Zamanın ümmanında itən damlalar
Şair, tənqidçi, ədəbiyyatşünas,
filologiya elmləri doktoru, Dövlət mükafatı laureatı Qasım Qasımzadə Azərbaycan ədəbiyyatının
tanınmış və
fədakar simalarından
biridir. Həm poeziyada,
həm də ədəbi tənqiddə özünəməxsus
yeri olan Qasım
Qasımzadənin vəfatından illər keçir.
Sözlərinə yazılmış musiqilər dillər əzbəridir.
Hətta bəzi nəğmələri xalq
mahnısı kimi təqdim edilməkdədir.
Uzun illər sevə-sevə dinlədiyimiz
"Olmaz, olmaz"
mahnısı kimi...
Ədəbi fəaliyyəti
ilə ədəbiyyatşünaslıq elminin
inkişafında cəfakeşlik göstərmiş Qasım
Qasımzadə də unudulmuş unudulmazlar
sırasındadır.
Sovet dövründə bioqrafiyasına toxunulmasından çox ehtiyatlanan və həmişə də bu səbəbdən müxtəlif maneələrlə üzləşən, əziyyət çəkən Qasım Qasımzadə bəy oğlu kimi qürurlu gəzsə də, tale üzünə elə də gülməyib. Həm təzadlı, həm də fərəhli bir ömür yaşayıb. Öz zəhməti, ağlı, dərrakəsi, biliyi, savadı ilə seçilib, yüksəlib. Onu əymək, sındırmaq istəyəndə "bəy oğlu" olduğunu iti xəncər kimi arxadan kürəyinə saplayıblar, bəzən də ağır daş kimi önünə atıblar.
Qasım Qasımzadənin babası Hacı Qasım Ağa Zəngəzur mahalının müdrik insanlarından olub. Bu şəxsiyyətin mərdliyi, igidliyi haqqında Zəngəzurda əfsanələr danışılar, dastanlar söylənər və mahnılar oxunardı. 1918-ci ildə Andranik Ozanyanın silahlı dəstəsi Zəngəzura hücum edib tufanlar qoparanda Hacı Qasım Ağa dağların o tayından bu tayına, yəni Qarakilsədən Qubadlıya köçüb. Bu perikdüşmədən sonra bir daha öz doğma yurduna qayıtmayan Hacı Qasım Ağa oğlu Xansuvara Qubadlının tanınmış bəylərindən olan, köhnə dostu Şahsuvar bəyin qızı Arəstə xanımı gəlin gətirib.
Zamanın ağır qovhaqovunda bu ailədə bir övlad böyüyürdü. Zəngəzurda anadan olmuş, amma yeddiillik məktəbi Yevlaxda bitirərək Nuxada (Şəki) pedaqoji təhsil almış, Kəlbəcərdə müəllim kimi əmək fəaliyyətinə başlamış Qasım Qasımzadə... Əslində, o, hələ uşaq ikən iki istiqamətdə təhsil alırdı: məktəbdə oxumağı, yazmağı, evdə isə atasının və babalarının keçdiyi ağır və şərəfli yolu öyrənirdi.
Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olan Qasım Qasımzadə əvvəlcə türk şöbəsində oxuyub. Lakin 1937-ci il repressiyalarının zillətini çəkmiş bir yazıçı gənc həmkarına məsləhət görüb ki, sən Şahsuvar bəyin, Hacı Qasım Ağanın nəvəsisən, Xansuvar bəyin oğlusan, özün də türk şöbəsində oxuyursan. Bütün bunlar kifayətdir ki, qara qüvvələr sənə pantürkist damğası vurub sürgün etsinlər. Belə olsa, sən heç vaxt öz arzularına çata bilməyəcəksən. Yaxşı olar ki, fakültəni dəyişəsən. Beləliklə, Qasım Qasımzadə dövrün bəlalarına tuş gəlməmək üçün universitetin filologiya fakültəsində oxumağa məcbur olub.
Qasım Qasımzadə ədəbi yaradıcılığa ötən əsrin ortalarında başlayıb. "Bizim kənd" adlı ilk kitabı 1951-ci ildə işıq üzü görüb. Şairlik Allah vergisi olduğundan Qasım Qasımzadənin özünün seçdiyi bir yol da var idi. Bu, elmi araşdırmalara, tədqiqatlara yönəlmiş bir alim ömrü idi. O, 1950-ci ildə Azərbaycan Elmlər Akademiyasının aspiranturasına daxil olub. Lakin dünyada yalnız yaxşılar qərar tutmayıb ki! Bütün yollar hamar və düz olmur ki! 1952-ci ildə Qasım Qasımzadə yenidən ağır bir ittihamla üzləşməli olub. Onun aspiranturadan çıxarılması məsələsi qaldırılıb. Səbəb də bu olub ki, çar çinovniki, cümhuriyyət dövründə isə qəza rəisinin müavini olan Şahsuvar bəyin nəvəsi Qasım Qasımzadə sovet quruluşunun yetişdirdiyi alimlərin siyahısına qatıla bilməz. Qəribədir ki, bir müddət şöhrəti zirvələri dolaşan anası Arəstə xanımın da əlindən atasına görə mandatları geri alınmış, adı siyahılardan silinmiş, müxtəlif təzyiqlərə məruz qalmışdı. Təbii ki, Qasım Qasımzadənin bu ədalətsizliklərin hamısından xəbəri var idi. Repressiyanın nə demək olduğunu gözəl bilirdi. Amma geri çəkilmək fikrində deyildi. O dövrdə Ali Sovetin Sədri işləyən Nəzər Heydərov (o, Şahsuvar bəyi şəxsən tanıyırdı) Qasım Qasımzadənin müdafiəsinə qalxaraq mərdlik göstərib. Sübuta yetirib ki, böyük hörmət və izzət sahibi olan Şahsuvar bəy heç vaxt vətəninə, millətinə xəyanət etməyib, "xalq düşməni" olmayıb. Nəticədə gənc alimin işinə xitam verilib. O, elmlər namizədi də oldu, elmlər doktoru da. Neçə-neçə kitabı işıq üzü gördü. Dövlət mükafatı laureatı adını aldı. 1973-cü ildən ömrünün sonunadək Milli Elmlər Akademiyası ilə bağlı oldu. Azərbaycan ədəbiyyatının inkişafında bir alim kimi xidmət göstərdi. Onlarla elmlər namizədinin, elmlər doktorunun yetişməsində əmək sərf etdi. Bütün bu illər ərzində onu izləyən təqibdən, təzyiqdən, bəzən də xəyanətdən yan ötmədi. Onu tanıyanlar danışırlar ki, Qasım Qasımzadənin yaradıcılığı da, şəxsiyyəti də, fəaliyyəti də həmişə bir-birini tamamlayırdı. Bütün bunlara görə də o, pisliklərə qalib gəlməyi bacarırdı. Təəssüf ki, atası Xansuvar bəy kimi, o da ömrünün son illərini ağır xəstəliklə başa vurdu.
Xalq şairi Xəlil Rza Ulutürk yazırdı: "Biz Qasımzadəni həmişə ön cərgədə görmüşük, Azərbaycan poeziyasının, ictimai, elmi fikrinin ön axarında görmüşük. O, hücumçu idi. Onun qəzəbində qəribə bir təmkin yaşayır, təmkinində isə qəzəb və məhəbbət əkizdir".
Poeziyasında torpaq məhəbbəti, bahar təravəti duyulan Qasım Qasımzadə həqiqətən o şairlərin sırasında dayanan ləyaqət sahiblərindən biri olub ki, özü ilə sözü arasında sıx bağlılıq var idi. Şairin qələm dostları, xüsusilə də mərhum tənqidçi Yaşar Qarayevin bu mənada fikri çox maraqlıdır: "Qasım Qasımzadə şeirlərini ürək qanı ilə bənövşə yarpağına yazırdı. Onun şeirlərini Azərbaycan haqqında yazılmış ən yaxşı şeirlər sırasına daxil etməyə haqq verən də budur".
Qasım müəllim həyatda necə təmiz,
alicənab, mərd, sözübütöv,
həssas insan idisə, onun
könlündən qopan şeirlərində
də bu sübh şəfəqliyi,
saflıq öz əksini
tapmışdı. Həyatın, zamanın, dövrün
bir çox
keçilməzliyindən qalib
çıxan, həmişə öz
şəxsiyyətini qoruyub
saxlamağı bacaran Qasım Qasımzadənin
təbiətindəki ağayanalıq, nəsildən gələn
nəcabət bütün
yaradıcılığında iz
salıb.
Səndən ayrılanda, dağlar, cavandım,
İndi görüşünə qoca gəlmişəm.
Qayğılar üstümə düşdü - talandım,
Üzümə üz tutub borca gəlmişəm.
Qasım müəllimin ailəsində üç oğul böyüyüb - Fəxrəddin, Xansuvar və Nəriman. 1984-cü ildə unudulmaz şair yazıb:
Üç oğlum var idi - çox gördü tale,
Cəllad baltasını çaldı belimdən -
Özü ata olan qəşəng siftəmi
Bir göz qırpımında aldı əlimdən.
Qəfil söndü yanan şamım,
Bürcü töküldü qalamın.
Qızlar, gəlinlər ağlasın,
Bacısı yoxdur balamın.
Bu, alovlanıb pörşələnən atanın ağısıdır, naləsidir. Sinəsinə dağlar çəkilən Qasım Qasımzadə bu ağır dərdi də qəlb köynəyinə bükərək onun nisgilində öz ömrünü belə əritdi.
Son dərəcə həssas və kövrək təbiətə malik olan Qasım Qasımzadənin poeziyasında elegiyalar çoxdur. Dünyasını vaxtsız dəyişmiş Məsud Əlioğluya, Vaqif İbrahimə, Sevil Qazıyevaya ünvanladığı poetik duyğularında öz həyatından gələn bir hüzn də duyulmaqdadır. Onun şeirlərində oğlu Fəxrəddinin ədəbi həyatı başlayır. Ömrünün sonuna kimi ciyərparasının mənəvi diriliyini poeziyada axtaran, çəkdiyi oğul müsibəti ilə bağlı mükəmməl şeirlər yazan Qasım Qasımzadə sanki üzləşdiyi qadalardan, bəlalardan və ölümdən intiqam alırdı. Tənqidçi Qulu Xəlilov onun barəsində yazırdı ki, Qasım Qasımzadə öz təmkininə, müdrikliyinə və nikbinliyinə görə ən yüksək zirvədə dayanmağa layiqdir.
Hələ sağlığında bir sıra şeir kitabları Moskvada və Bakıda nəşr olunan Qasım Qasımzadənin əsərləri bir çox xalqların dillərinə tərcümə edilmiş, Polşada, Bolqarıstanda, Türkiyədə, İraqda, İranda çapdan çıxmışdır.
Onun poeziyasına xas olan bir məziyyət də bundan ibarətdir ki, bu şeirləri oxuduqca sanki gözəlliyə səyahətə çıxırsan. Şeirlərindəki bu ruh Qasım Qasımzadə poeziyasına təbiilik və xəlqilik gətirib. Xüsusilə də uşaqlar üçün yazdığı şeirləri lakonikliyi, yığcamlığı və yadda qalmaq xüsusiyyəti ilə seçilir. Şeirlərinə Azərbaycanın görkəmli bəstəkarları mahnı bəstələyiblər. "Şuşa Qarabağın zümrüd tacıdır" deyən Qasım Qasımzadə ədəbiyyatımızın, poeziyamızın əbədi qeydiyyatında olan böyük bir şairdir. Əlbəttə, zamanın ümmanına düşən damlalar itsə də, söz mülkündə kərpic-kərpic zəhmət çəkənlərin əməyi unudulmamalıdır. Bu mənada, Qasım Qasımzadə kimi şairlərin bənövşə yarpağına yazılmış şeirləri hər səhər doğulan günəşə bənzəyir.
Amma kaş ki
bu Günəş dağları
aşıb sönməyəydi...
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2010.- 3 iyul.- S.
7.