"Hissiz yazmaq söz mülkünə
zərbədir"
Ötən əsrin 60-cı illərindən
başlayaraq dövri mətbuatda bir-birindən maraqlı məqalələri,
publisistik yazıları, təmsil və hekayələri,
"Qayanın tənha daşı", "Ağ
yağış" şeir kitabları, Milli Akademik Dram
Teatrında 100 dəfədən çox oynanılmış
"Gəl Novruzum" pyesi əsasında hazırlanan
tamaşası ilə ədəbi-ictimai mühitdə
özünü tanıtmış, Azərbaycan
Yazıçılar və Jurnalistlər Birliyinin üzvü
Salam Cavadlının 60 yaşı tamam olur.
Yaradıcılığa doğulub boya-başa çatdığı Zəngilanda başlayıb. Hələ orta məktəbin aşagı siniflərində oxuyarkən ilk şeirləri dərc olunan və onu erkən yaşlardan seçilmişlərdən edən "Kənd həyatı" (indiki "Zəngilanın səsi") rayon qəzetinə necə bağlanıbsa, bir an belə doğma qəzetdən ayrılmayıb, ən çətin məqamlarda, ən dar günlərdə belə bu qəzetin sadiq əməkdaşına, bəzən, sözün tam mənasında, həm yaradıcısına, həm də fəhləsinə çevrilib. Indi əməkdaşlarının didərginlik günlərini yaşadığı doğma qəzetin ayda bir dəfə işıq üzü görməsinin bütün ağırlığı 15 ildir ki, Salam Cavadlının üzərinə düşür. O, qəzetin nəşrini müntəzəm olaraq təmin edir.
Salam Cavadlı yaradıcılığına bəlli olanlar onun şeirlərinin birində ifadə etdiyi "hissiz yazmaq söz mülkünə zərbədir" fikrinə nə qədər sadiq qaldığına heç vaxt şübhə etməzlər. Onun yaradıcılığının əsas leytmotivi saflıq, düzgünlük, yaşamağın ədalət prinsipləri üzərində köklənməsidir. Vətən, yurd, doğma torpaq sevgisinin tərənnümü S.Cavadlı şeirlərindən qırmızı xətlə keçir.
Həyatda bir çox uğurlara imza atsa da, daha çox yaradıcılıq uğurlarını əbədi qazanc hesab edir. Təltif olunduğu Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi mükafatı və "Mətbuatda fədakar əməyinə görə" diplomu da sonuncu uğurları deyil.
Zəngilan Rayon İcra
Hakimiyyətində məsul vəzifədə
çalışan Salam Cavadlı doğma torpaqlara, Qarabağa, 1993-cü ildən mənfur
düşmənlər tərəfindən didərgin
salındığı Zəngilana qayıtmaq arzusu
ilə yaşayır. Ölkə rəhbərliyinin müdrik siyasətinin uğurla
həyata keçirilməsində yorulmaz
fəaliyyətini də məhz möhtəşəm
qayıdışa həsr edəcəyinə inam
hissi onu bir an tərk etmir. Yaradıcılığında bu inamı ifadə edən misraların Vətəni
tərənnüm mahnılarına çevriləcəyi gün də daha uzaqda deyil!
Azərbaycan.- 2010.- 3
iyul.- S. 7