində vasitəçi olduğu, bu mübadilənin tənzim etdiyi və onu nəzarət altına aldığı bir prosesdir. İnsan təkcə təbiətin predmetlərinin formalarını dəyişdirmir. Həm də həmin predmetlərdə özünün şüurlu məqsədini təcəssüm etdirir.

Dəyişdirilmiş təbiət insanın gələcək inkişafı üçün həlledici şərtə çevrilir. Baxmayaraq ki, insan özünü təbiətdən ayırır, lakin o, təbiətin ayrılmaz hissəsi olaraq qalır. Alimlərin qeyd etdiyi kimi, "insan təbiət maddəsinə bir təbiət qüvvəsi kimi qarşı durur".

Təbiət maddi rifah istehsalı prosesinin daimi, əbədi və zəruri şərtidir. Təbiətin verdiyi və insanın ondan aldığı şeylər istehsalın əsasıdır. Təbii şərait istehsalın müxtəlif sahələrinin inkişafı və yerləşməsinə həlledici təsir göstərir. Həmin şərait ya inkişafı yüngülləşdirir və sürətləndirir, yaxud da maddi istehsalın inkişafını saxlayır və çətinləşdirir, bununla da, əməyin məhsuldarlığının artımına təsir edir.Texniki cəhətdən eyni səviyyədə olan əmək müxtəlif nəticələrə gətirib çıxarır.

Maddi istehsalda insan öz həyatı üçün lazım olan formada təbiəti mənimsəyir. Bu zaman insan daim təbiət qüvvələrinin yardımına arxalanır. İnsanın nəzarət altına aldığı təbii proseslər maddi istehsalda geniş şəkildə istifadə olunur. Bununla yanaşı, istehsalda kortəbii, lokal və qlobal proseslər fəaliyyət göstərir. Bunlar isə özlüyündə insana onun təbiətin ağası deyil, bir hissəsi olduğunu xatırladır.

İnsan yarandığı gündən təbiəti öyrənir və mənimsəyir. İndi demək olar ki, təbiətdə "toxunulmamış" sahə qalmamışdır. Qədim dövrlərdən başlayaraq insan maddi mədəniyyəti, yaxud "ikinci təbiəti" -"insaniləşdirilmiş təbiəti" yaradır. İnsan tərəfindən yaradılmış predmetlər, təbiətdə edilmiş dəyişikliklər təbiətin öz predmet və hadisələri kimi real və obyektiv olur. İnsanın təbiətin kortəbii qüvvələrinin təsiri altından çıxması, tədricən təbiətdən asılılığının ləğv edilməsi onu təbiətlə getdikcə yaxınlaşdırır, təbiətin daha geniş şəkildə maddi istehsal prosesinə daxil edilməsinə şərait yaradır. Kimyəvi birləşmələrin sintezini, canlı orqanizmlərin çirklənmiş ətraf mühitə uyğunlaşmasını və s. buna misal göstərmək olar.

Təbiət və cəmiyyəti bir-birinə qarşı duran qüvvələr kimi təqdim edən idealist və metafizik konsepsiyalardan fərqli olaraq həqiqi elm onların üzvi vəhdətini elan edərək təbiət və cəmiyyətin inkişafına vahid təbii-tarixi bir proses kimi baxır.Tarixən insanın təbiətlə yalnız əlaqələrinin xarakteri dəyişir ki, bu da şübhəsiz, istehsal münasibətlərinin xarakteri ilə bağlıdır.

Bəşər cəmiyyəti son dərəcə mürəkkəb, fasiləsiz inkişaf edən orqanizmdir. Cəmiyyətin inkişafı prosesində onun müxtəlif tərəfləri və sahələri qarşılıqlı təsir edir, inkişafın ümumi gedişini ya ləngidir, ya da sürətləndirir.

Təbiət-cəmiyyət həyat təminatlı ekoloji funksiya yerinə yetirdiyindən ayrıca fərdin, eləcə də cəmiyyətin sistemi inkişafın təbii qanunlarına tabe olur. Bu sistemin mərkəzində inkişaf materiya hərəkətinin həm təbii, həm də sosial qanunlarına tabe olan insan durur.

 

Azərbaycanda sosial ekologiya

 

Sosial ekologiya eyni zamanda, sağlam ailə, ailədə sağlam uşağın böyüməsi deməkdir. Ekologiyanın qorunması gələcək nəsillərin sağlamlığını qorumaqdır. Sosiumla təbiətin vəhdəti sağlam cəmiyyət deməkdir.

Ölkəmizin müstəqilliyinin qorunub saxlanılmasında, iqtisadiyyatımızın sürətlə inkişaf etdirilməsində və xalqın rifahının yüksəldilməsində danılmaz rolu olan ümummilli lider Heydər Əliyev ətraf mühitin mühafizəsi problemlərini də həmişə diqqət mərkəzində saxlamışdır. Məhz ulu öndərin 1969-1982 və 1993-2003-cü illərdə respublikamıza rəhbərlik etdiyi dövrlərdə ətraf mühitin mühafizəsi sahəsində mühüm qanunlar, qərarlar, sərəncamlar qəbul edilmiş, institusional dəyişikliklər baş vermişdir.

Hələ sovet illərində ulu öndər Heydər Əliyevin gərgin əməyi sayəsində Azərbaycanda genişmiqyaslı sosial ekoloji tədbirlərin həyata keçirildiyini görərdik. Sovet İttifaqına xas olan bütün bu ümumi meyillərə baxmayaraq, Azərbaycanda ekoloji məsələlərin həlli işinə 1970-80-ci illərdə böyük diqqət göstərilirdi. Bu gün Bakının ətrafında gördüyümüz meşəliklər, yaşıllıq zolaqları ulu öndər Heydər Əliyevin təşəbbüsü, onun şəxsi iştirakı ilə salınmışdır. O illərdə Bakının kanalizasiya probleminin həlli istiqamətində vacib addımlar atılmışdır.

Ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin təşəbbüsü ilə təbiətin qorunması və sağlamlaşdırılması sahəsində mühüm praktiki addımlar atılmışdır. Bir sıra iri su hövzələri tikilmiş, torpaqları şoranlaşmadan təmizləmək üçün drenaj sistemləri qurulmuş, Bakı şəhərində və onun ətrafında çoxlu yaşıllıqlar, Xəzərsahili qumluqlarda sahilbərkidici və torpaqların aşınmasının qarşısının alınması məqsədi ilə meşə örtüyü zolaqları salınmış, flora və faunanın qorunub saxlanması və inkişaf etdirilməsi üçün bir sıra təbiət qoruqları və yasaqlıqları yaradılmışdır.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan, bazar iqtisadiyyatı yolunu seçdikdən və ulu öndər Heydər Əliyevin rəhbərliyindən sonra ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində ekoloji siyasət yeni vüsət almış və formalaşmağa başlamışdır. Məhz ulu öndərin sayəsində Azərbaycanda ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərin xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsi, həyata keçirilən sosial-iqtisadi islahatlarda mühüm yerlərdən birini tutmuşdur.

Bu gün ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin fəaliyyətində ölkəmizin ekoloji duruma diqqət və qayğı xüsusi yer tutur. Ölkə başçısının sədrliyi ilə ekoloji problemlərin müzakirəsinə həsr olunmuş müşavirələrin keçirilməsi, ətraf mühitlə bağlı dövlət proqramlarının qəbul olunması, bu istiqamətdə mövcud problemlərin daha səmərəli həll edilməsi məqsədi ilə fərman və sərəncamların imzalanması bu sahənin ölkəmizdə prioritet məsələlər sırasına qaldırılmasına parlaq nümunədir.

Son vaxtlarda Kür və Araz çaylarında daşqınların, bir sıra dağlıq rayonlarda torpaq sürüşmələrinin baş verməsi həm də ekoloji böhrana səbəb olmuşdur. Sel suları on minlərlə hektar əkin sahəsini yararsız hala salmışdır. Eyni zamanda, vəhşi çöl heyvanlarının, gəmiricilərin, sürünənlərin bir qismi məhv olmuş, həyat ritmi pozulmuşdur. Hazırda ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə yaradılan hökumət komissiyası Aran rayonlarında təbii fəlakətin nəticələrinin aradan qaldırılması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi ilə məşğuldur. Görülən işlər bütün parametrləri ilə yanaşı, sosial ekoloji məqsədlərə xidmət edir. Təbii fəlakət bir neçə il öncə ölkə başçısının təşəbbüsü ilə yaradılan Fövqəladə Hallar Nazirliyinin ölkəmizin həyatında son dərəcə mühüm rol oynayan bir dövlət orqanı olduğunu təsdiq etdi. FHN yaradılmasaydı, bəlkə də bugünkü kimi yüksək səviyyədə qabaqlayıcı tədbirləri həyata keçirmək mümkün olmazdı.

Yeri gəlmişkən, kənd təsərrüfatında ekoloji problemlərin aradan qaldırılması ilə bağlı akademik Həsən Əliyevin elmi araşdırmaları öz aktuallığı ilə bu gün də diqqəti cəlb edir. Məlum olduğu kimi, akademik Həsən Əliyev elmi fəaliyyətində Azərbaycanın ekoloji problemlərinə, o cümlədən respublikanın torpaq fondunun qorunması, torpaqların eroziyası, çirklənməsi və rekultivasiyası məsələlərinə xüsusi diqqət yetirilir. Ekoloji tədbirlər həyata keçirilərkən Həsən Əliyevin elmi yaradıcılığına müraciət edilməsi görülən işlərə böyük töhfə verir.

İnsanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsi ölkədə aparılan sosial islahatların mühüm tərkib hissələrindən biridir. Ölkə rəhbərliyinin ekologiya ilə bağlı məsələləri daim diqqət mərkəzində saxlaması ətraf mühitin yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük təkan vermiş, bu sahədə iri layihələr uğurla həyata keçirilmiş və hazırda da davam etdirilir. Biz hamılıqla Azərbaycanın flora və faunasının qorunması qayğısına qalmalı, torpaqlarımızın məhsuldar, sularımızın təmiz, havamızın saf olması üçün əlimizdən gələni etməliyik.

 

Sosial ekologiya və maarifləndirmə

 

İnsan fəaliyyəti nəticəsində dəyişikliyə məruz qalan təbiət insanların özləri üçün problemə çevrilir və bu, tədricən bütün bəşəriyyətə mənfi təsirini göstərməkdədir. Alimlərin hesablamalarına görə, insan fəaliyyəti nəticəsində Yer kürəsində mövcud olmuş meşələrin üçdə ikisi qırılmış, 200-dən çox bitki və heyvan növləri məhv edilmiş, 10 milyard ton oksigen ehtiyatı azalmış, 200 milyon hektardan çox əkin sahəsi becərilmir. Müasir dövrdə yeni texnika və texnologiyaların tətbiqi ilə bu təsirlər daha da artmaqda davam edir. Çirklənmənin 70-80 faizi şəhərlərin payına düşür. İnkişaf edən sənaye şəhərlərində ətraf mühitin çirklənməsi daha sürətli və daha irimiqyaslı olur. Çirklənmədə metallurgiya sənayesi (34%), energetika sənayesi (27%), kimya (9%), qaz sənayesi (7%) təşkil edir.

Ətraf mühitin çirklənməsi hazırda aşkar görünən proseslərdəndir. İnsanın biosferə və onun ayrı-ayrı tərkib hissələrinə təsiri artıq görünməmiş həddə çatmışdır. Yer planetinin müasir vəziyyəti qlobal ekoloji böhran kimi qiymətləndirilir. Cəmiyyətin ətraf təbii mühitlə qarşılıqlı təsiri bir sıra neqativ nəticələrə gətirib çıxarmışdır. Bu da təbiətdən balanslaşdırılmış istifadənin ardıcıl formalaşdırılması zərurətini yaratmışdır. Ətraf mühitin birbaşa çirklənməsindən və dağılmadan mühafizəsi, əkinçilik və heyvandarlığa təbiətə uyğun sistemlərin tətbiqi, ekoloji təmiz məhsul istehsalı və s. kənd təsərrüfatı mütəxəssislərinin ekoloji savadından çox asılıdır. Hər hansı fəaliyyət sahəsinin mütəxəssisi cəmiyyət və təbiətin qarşılıqlı təsirinin müasir problemlərinin mahiyyətini dərk etməli, ətraf təbii mühitə bu və ya digər istehsalın mümkün neqativ təsirinin səbəblərindən baş çıxarmalı, müəyyən təsərrüfat fəaliyyətinin təbiətə təsirinin xarakterini, istiqamətini və nəticələrini qiymətləndirməyi bacarmalıdır.

İnsanlarda ekoloji mədəniyyətin, sivilizasiyanın, təfəkkürün, şüurun, tərbiyənin və təhsilin formalaşması artıq günün, dövrün tələbinə çevrilmişdir. Ekoloji mədəniyyət bütün insanlarda bəşəri mədəniyyəti təcəssüm etdirən mədəniyyətin sivil inkişaf forması və təhsil mühitidir. XXI əsr bütün xalqlardan mədəni inkişafın əsas istiqaməti kimi ekoloji təhsilin fasiləsiz inkişaf strategiyasını, konsepsiyasını, proqramını hazırlamağı və həyata keçirməyi tələb edir. Ekoloji təhsilin ardıcıl və sistemli olması üçün bu prosesə şəxsiyyətin formalaşmasının ilk anlarından başlamaq lazımdır ki, onun da təməli məhz ailədə, məktəbəqədər tərbiyə ocaqlarında, ibtidai siniflərdə qoyulmalı, orta və ali məktəblərdə tam formalaşmalıdır. Bunun üçün ilk növbədə, yüksək ixtisaslı ekoloji kadrlar (ekoloji mühəndislər, ekspertlər, hidroloqlar, hidrobioloqlar, ixtioloqlar, ixtiopatoloqlar, iqlimşünaslar, meşə mühəndisləri, dendroloqlar, ornitoloqlar və s.) hazırlanmalıdır.

Təəssüf ki, Azərbaycanda da hələ ekoloji durum günün tələbi səviyyəsində deyil. Bunun bir səbəbi gənclərdə ekoloji bilgilərin, məlumatların zəif olması, yaxud tamamilə olmamasıdır. Bu baxımdan ölkəmizin mövcud təhsil sistemində ekologiya üzrə nəzəri biliklərin əxlaqi davranışlara çevrilməsini formalaşdıran proqram işlənib hazırlanmalıdır. Təqdirəlayiq haldır ki, 1999-cu ildə Moskvada MDB ölkələrinin mütəxəssisləri tərəfindən ekoloji təhsilin ümumi istiqamətlərini və prinsiplərini özündə əks etdirən təhsil konsepsiyası hazırlanmış və ondan proqram sənədi kimi istifadə edilməsi tövsiyə olunmuşdur. Konsepsiyada ekoloji təhsilin əsas müddəaları və vəzifələri ətraflı şərh edilmişdir. Bu müddəalara - təbii ehtiyatlara, yeraltı və yerüstü sərvətlərə qənaət etmək, ətraf mühitin çirklənməsinin qarşısını almaq, bütün ərazilərdə ekosistemləri, biosferi qoruyub saxlamaq, beynəlxalq ekoloji normalara hörmət və həssaslıqla yanaşmaq, vahid ekoloji sistemlərə xidmət edən bütün aspektləri nəzərə almaq və təbii ehtiyatlardan istifadə olunmasında qarşılıqlı anlaşmalara gəlmək aiddir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə respublikamızda qlobal xarakterli ekoloji problemlərin həlli üçün görülən işlər, həyata keçirilən layihə və proqramlar da ekoloji durumun bərpası və yaxşılaşdırılması istiqamətində müsbət və təqdirəlayiq hal kimi dəyərləndirilməlidir. Nazirlik son illər Azərbaycanda təbii ətraf mühitin mühafizəsi, dövlət qoruqları, yaşıllıqlar və milli parkların yaradılması, səhralaşmaya və meşəsizləşməyə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi, yeni meşə zolaqlarının və tingliklərin salınması, eləcə də ekoloji cəhətdən mühüm əhəmiyyət kəsb edən digər vacib məsələlər sahəsində böyük işlər görmüşdür.

Görülən işlərə baxmayaraq, ölkədə əhalinin ekoloji maarifləndirilməsi və məlumatlandırılması Davamlı İnsan İnkişafı Konsepsiyasının tələblərinə cavab vermir və onunla uzlaşmır. Odur ki, alimlərimiz, ziyalılarımız əhalinin ekoloji maarifləndirilməsində fəal iştirak etməli və öz mənəvi vətəndaşlıq borclarını layiqincə yerinə yetirməlidirlər. Ölkəmizdə fəaliyyət göstərən KİV də bu istiqamətdə təşəbbüskarlıq göstərməli və fəaliyyətini gücləndirməlidir. Çünki əksər mətbu orqanlarda, radio-televiziya kanallarında qlobal ekoloji məsələlərə, onların qarşısının alınması yollarına, təbiətin, ətraf mühitin mühafizəsinə lazımınca fikir verilmir, əhalinin ekoloji maarifləndirilməsinə həsr olunmuş xüsusi verilişlər aparılmır, sanki bu planetar və bəşəri əhəmiyyətli məsələ unudulub.

Ekoloji sivilizasiya mahiyyət etibarı ilə ətraf mühitə, onun əsas amillərinə (hava, torpaq, su, flora, fauna və s.) neqativ və antropogen amillərin qarşısının alınması, təbii resurslardan düzgün və məqsədyönlü istifadə olunması, qorunub saxlanması və gələcək nəsillərə təhvil verilməsindən ibarətdir. Dünyanın inkişaf etmiş və inkişafda olan bütün ölkələrində olduğu kimi, respublikamızda da bu məsələ dövlət siyasətinin əsas tərkib hissələrindən biridir.

 

"Ekologiya ili" - modernləşmiş sosial ekologiya

 

Azərbaycan Prezidentinin 2006-cı il 28 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı"nın icrası ilə əlaqədar olaraq ölkəmizin hər yerində ekoloji mühitin yaxşılaşdırılması üçün çoxşaxəli tədbirlərin həyata keçirilməsi dövlətin vətəndaşına qayğısı ilə yanaşı, artıq yüksək inkişafın, Azərbaycanda beynəlxalq standartların mövcudluğunun, bir sözlə, modernləşmənin göstəricisidir. Azərbaycan Prezidenti tərəfindən 2010-cu ilin "Ekologiya ili" elan edilməsi də "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı"na uyğun olaraq ölkəmizdə görülmüş misilsiz işlərin məntiqi davamıdır.

2010-cu ilin "Ekologiya ili" elan edilməsi ilə bağlı cari ilin prioritet istiqamətləri üzrə müvafiq layihələr hazırlanmışdır. Azərbaycanda həyata keçirilən uğurlu siyasətə söykənərək Abşeron yarımadasında neft tullantıları və digər zərərli maddələrlə çirklənmiş torpaqların və göllərin bərpası əsas prioritet istiqamət seçilmişdir. Burada göllərin və ətrafının təmizlənməsi, torpaqların rekultivasiyası hesabına ərazilərin reabilitasiyası nəzərdə tutulmuşdur.

Ümumiyyətlə, neftlə çirklənmiş ərazilərdə təmizlənmə işləri geniş xarakter daşımalıdır. Bibiheybət buxtasının təmizlənməsi birinci mərhələ idi. Bibiheybət buxtasında neftlə çirklənmiş ərazilərdə görülən işlər başqa sahələrdə də tətbiq edilməlidir.

Digər prioritet istiqamət Azərbaycan Prezidentinin təşəbbüsü ilə geniş vüsət almış yaşıllaşdırma tədbirləridir. Ümumiyyətlə, bu gün Azərbaycanda yaşıllaşdırma istiqamətində vacib addımlar atılır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən "Hərəyə bir ağac əkək!" kampaniyası buna ən gözəl nümunədir. "Ekologiya ili"ndə isə ən azı 3 milyon ağacın əkilməsi qarşıya məqsəd qoyulub. Artıq ölkənin bütün regionları bu təşəbbüsə qoşulub. Bütün cəmiyyətdə bu təşəbbüs müsbət qarşılanır və görülən tədbirlər ictimaiyyət tərəfindən dəstəklənir, ağacəkmə kampaniyası xalqın iştirakı ilə həyata keçirilir.

Bu ilin fevralında Prezident İlham Əliyevin rəhbərliyi ilə ekoloji problemlərin həllinə həsr olunmuş müşavirədə söylənən fikirlər bu istiqamətdə də modern tədbirlərin həyata keçirildiyini göstərir. Belə ki, yaşıllaşdırma tədbirləri ilə əlaqədar yeni əkilən ağacların kifayət qədər suvarma suyu ilə təmin edilməsi üçün təmizlənmiş tullantı sulardan təkrar istifadə məsələsi araşdırılmış, Hövsan, Binə, Lökbatan, Səngəçal və Qobustan qəsəbələri ətrafında təmizlənmiş tullantı sularının texniki bitkilərin suvarılmasına yönəldilməsi üzrə layihə hazırlanmışdır. Misal üçün, Hövsanda aerasiya stansiyası tamamilə yeniləşdirilərək istifadəyə verilmişdir. Çirkab sular burada təmizləndikdən sonra Xəzər dənizinə axıdılır. Nəzərə alsaq ki, dəniz suyunun şirinləşdirilməsinə nisbətən çirkli suların təmizlənməsi 8-10 dəfə ucuz başa gəlir, bu suların əlavə təmizlənərək o ərazidəki 3 min hektaradək sahənin yaşıllaşdırılmasında istifadə olunması mümkündür. Bunun nəticəsində həmin suların dənizə axıdılması ehtiyacı da kəskin surətdə azalacaqdır.

"Ekologiya ili"ndə növbəti prioritet istiqamət əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə bağlı işlərin davamlı icrasıdır. Ölkə başçısının 2007-ci il 20 iyun tarixli "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında" sərəncamı ilə Kür və Araz çaylarının suyundan istifadə edən yaşayış məntəqələrinin ekoloji cəhətdən təmiz su ilə təminatı istiqamətində xeyli iş görülüb. İndiyədək 122 kəndə modul tipli sutəmizləyici qurğular quraşdırılıb. Onu xatırladım ki, modul tipli sutəmizləyici qurğular cəmi bir necə il bundan əvvəl quraşdırılmağa başlayıb. Bunun özu bir daha Azərbaycanda modern ekoloji islahatların həyata keçirilməsinin bariz nümunəsidir. Hazırda 18 rayonun 63 kəndində bu istiqamətdə işlər gedir. Nəticədə "Ekologiya ili"ndə daha 125 min insan təmiz içməli su ilə təmin olunacaqdır.

"Ekologiya ili"ndə başqa prioritet istiqamət Xəzər dənizinin çirklənmədən qorunmasıdır. Məqsəd Abşeron yarımadasının şimal sahilboyu ərazilərində qurulmuş modul tipli çirkab sutəmizləyici qurğulardan ibarət "Xəzər dənizinin ekoloji mühitinin mühafizə sistemi"nin cənub istiqamətində davam etdirilməsidir. İri təmizləyici qurğularla bərabər, bu sistemin fəaliyyəti sayəsində Pirallahıdan Novxanıyadək 86 kilometr məsafədə sahilboyu ərazilərdən gün ərzində təkcə bu stansiyaların gücü ilə 6 min kubmetrdən çox çirkab suyun təmizlənmədən dənizə axıdılmasının qarşısı alınmış, həmin ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur.

Prioritet istiqamətlərdən biri də atmosfer havasının mühafizəsidir. Burada əsas məsələ avtonəqliyyat vasitələri ilə bağlıdır. Əgər sovet dövründə Azərbaycan Respublikası atmosferə çirkləndiricilər və karbon birləşmələrini 70 milyon ton çərçivəsində atırdısa, o dövrdən qalan iqtisadiyyatın əsaslı surətdə yenidən qurulması və bir neçə dəfə böyüməsi nəticəsində indi atmosferə atdığımız karbon birləşmələri və çirkləndiricilərin həcmi 38 milyon tona enmişdir. Lakin əgər 70 milyon tonun içində nəqliyyatın payı 4,5 milyon ton idisə, bu gün artıq 38 milyon tonun 14-15 milyon tonu təkcə nəqliyyatın payına düşür. Problemin həlli istiqamətində hazırlanmış tədbirlər planında artıq bu il Avro-2 standartlarına keçid nəzərdə tutulmuşdur. Şəhərdən kənarda yeni neft-qaz emalı kompleksinin tikilməsi sayəsində Azərbaycanda istehsal olunacaq yanacaq-sürtkü materialları Avro-5 standartlarına cavab verəcəkdir ki, bu da artıq Avropada olduğu kimi, Avro-3 və Avro-4 mərhələlərini adlayaraq birdəfəlik Avro-5 standartlarına keçməyə imkan yaradacaqdır.

Modern ekoloji istiqamətlərdən biri də tullantıların idarə olunması ilə bağlıdır. Məlum olduğu kimi, tullantıların idarə olunması ilə bağlı ətraf mühitə minimum təsir göstərən və istismarı daha ucuz başa gələn müasir regional poliqonların tikintisi nəzərdə tutulur. Həmçinin, Sabunçu rayonunun Balaxanı poliqonu ərazisində tikilməkdə olan məişət tullantıları emalı zavodunun istifadəyə verilməsi məişət tullantılarının şəhərin ekoloji vəziyyətinə mənfi təsirinin aradan qaldırılmasında böyük rol oynayacaq. Bu nəinki bölgədə, eləcə də MDB-də analoqu olmayan bir müəssisə olacaq.

Ölkəmizdə ekoloji problemlərin aradan qaldırılması istiqamətində görülən tədbirlər insanların sağlamlığının möhkəmlənməsinə xidmət edir. Respublikamızda ekoloji məsələlərə göstərilən xüsusi diqqət və sosial-iqtisadi həyatımızda son illər əldə olunmuş yüksək nailiyyətlər ətraf mühitin sağlamlaşdırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsində müsbət təsirini daha səmərəli göstərəcək. Bunun üçün isə Azərbaycan dövlətinin güclü iradəsi var.

 

 

Hadi RƏCƏBLİ,

Milli Məclisin Sosial siyasət

komitəsinin sədri,

siyasi elmlər doktoru

 

Azərbaycan.- 2010.- 3 iyul.- S.  6.